Müqəddəs amal uğrunda
Digər xəbərlər

Müqəddəs amal uğrunda

Azərbaycan xalqı demokratik dövlət quruculuğunda inamla irəliləyir. Çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalmış xalqımız vətənpərvər və mərd övladlarının mübarizəsi nəticəsində dövlətimizin varlığını qoruyub saxlamış, bu yolda neçə-neçə şəhidlər vermişdir. Xalqımız vətən yolunda canını qurban verən şəhidlərinin xatirəsi ehtiramla yad edir. Şəhidlərin və onların ailə üzvlərinin statusu dövlət səviyyəsində də öz həllini tapıb. 3 sentyabr 1993-cü ildə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanun qəbul edilib. Bu Qanuna görə Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan faktiki olaraq Azərbaycana qarşı açıq və ədalətsiz təcavüzə  başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycan Respublikasının sərhədlərini pozub  Qarabağa daxil oldular və Qarabağda yerləşən erməni separatçıları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-1994-cü illərdə Azərbaycanın Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal olundu. 20 mindən çox insan qətlə yetirildi, 50 mindən artıq yaralandı və şikəst oldu. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı oldu, fundamental insan haqlarından məhrum edildi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu.

Buna cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlandı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: "Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir".

Müharibə itkisiz olmur. Vətən müharibəsində bir çox Azərbaycan oğulları şəhid oldular. İftixar hissi ilə demək olar ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid sözü daha da müqəddəsləşdi və ideallaşdı. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi  bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə "Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli Sərəncam imzaladı. Həmin Sərəncamda qeyd olunur ki, "Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaəti yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri uca tutulur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin. Bu Sərəncamına əsasən Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edildi. Eyni zamanda, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər. Dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydu. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial media səhifəsində Vətən müharibəsində həlak olmuş şəhidlərlə bağlı paylaşımda qeyd etdi ki, Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçiblər. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir: "Bu gün mən ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!". Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündə demişdir: "Əziz bacılar, qardaşlar, nənələr, babalar, mən bir daha sizə öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa-dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır".

İkinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutur. Azərbaycan tərəfi dəfələrlə Ermənistan Respublikasının 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan etmişdir.

Münaqişənin sülh yolu ilə həll edilməsinə mane olan Ermənistan qəsbkar siyasətini hələ də davam etdirməkdədir. Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan dövlət sərhədinin Naxçıvan, Kəlbəcər, Laçın, Zəngilan və s. istiqamətlərində genişmiqyaslı təxribatlar törədirdilər. Azərbaycanın əzəli torpağı olan Xankəndinin guya Ermənistana aid olması barədə şayiələr uydururdular. Ürəkağrısı ilə qeyd edilməlidir ki, son günlər erməni separatçılarının törətdikləri təxribatlar nəticəsində də şəhidlərimiz oldu. Dövlətimiz həmin separatçıları susdurmaq məqsədilə sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı. Ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılar darmadağın edildi. Qarabağ erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da  Azərbaycanın diktə etdiyi şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.

İftixar hissi ilə qeyd edilməlidir ki, şəhidlərə ehtiram milli ideologiyamızın, təfəkkürümüzün tərkib hissəsinə, dövlət siyasətinə çevrilmişdir. Dövlət səviyyəsində Vətən müharibəsi şəhidlərinin anım gününün müəyyən olunması dövlət başçısı cənab İlham Əliyevin şəhidlərə ehtiramının, şəhid ailələrinə rəğbətinin təzahürüdür. Hər il sentyabr ayının 27-də şəhidlərin anılması ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsinə, onların mənəvi zənginləşməsinə səbəb olur.   

Şəhidlərimizin uyuduqları torpaq and yerimiz, qibləgahımız, səcdəgahımız, qan yaddaşımız, can yaddaşımızdır. Şəhidi şəhid edən ölüm deyil, vətən uğrunda fədakarlıqdır. Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik.

 

Kamran ƏSƏDOV,

Bakı şəhəri Qaradağ Rayon

Məhkəməsinin hakimi.