“Respublika”-ya cavab verirlər
Gündəm

“Respublika”-ya cavab verirlər

Azərbaycan dövlətinin əhalinin sosial-maddi durumunu, həyat və iş şəraitini daha da yaxşılaşdırmaq baxımından fundamental irəliləyişə nail olmasına rəğmən, bəzi bölgələrdə, qəsəbə və kəndlərdə mərkəzi və yerli icra hakimiyyətlərinin, bəzi məmurların laqeydliyi, səhlənkarlığı ucbatından müəyyən sosial problemlər hələ də qalmaqdadır. Həmin problemlər əhalini narahat edir, onlar qəzetimizə müraciət edərək bu çatışmazlıqların tənqid olunmasını və cavabdeh qurumların nəzərinə çatdırılmasını xahiş edirlər.

"Respublika" qəzeti həyatın müxtəlif sahələrində mövcud olan problemlərlə bağlı tənqidi yazılara öz səhifələrində geniş yer ayırır. Müxbirlərimiz rastlaşdıqları neqativ halları işıqlandırmaqla müvafiq qurumların diqqətini məsələnin müsbət həllinə istiqamətləndirməyə nail olurlar. 

Sevindirici haldır ki, əlaqədar qurumlar tənqidi çıxışlara biganə qalmır, problemlərin həlli yollarını axtarır, araşdırır və qəzetimizə cavab yazırlar. Aldığımız belə cavablardan bir neçəsini olduğu kimi dərc edirik.

Qəzetdə dərc olunmuş Nərimanov rayonunun bir sıra ərazilərində zibil konteynerlərinin vaxtlı-vaxtında təmizlənməməsi, antisanitar vəziyyət və məişət tullantılarının ərazidə xoşagəlməz mənzərə yaratması barədə "fotoreplika"ya baxılmışdır.

Bildiririk ki, görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd olunan yerlərdə və eləcə də digər ərazilərdə zəruri təmizlik işləri yerinə yetirilmiş, bütün konteynerlər yuyulub təmizlənmiş, dezinfeksiya edilmiş və digər profilaktik tədbirlər həyata keçirilmişdir.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, rayon ərazisindən məişət tullantılarının daşınıb zərərsizləşdirilməsini Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdində fəaliyyət göstərən "Kommunal Xidmətlər Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti yerinə yetirir. Qarışıq tullantılar gündə bir dəfə olmaqla gecə saatlarında, təkrar emala yararlı tullantı materialları isə gündə iki dəfədən az olmayaraq daşınıb zərərsizləşdirilir. Fotoşəkil gecə saatlarında çəkilmiş və qısa müddət sonra həmin tullantı materialları "Kommunal Xidmətlər Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daşınaraq zərərsizləşdirilmişdir.

Bu kimi halların təkrarlanmamasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verilmişdir.

Elgin HƏBİBULLAYEV,

Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı.

***

Bildiririk ki, Tovuz rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye ve sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə "Azərişıq" ASC tərəfindən Tovuz EŞ-nin xidməti ərazisində aşağıdakı işlər görülmüşdür:

Rayon ərazisində 110/35/10 kV-luq 2x25 MVA gücündə "Qovlar" yarımstansiyası və 110/35/6 kV-luq 2x20 MVA gücündə Tovuz yarımstansiyası tikilmişdir. Yaxın günlərdə istismara veriləcəkdir. 35/6 kV-luq "Ağdam" və 35/10 kV-luq "Yanıqlı" yarımstansiyaları əsaslı təmir olunmuşdur.

Tovuz EŞ-nin xidməti ərazisində olan EVX-də və KTM-də, o cümlədən də Aşağı Quşçu kəndində 10/0,4 kV-luq EVX-də və KTM-də mütəmadi olaraq təmir-bərpa işləri aparılır. Belə ki, son illərdə Aşağı Quşçu kəndinə 2 ədəd yeni KTM, 20 ədəd 10 kV-luq metal dayaq, 30 ədəd 04 kV-luq metal dayaq quraşdırılmış, istismara yararsız 32 ədəd dayaq və dayaqlararası naqillər yeni SİP dayaqlarla, dayaqlararası naqillər 900 m 4x35 SİP kabellə dəyişdirilərək istifadəyə verilmişdir. 6 ədəd KTM-də cari təmir aparılmış, çəpərləmə işləri yerinə yetirilmişdir.

Qeyd edək ki, "Respublika" qəzetində "Tovuzun bərbad elektrik təsərrüfatı" sərlövhəli məqalədə göstərilmiş Tovuz rayonunun Əsrik Cırdaxan kəndinin elektrik təsərrüfatı 1976-cı ildə qurulub istifadəyə verilmişdir. Kəndin elektrik təsərrüfatının yenidən qurulması üçün layihə hazırlanmışdır.

Rayonun Ağdam, Papaqçılar, Səfərli, Qandallar, Qaradaş və Əyyublu kəndlərində 10;6/0,4 kV-luq şəbəkə və KTM-lər tamamilə yenidən qurulmuş, Əlimərdanlı kəndinin açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində 0,4 kV-luq ÖİN tipli kabel xətləri çəkilmişdir.

Gələcəkdə Aşağı Quşçu, Azaflı, Bayramlı, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində 10/0,4 kV-luq şəbəkənin və KTM-in yenidən qurulması planlaşdırılır.

Xahiş edirik, nəzərə alasınız.

Niftalı QASIMOV,

Tovuz RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri.

***

Sizin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən Şəmkir Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin  Kür filialının baxımsız vəziyyətdə olması barədə ünvanladığınız müraciət müvafiq qaydada araşdırılmışdır.

Araşdırma zamanı sözügedən müəssisənin əsaslı təmir olunması ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə aidiyyəti üzrə müraciət olunduğu müəyyən olunmuşdur.

Aynur ABDULLAYEVA,

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.