DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

HƏMAS-IN SADƏCƏ ALTI KOMANDİRİ İSRAİLƏ HÜCUM HAQDA MƏLUMATLI OLUB

HƏMAS hərəkatının yüksək rütbəli liderlərinin yalnız məhdud dairəsi ötən həftəsonu İsrailə qarşı genişmiqyaslı işğal planlarından xəbərdar olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu HƏMAS liderlərindən biri Əli Barake “Assoşieyted Press” agentliyinə bildirib. Onun sözlərinə görə, sadəcə altı HƏMAS komandiri “sıfır saat” haqda məlumatlı olub.

Eyni zamanda, Əli Barake hücumun HƏMAS komandirləri tərəfindən təxminən bir ildir planlaşdırıldığını, hətta qruplaşmanın ən yaxın müttəfiqlərinin belə hücumun vaxtı barədə əvvəlcədən məlumatlandırılmadığını iddia edib.

Ə.Bərake İran və “Hizbullah”ın əvvəllər HƏMAS-a kömək etdiyini vurğulayıb, lakin əlavə edib ki, 2014-cü ildə Qəzza müharibəsindən bəri HƏMAS raketlərini özü istehsal edir və döyüşçülərinə təlim keçir.

Bununla yanaşı, Əli Barake iddia edib ki, hətta HƏMAS rəhbərliyi hücumun “uğurlu” olacağına əmin olmayıb, çünki İsrailin hücumu tez bir zamanda lokallaşdıra və irəliləyişin qarşısını ala biləcəyini gözləyib.

Əli Barake HƏMAS-ın İsraillə uzunmüddətli müharibə aparmağa hazır olduğunu, təkcə Qəzzada 40 min döyüşçünün, eləcə də kifayət qədər raket arsenalının olduğunu dilə gətirib.

MİSİR SƏRHƏDDƏKİ KEÇİD MƏNTƏQƏLƏ

RİNİ BAĞLAYIB

Misir Qəzza zolağı ilə sərhəddə fəaliyyət göstərən sonuncu keçid məntəqəsini bağlamaq qərarına gəlib. Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Verilən xəbərə görə, rəsmi Qahirə Misirlə Qəzza zolağının sərhədində yerləşən Rəfah şəhərindəki məntəqənin fəaliyyətini dayandırıb. Misir həmçinin İsraillə sərhəddə yerləşən Taba keçid məntəqəsini də bağlayıb.

Məlumata əsasən, adının açıqlanmasını istəməyən Misirin dövlət məmuru bildirib ki, keçid məntəqəsi İsrailin istəyi ilə deyil, sülhü təmin etmək məqsədi ilə bağlanıb. Başqa mənbələr isə qeyd ediblər ki, bu addım Qəzza zolağına hücumlar nəticəsində fələstinlilərin Sinay yarımadasına qaça biləcəyindən ehtiyat məqsədilə atılıb.

Nəşrin açıqlamasına görə, Rəfah Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra tibbi yardım, qida və yanacaq, eləcə də digər zəruri malların Qəzza zolağına daşınması üçün sonuncu keçid məntəqəsi olub.

İRANDAN UKRAYNANIN VURULAN TƏYYARƏSİ İLƏ BAĞLI YENİ AÇIQLAMA

Ukrayna təyyarəsinin vurulması ilə bağlı danışıqlar ciddi nəticə verməyib, çünki bəzi ölkələr prosesə mane olurlar. “Teleqraf.com”un məlumatına görə, bu barədə “Mehr” agentliyi xəbər verib.

Bildirilir ki, İran XİN çərşənbə axşamı bəyanat yayaraq, Ukrayna, Böyük Britaniya, Kanada və İsveçin İranın diplomatik səylərinə məhəl qoymamasına səbəb olan siyasi müdaxiləni tənqid edib.

“İran nümayəndə heyəti qarşı tərəfə xoşməramlılıq və şəffaflıq nümayiş etdirmək üçün hərtərəfli hesabat təqdim etmək niyyətində idi, lakin qarşı tərəfin funksional danışıqların aparılmasında əməkdaşlıq etməməsi səbəbindən hesabat təqdim edilmədi”, - deyə İran XİN-in açıqlamasında bildirilir.

Bəyanatda həmçinin vurğulanır ki, İran beynəlxalq qaydalarla müəyyən edilmiş müddətdən əvvəl müvafiq dövlətlərin iştirakı ilə insidentlə bağlı texniki hesabat dərc edib.

Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “PS752” reysi havaya qalxdıqdan bir neçə dəqiqə sonra Tehran səmasında vurulub, nəticədə təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

Aİ, İSVEÇRƏ VƏ NORVEÇƏ SIĞINACAQ ÜÇÜN REKORD SAYDA MÜRACİƏT EDİLİB

Avropa İttifaqı, Norveç və İsveçrəyə bu il 800 mindən çox sığınacaq ərizəsi təqdim edilib. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Welt” qəzeti Aİ Sığınacaq Agentliyinin açıqlamasına istinadən məlumat yayıb. Qeyd olunur ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.

Açıqlamaya əsasən, cari ilin əvvəlindən oktyabrın 3-dək 29 ölkədə 801459 sığınacaq müraciəti edilib. Ən böyük artım Latviyada (168 faiz) və Estoniyada (119 faiz) qeydə alınıb. Bu, Belarusdan qanunsuz miqrasiyanın kəskin artması ilə izah olunur. Üçüncü yerdə Almaniya qərarlaşıb - ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 74 faiz artıb.

Bununla yanaşı, bildirilir ki, daha az müraciət Danimarka, Malta, Kipr və Avstriyada qeydə alınıb. Bu il sığınacaq üçün ən az müraciət edilən ölkə isə indiyədək cəmi 26 müraciətlə Macarıstandır.

 

QƏRB ÖLKƏLƏRİNİN İSRAİLLƏ BAĞLI BİRGƏ BƏYANATI

ABŞ, Almaniya, İngiltərə, İtaliya və Fransa liderləri birgə bəyanat yayaraq, İsraili dəstəklədiklərini və HƏMAS-ın hərəkətlərini pislədiklərini bildiriblər. Bu barədə “Report” agentliyi Ağ Ev-ə istinadən məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corcio Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ prezidenti Cozef Bayden birgə bəyanatda HƏMAS-ın hərəkətlərinin heç bir əsası və legitimliyi olmadığını qeyd ediblər.

Qərb liderləri İsrailin özünü və xalqını bu cür vəhşiliklərdən qorumaq səylərini dəstəkləyəcəklərini diqqətə çatdırıblar.

“Son günlər dünya HƏMAS-ın ailələri qətlə yetirmələrini, musiqi festivalında 200-dən çox gənci güllələməsini, hazırda girovluqda olan yaşlı qadınları, uşaqları və ailələri qaçırmalarını dəhşət içində seyr etdi. Yaxın günlərdə İsrailin özünü müdafiə etmək qabiliyyətinə malik olmasını təmin etmək üçün onun müttəfiqləri və ortaq dostları olaraq birləşmiş və koordinasiya şəklində hərəkət edəcəyik”, - deyə bəyanatda vurğulanır.

SERGEY LAVROVDAN DÜNYADA ÇOXQÜTBLÜLÜYÜN GÜCLƏNDİRİLMƏSİNƏ ÇAĞIRIŞ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünyada çoxqütblülüyün gücləndirilməsini beynəlxalq münasibətlərdəki böhrandan çıxış yolu adlandırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məqaləsində nazir qeyd edib ki, hazırda yaranan çoxqütblülük dünya əksəriyyətinin maraqlarına cavab verir.

“Dünya əhalisinin 85 faizini təşkil edən əksəriyyət qlobal nemətlərin daha ədalətli bölüşdürülməsi və sivilizasiya müxtəlifliyinə hörmət, beynəlxalq həyatın ardıcıl demokratikləşməsinin tərəfdarıdır”, - deyə Lavrov bəyan edib.

XİN başçısının sözlərinə görə, ABŞ-ın başçılıq etdiyi bir qrup Qərb ölkəsi dünyada öz hökmranlığını qoruyub saxlamaqdan narahat olaraq çoxqütblülüyün inkişafının qarşısını almağa çalışır. Lavrovun qeyd etdiyi kimi, onların yürütdüyü siyasət, beynəlxalq münasibətlərdə böhrana və qlobal münaqişə risklərinin artmasına səbəb olub.

Eyni zamanda, Sergey Lavrov bildirib ki, çoxqütblülüyün gücləndirilməsi mövcud vəziyyətdən çıxmağa kömək edəcək.

ƏKİZLƏRİNİ TERRORÇULARDAN XİLAS EDƏRKƏN HƏLAK OLAN CÜTLÜK

İsrail vətəndaşları Adar və İtay Berdiçevski adlı ər-arvad HƏMAS terrorçularının hücumu zamanı on aylıq əkizlərini xilas edə bilsələr də, özləri həlak olublar. “Trend” agentliyinin xəbərinə görə, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilir ki, cütlük İsrail ordusunun zabitləri olduqları üçün evlərində silah olub.

Bildirilir ki, HƏMAS terrorçuları evə yaxınlaşdıqda Adar və İtay əkizlərini mühafizə olunan otaqda gizlədərək, özləri döyüşçülərlə atışmağa başlayıblar. Onlar 7 döyüşçünü öldürsələr də, daha sonra digər terrorçular tərəfindən qətlə yetiriliblər.

Məlumata görə, bir müddət sonra ailənin qohumları uşaqları tapıb. Körpələr hazırda təhlükəsizlikdədir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından hücuma məruz qalıb. Son məlumatlara görə, nəticədə 1000-dən çox insan həlak olub, 3418 nəfər isə yaralanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.