DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ, FİNLANDİYA VƏ İSVEÇ ARASINDA RAZILIQ ƏLDƏ OLUNUB

Türkiyə, Finlandiya və İsveçin NATO-nun Madrid zirvə toplantısında imzalanan Üçtərəfli Memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın paytaxtı Helsinkidə keçirilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, danışıqlar zamanı Daimi Birgə Mexanizmin iş prinsipləri müəyyən edilib, Üçtərəfli Memorandumda qeyd olunan öhdəliklərin icrası ilə bağlı proseslər nəzərdən keçirilib, gələcəkdə atılacaq konkret addımlar müzakirə edilib.

Bildirilir ki, Finlandiya və İsveç Üçtərəfli Memorandumda terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq içində çalışmaq, Türkiyə milli təhlükəsizliyinə bütün təhdidlərə qarşı mübarizə aparmaq, xüsusilə PKK, PYD, YPG və FETÖ terror təşkilatlarına dəstək verməməyi öhdəlik olaraq üzərinə götürüb.

Eyni zamanda, mexanizm çərçivəsində qarşıya qoyulan məsələlərlə bağlı konkret irəliləyişə nail olmaq üçün müvafiq qurumlar arasında texniki səviyyədə əməkdaşlığın intensivləşdirilməsi razılaşdırılıb.

 

RUSİYA QIRICILARINI KRIM YARIMADASINDAN ÇIXARIB

Krımda baş verən son partlayışlar fonunda Rusiya öz döyüş təyyarələrinin qayğısına qalmaq qərarına gəlib. Bu barədə “Teleqraf.com” saytı “Business Insider” nəşrinə istinadən xəbər verib.

“Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hərbi hava qüvvələrini geri çəkə bilər”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, Rusiya artıq 10 təyyarəsini yarımadadan öz ərazilərinə aparıb. Bunlara 6 ədəd “SU-35S” və 4 ədəd “MiQ-31BM” hərbi təyyarəsi daxildir.

Eyni zamanda, məqalədə Sevastopol yaxınlığındakı “Belbek” aerodromunun əhəmiyyətindən bəhs edilir: “Bura Ukraynanın cənubu və Qara dənizdə hava dəstəyinin təmin edilməsi üçün əsas nöqtə olaraq qalır”.

Məlumata əsasən, aerodromda 32 Rusiya qırıcısı yerləşdirilib. Bunların əsas hissəsi “SU-27”lərdən ibarətdir. Aerodromda həmçinin az sayda “SU-35S” və “MiQ-31BM”lər də var.

 

İTALİYA QAZLA BAĞLI FÖVQƏLADƏ PLANINI YENİLƏYƏCƏK

İtaliya gələn həftə qazla bağlı fövqəladə planını yeniləyəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi İtaliya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, yenilənmiş fövqəladə vəziyyət planı Rusiyadan qaz nəqlinin daha da azaldılması və ya tamamilə dayandırılması halında daha sərt tədbirlərin görülməsini nəzərdə tutur.

Rəsmi Roma artıq 2022-ci ilin ikinci yarısında dövlət və şəxsi yaşayış binalarında istilik temperaturlarının 1 dərəcə aşağı salınması ilə bağlı tədbirlər görüb. Ötən il İtaliya idxal etdiyi qazın 40 faizini Rusiyadan alıb və bu qazdan elektrik enerjisi istehsal olunur.

Bununla yanaşı, mənbə bildirib ki, hökumətin alternativ tədarükçülər tapmaq səyləri yayda idxal olunan Rusiya qazının payını təxminən 18 faizə endirib. Lakin hökumət ölkədə fəaliyyət göstərən şirkətləri və vətəndaşları istehlak qiymətlərinin artımından qorumaq üçün bu il bir sıra tədbirlərə 52 milyard avro xərcləyib.

 

KEÇMİŞ PREZİDENT KORRUPSİYA FAKTLARINI ETİRAF ETDİ

Qarşıdan gələn seçkilərdə yenidən namizədliyini irəli sürən Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva lideri olduğu İşçi Partiyasında hakimiyyəti dövründəki korrupsiya faktlarını etiraf edib. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, 2018-2019-cu illərdə Lula da Silva korrupsiya ittihamı ilə 580 gün müddətinə həbsdə qalıb və bu, onun o vaxtkı seçki yarışında iştirakına mane olub.

Eyni zamanda, Lula da Silva özü də dəfələrlə günahsızlığından danışaraq, siyasi məqsədlər üçün ədalətdən sui-istifadənin qurbanı olduğunu bəyan edib.

Bununla yanaşı, Luiz İnasio Lula da Silva dövlət başçısı seçiləcəyi təqdirdə, korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyinə, o cümlədən dövlət idarəçiliyində daha çox şəffaflığın təmin edilməsinə söz verib.

 

FRANSA VƏ ƏLCƏZAİR İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRDƏ YENİ SƏHİFƏ AÇIR

Əlcəzair prezidenti Əbdülməcid Tebbun və bu ölkəyə avqustun 26-da səfər edən fransalı həmkarı Emmanuel Makron təxminən bir il davam edən gərginlikdən sonra ikitərəfli münasibətlərdə yeni səhifə açmaq barədə razılığa gəliblər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Əbdülməcid Tebbun çıxışında Emmanuel Makronla ikitərəfli əməkdaşlığa dair bir çox məqamları, eləcə də iki ölkə arasında hörmət və maraqlar balansı fonunda əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etdiklərini bildirib. Emmanuel Makron öz növbəsində vurğulayıb ki, səfərinin əsas məqsədlərindən biri diqqəti ikitərəfli münasibətlərin gələcəyinə yönəltməkdir.

“Bizim mürəkkəb və ağrılı ortaq tariximiz var. Bu, gələcəyə baxmağımıza mane oldu. Biz tarixçilərlə birgə müstəmləkə arxivləri üzərində işləmək üçün komitə yaratmağa qərar verdik”, - deyə Fransa prezidenti vurğulayıb.

Qeyd edək ki, Əlcəzair və Fransa dörd tarixi mövzu, xüsusilə Fransa hakimiyyətinin illərdir verməkdən imtina etdiyi Əlcəzair arxivləri və Parisdəki Antropologiya Muzeyində xalq inqilabı liderlərinin kəllə sümüklərinin qaytarılması ilə bağlı danışıqlar aparır.

 

ALEKSANDR VUÇİÇ KOSOVO İLƏ BARIŞIĞIN MÜMKÜN OLMADIĞINI BİLDİRİB

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ilə barışığın mümkün olmadığını bəyan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, dövlət başçısı bu barədə ABŞ-ın Qərbi Balkan üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar və Avropa İttifaqının Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçakla görüşündən sonra bildirib.

“Kosovo ilə avtomobil nömrələri və bəzi daha böyük problemlərlə bağlı konsensusa gəlmək mümkün deyil”, - deyə Aleksandr Vuçiç bildirib.

Dövlət başçısı Kosovodakı serblərin gələcəyini təmin edəcəklərini də diqqətə çatıdırıb: “Qarşıdakı günlərdə xalqımız üçün əmin-amanlığın bərqərar olması və qorunub saxlanması üçün daha çox çalışacağıq”.

Xatırladaq ki, Kosovo hökuməti iyulun sonunda serblər də daxil olmaqla hər kəsdən Kosovo şəxsiyyət vəsiqələrini və avtomobil nömrələrini tələb edəcəyini açıqlayıb. Kosovodakı serblər buna reaksiya verərək ölkənin şimalındakı sərhəd-keçid məntəqələrini bağlayıb və bu səbəbdən ölkədə gərginlik artıb.

 

BÖYÜK BRİTANİYA RUSİYA ENERJİSİNDƏN TAMAMİLƏ İMTİNA EDİB

Cari ilin iyun ayında Böyük Britaniya ilk dəfə olaraq Rusiyadan enerji idxalından tamamilə imtina edib. 2021-ci ildə Rusiya qazı Böyük Britaniya idxalının təxminən 4 faizini, Rusiya nefti isə 11 faizini təşkil edib. “Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata əsasən, iyun ayında Rusiyadan digər malların idxalı da 33 milyon funt-sterlinqə düşüb və 1997-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə çatıb.

Bundan öncə Böyük Britaniya ilin sonuna qədər Rusiya neftinin idxalını tamamilə dayandırmağı və mümkün qədər tez Rusiya qazının alınmasından imtina etməyi öhdəsinə götürmüşdü.

Eyni zamanda, “The Spectator” nəşri isə bildirib ki, İngiltərə Rusiyadan neft idxalını dayandırdıqdan sonra onu üçüncü ölkələr vasitəsilə almağa başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.