İdman: Daim Zirvələrdə
İdman

İdman: Daim Zirvələrdə

Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb. 

59 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız  macarıstanlı Tamara Dollakla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun üçüncü yer uğrunda görüşdəki rəqibi ABŞ-ı təmsil edən Cennifer Rocers olacaq.

Millimiz ilk oyunda qələbə qazanıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununu keçirib.

Yığmamızın Türkiyə kollektivi ilə qarşılaşdığı yarışın əsas vaxtı 5:5 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan millisi (3:1) yekunda qələbə qazanıb. Komandamız növbəti matçını sentyabrın 20-də Rumıniyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də başlayacaq.

"Grace of Nature" beynəlxalq turniri

Naxçıvanda ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" beynəlxalq turnir keçiriləcək.

Gimnastika üzrə təşkil olunacaq ilk beynəlxalq yarışda Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 300-dək idmançı çempion adı uğrunda mübarizə aparacaq. İdmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər. Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatalanı təmsil edən gimnastlar da qoşulacaqlar. İki gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.  Qeyd edək ki, yarış hər gün saat 10:00-da başlayacaq.

İdmançımız birinci olub

Rusiyanın Moskva şəhərində atçılığın dresaj növü üzrə cavan atların Avrasiya çempionatı keçirilib.

Yarışda ölkəmizi Aydın Əlibəyov təmsil edib. O, bütün rəqiblərini geridə qoyaraq mütləq çempion adını qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".