DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TOKAYEV BİRLƏŞMIŞ ŞTATLARI MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİ HƏDƏLƏMƏMƏYƏ ÇAĞIRIB

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorkda Cozef Bayden və Mərkəzi Asiya ölkələrinin başçıları ilə görüşündə ABŞ prezidentini nüvə silahının olmadığı Mərkəzi Asiya ilə bağlı protokolu ratifikasiya etməyə çağırıb. “Report” agentliyinin Qazaxıstan mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu protokolu ratifikasiya etmiş dövlətlər Mərkəzi Asiya ölkələrinə qarşı nüvə silahından istifadə etməyəcəklərini və onları hədələməyəcəklərini öhdəliklərinə götürüblər.

Tokayev qeyd edib ki, bu addım regionun nüvəsiz statusunun institutsionallaşdırılması prosesini tamamlayacaq, həmçinin nüvə tərk-silahı və yayılmaması üçün beynəlxalq səylərdə mühüm mərhələ olacaq.

Xatırladaq ki, Mərkəzi Asiya şimal yarımkürəsində nüvə arsenallarının yerləşdirilməsinin qadağan olunduğu yeganə regiondur. Protokol Çin, Rusiya, Fransa və Böyük Britaniya tərəfindən ratifikasiya edilib. ABŞ yeganə nüvə dövləti olaraq qalır ki, protokolu imzalasa da, ratifikasiya etməyib.

RUSİYA, ABŞ VƏ ÇİN NÜVƏ SINAĞI MEYDANÇALARINI GENİŞLƏNDİRİR

Rusiya, ABŞ və Çin son onilliklər ərzində özlərinin nüvə sınaq meydançalarında yeni obyektlər tikib və yeni tunellər qazıblar. “Trend”in xəbərinə görə, bunu adıçəkilən ölkələrin nüvə sınaq meydançalarından əldə olunan peyk görüntüləri təsdiqləyir.

Məlumata əsasən, üç böyük nüvə dövləti arasında gərginliyin ən yüksək həddə çatdığı son onilliklər ərzində ABŞ, Çin və Rusiyanın qaçınılmaz nüvə sınağına hazırlaşdığına dair heç bir sübut olmasa da, peyk görüntüləri sınaq meydançalarının cəmi bir neçə il öncəsi ilə müqayisədə genişləndiyini göstərir.

Bunlardan biri Çinin qərbində Sincan əyalətində, digəri Rusiya tərəfindən Şimal Buzlu Okean arxipelaqında, digəri isə ABŞ-ın Nevada səhrasına fəaliyyət göstərir.

Eyni zamanda, peyk görüntüləri son bir neçə il ərzində dağların altında yeni tunellərin qazıldığını, yeni yolların və saxlama obyektlərinin inşa edildiyini, eləcə də sınaq meydançalarına daxil olan və çıxan nəqliyyatın hərəkətin artdığını əks etdirir.

MƏRAKEŞİN FRANSA MEDİASINDAKI QALMAQALA CAVABI GECİKMƏDİ

Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş iki fransalı jurnalistin deportasiya edildiyini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, mətbuat katibi jurnalistlərin ölkəyə turist kimi daxil olduqlarını, peşələrini bəyan etmədiklərini və icazə almadıqlarını bildirib.

Mustafa Baytaş qeyd edib ki, sözügedən jurnalistlərin qanuna uyğun olaraq ölkələrinə geri göndərilməsi normaldır. Hökumət sözçüsü həmçinin əlavə edib ki, fransalı jurnalistlərin Mərakeşdəki zəlzələ ilə bağlı yaydıqları xəbərlərin bir qismi obyektiv olmasa da, onlara təzyiq göstərilməyib.

Qeyd edək ki, Mərakeş Milli Mətbuat Şurası sentyabrın 20-də ölkədə baş vermiş zəlzələ ilə bağlı xəbərlərində pozuntular müşahidə etdiyi Fransanın “Charlie Hebdo” jurnalı və “Liberation” qəzeti ilə bağlı şikayət ərizəsi verdiyini açıqlayıb.

“Liberation” Mərakeş kralı VI Məhəmmədin Fransanın yardım təklifinə cavab verməməsinə istinadla “Şəxsən mən heç nə hiss etmədim” sözlərinin qeyd olunduğu karikatura dərc edib. Nəşrin birinci səhifəsində isə mərakeşli zəlzələ qurbanları ələ salınıb.

ABŞ-NIN OHAYO ŞTATINDA UÇAN TAKSİ İSTEHSAL EDƏN ZAVOD TİKİLƏCƏK

Bir zamanlar Rayt qardaşlarının uçuş aparatlar işləyib hazırladıqları Ohayo çayı vadisində tezliklə ən yeni şaquli uçuş və eniş funksiyalı elektrik uçuş aparatları istehsal olunacaq. Trend-in məlumatına görə, ştat ilə "Joby Aviation" kaliforniyalı şirkət arasındakı sazişdə 2025-ci ilə qədər Deyton beynəlxalq hava limanı bölgəsində 56 hektarlıq ərazidə aerotaksi istehsalının təşkili nəzərdə tutulub.

Futuristik şaquli qalxma və eniş funksiyalı elektrik uçuş aparatları (eVTOL) izdihamlı şəhərlərdə birgə səyahətlər üçün alternativ vasitə qismində dünya bazarlarına yol tapır.

Ohayo ştatındakı "Joby Aviation" zavodunda ildə 500-ə qədər səssiz uçuş aparatı istehsal olunacaq, bu da 2 minə qədər iş yeri yaratmağa imkan verəcək.

Ohayo ştatı, ştatın iqtisadi inkişafı üzrə "JobsOhio" korporasiyası və yerli investorlar layihənin dəstəklənməsinə təqribən 325 milyon dollar ayırıblar.

BMT BAŞ KATİBİ: BƏŞƏRİYYƏT ARTIQ “CƏHƏNNƏMİN QAPILARINI” AÇIB

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə hərəkətləri problemin miqyasına görə cılızdır: bəşəriyyət artıq “cəhənnəmin qapılarını açıb” və “təhlükəli və qeyri-sabit dünyaya” doğru irəliləyir. “Trend” agentliyi BMT-nin saytına istinadən xəbər verir ki, baş katibin sözlərinə görə, heç nə dəyişməsə, dünya 2,8 dərəcə Selsi temperatur artımına yaxınlaşacaq.

“Dəhşətli istilər dünyaya fəlakətli təsir göstərir. İndi insanlar qorxu içində sel və daşqınların pərişan fermerlərin məhsulunu məhv etdiyini, isti temperaturun xəstəliklər törətdiyini və yanğınların meşələri yandırıb kül etdiyini izləyirlər”, - deyə baş katib əlavə edib.

Bununla yanaşı, Antonio Quterreş qazıntı yanacaqlarından milyardlar qazananların xəsisliyi ucbatından itirilmiş vaxtı kompensasiya etməyə çağırıb. O təklif edib ki, bu yanacaq növlərindən ən çox faydalanan ölkələr emissiyaları azaltmaq üçün daha çox iş görsünlər.

Hələ ötən ilin noyabrında Quterreş bildirmişdi ki, son səkkiz il tarixdə ən isti il olub. Onun sözlərinə görə, iqlim dəyişikliyi ildırım sürəti ilə baş verir və planetimiz “fəlakət siqnalı göndərir”.

ABŞ 15 MINƏ YAXIN ƏFQANA MÜVƏQQƏTİ QORUMA STATUSU VERƏCƏK

Amerika Birləşmiş Ştatları  hazırda ölkədə yaşayan təxminən 14600 əfqana müvəqqəti qoruma statusu veriləcəyini açıqlayıb. “TRT” telekanalının xəbərinə görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin əfqan qaçqınlarla bağlı bəyanatında qeyd olunur.

Açıqlamaya əsasən, sözügedən status 15 mart 2022-ci il ilə 20 sentyabr 2023-cü il tarixləri arasında ölkəyə daxil olan əfqan qaçqınlara şamil ediləcək.

Bununla yanaşı, hazırda ABŞ-də müvəqqəti himayə altında olan 3100 Əfqanıstan vətəndaşının statusu 18 ay müddətinə uzadılacaq.

ABŞ-nin daxili təhlükəsizlik naziri Alexandro Mayorkas qeyd edib ki, nazirlik bu müvəqqəti humanitar yardım vasitəsilə Əfqanıstan vətəndaşlarına dəstəyini davam etdirəcək.

Xatırladaq ki, nazirlik sentyabrın 21-də hazırda ölkədə olan daha 472 min venesuelalıya müvəqqəti qoruma statusu veriləcəyini açıqlayıb.

İLON MASK TÜRK DİLİNİ BİLƏN İŞÇİ AXTARIR

“SpaceX” şirkəti Türkiyədə “Starlink” internet xidmətini istifadəyə verməyə hazırlaşır. ABŞ-də yerləşən şirkət bu məqsədlə türk dilini bilən “Starlink” nümayəndəsi axtarır. “Teleqraf.com”un verdiyi xəbərə görə, “SpaceX” şikərti müştəri xidmətləri üzrə iş elanları dərc edib.

Məlumata əsasən, şirkət Türkiyədə peyk internet infrastrukturunu təmin etmək üçün  türk, həm də ingilis dillərini bilən kadr axtarışına başlayıb.

İş elanında əmək haqqı da açıqlanıb. Müvafiq olaraq 10 saatlıq iş üçün gündə 220 və 245 dollar təklif olunur.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskla görüşündə Türkiyənin kosmik proqramının həyata keçirilməsi çərçivəsində “SpaceX” ilə əməkdaşlığın mümkünlüyünü açıqlamışdı.