İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Cüdoçumuz birinci olub

Azərbaycanın gənc cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında çempion olub.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ABŞ təmsilçisi Cek Yonezukanı məğlub edərək  qızıl medal qazanıb. Yarışın ilk günündə Nizami İmranov (60 kiloqram) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.

Gimnastika üzrə Bakı çempionatı

Gimnastika üzrə 28-ci Bakı çempionatının açılış mərasimi keçirilib. Dövlət Himni səsləndirildikdən sonra yarışa start verilib.

Bakı çempionatında "Ocaq Sport" Klubu (Bakı və Hövsan bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Zabrat və Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar iştirak edirlər.

İdmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında paytaxtın ən güclüsü adı uğrunda mübarizə aparırlar. Üç gün davam edəcək yarışda gimnastlar yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə hərəkətlər nümayiş etdirəcəklər. Bakı çempionatı oktyabrın 7-dək davam edəcək.

Klublarımız ilk dəfə keçiriləcək Avropa Kubokunda

Çimərlik voleybolu tarixində ilk dəfə Avropa Kuboku (Beach Volley European Cup) keçiriləcək.

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarış Türkiyənin Balıkesir şəhərində baş tutacaq. 5-8 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda Azərbaycan iki komanda ilə təmsil olunacaq. Qadınların yarışında "Azərreyl", kişilərin mübarizəsində isə "Murov AZ Terminal" komandası kubok uğrunda yarışacaq. Hər iki komanda A qrupunda mübarizə aparacaq. "Azərreyl" klubu "Beinasko" (İtaliya), "RE Beach Club" (Fransa), "Berqştrand" (Avstriya), "Altinyurt" (Türkiyə) komandaları ilə bir qrupda yer alıb. "Murov Az Terminal" komandası isə "Beinasko" (İtaliya), "ABC Vörterse" (Avstriya), "Valensiya" (İspaniya) və "Kartal Anadolu Spor" (Türkiyə) klubları ilə yarışacaq.

Azərbaycan millisi Qitə ikincisidir

Bakıda kəmər güləşi üzrə 3-cü Avropa çempionatına yekun vurulub. Çempionatda Azərbaycan millisi Avropa ikincisi olub.

Yarışı 30 medalla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub. Qeyd edək ki, Azərbaycan idmançıları qitə çempionatında 1 qızıl, 6 gümüş və 23 bürünc medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".