İlk dəfə olaraq Olimpiya Oyunlarının yayımına azərbaycanlılar cəlb edilib
İdman

İlk dəfə olaraq Olimpiya Oyunlarının yayımına azərbaycanlılar cəlb edilib

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının çəkilişinə və yayımına azərbaycanlılar - Tahir Əliyev (yayım prodüseri) və Cavidan Şərifov (yayım rejissorunun assistenti) cəlb edilib. Hər iki mütəxəssis Bakı Media Mərkəzinin əməkdaşıdır.

Bu barədə AZƏRTAC-a Bakı Media Mərkəzinin baş prodüseri Tahir Əliyev məlumat verib.

O bildirib: "2012-ci ildə Bakıda keçirilən Avroviziya müsabiqəsinin işıqlandırılmasında uğur əldə edildikdən sonra mən 2015-ci ildən idman yarışlarının yayımı sahəsində çalışıram. Mənim bu sahədə ilk böyük layihəm 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları oldu. Daha sonra 2017-ci ildə İslam Oyunlarının, 2019-cu ildə BMX üzrə dünya çempionatının, "Tour de Azerbaijan" velosiped yürüşünün, 2020-ci il futbol üzrə Avropa çempionatının, UEFA Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələsinin matçlarının, karate üzrə dünya kubokunun qarşılaşmalarının və bir çox digər yarışların yayımında iştirak etdim. Mən bu layihələrdə yayım prodüseri kimi çalışırdım. Mən, həmçinin 2019-cu və 2021-ci illərdə BMX üzrə dünya kubokunun və Fransa çempionatının yayımında, Niderland, Avstraliya, ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrdən yayımların təşkilində iştirak etmişəm. 2021-ci ildə biz gələcəyin şəhəri olan Səudiyyə Ərəbistanının Neom şəhərindən yayımın təşkilatçıları olmuşuq. Bizi Neoma yarışın təşkilatçısı olan "Neom Beach Games" dəvət etmişdi.

Bir neçə il əvvəl Olimpiya atıcılığı üzrə yarışların çəkilişlərinə başladıq. Azərbaycan Atıcılıq Federasiyası bu yarışların yayımını bizə etibar etmişdi. Bakıda hər il bu idman növü üzrə dünya kubokunun bir mərhələsi keçirilir. Mən bu layihədə yayım prodüseri, Cavidan Şərifov isə yayım rejissoru kimi çalışır. Bu il biz atıcılıq üzrə dünya kubokunun Bakıdan yayımında iştirak etmişik. Həmçinin paytaxtımızda atıcılıq üzrə dünya çempionatı keçirildi və Bakı Media Mərkəzi bu yarışların rəsmi yayımçısı idi. Bizim yayımımız Olimpiya kanalı və dünyanın bütün iri idman kanallarında nümayiş etdirilirdi. Biz artıq iki dəfə yayım prodüseri kimi 2022-ci və 2023-cü illərdə Qazaxıstanda keçirilən atıcılıq üzrə dünya kubokunda və Asiya çempionatında işləmişik.

Olimpiya və Paralimpiya Oyunlarının yayımının təşkilatçılarının diqqətini bizim uğurlarımız cəlb etdi və nəticədə mən Olimpiya Oyunlarının yayımını təşkil edəcək prodüser kimi dəvət aldım və bununla da bu işin etibar edildiyi ilk azərbaycanlı prodüser oldum. Cavidan Şərifov isə rejissor assistenti kimi dəvət aldı. Beləliklə, idmançılarımızla yanaşı, biz də Azərbaycanı bu yarışlarda böyük fəxrlə təmsil edəcəyik".