HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİASPORU
Digər xəbərlər

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİASPORU

Dünya Azərbaycanlılarının V Qurultayı isə 2022-ci il aprel ayının 22-23-də 30 ilə yaxın erməni faşistlərinin işğalı altında olub, yenicə işğaldan azad olmuş Azərbaycanımızın dilbər guşəsi Şuşa şəhərində keçirilmişdi. İki gün davam edən Zəfər Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etmişdi. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları, daha sonra Şuşa şəhərinə yola düşmüşlər.

Əfsuslar olsun ki, totalitarizm və diktaturanın uzun sürən illəri ərzində 70 il məcburən Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-də qardaş qardaşının vətəndən kənarda olduğunu, ana doğma övladının xaricdə yaşadığını gizlədirdi. Bütün anketlərdə belə bir sual qoyulurdu: xaricdə qohumunuz varmı? Bu sual "Domokl qılıncı" kimi hər bir azərbaycanlının başı üzərində dururdu. Və bizim əksəriyyətimiz əzizlərini və qohumlarını zərbə altında qoymamaq üçün ürək ağrısı ilə "xeyr" yazırdıq. Bu səbəbdən, azərbaycanlılar xaricdə yaşayan doğmaları ilə əlaqə saxlaya bilmirdilər.

Totalitarizm dövründə yalnız bu hüquqdan ermənilər öz xeyirlərinə istifadə edirdilər. SSRİ-nin dağılmasından 50 il öncə hələ Böyük Vətən müharibəsindən bəri Sov.İKP MK Siyasi Bürosu və Sovet hökumətinin icazəsi ilə Ermənistanda erməni diasporu ilə əlaqələr üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Bu hüquqdan azərbaycanlılar, ukraynalılar, çeçenlər, pribaltikalılar və SSRİ ərazisində yaşayan digər bütün başqa xalqlar məhrum idilər.

Yalnız Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasından sonra vəziyyət dəyişdi və doğma vətənlərindən kənarda yaşayan milyonlarla azərbaycanlı ilə əlaqə qurmağa imkan yarandı. Bu işdə isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu əvəzsizdir. Hələ Naxçıvan Muxtar Respublikasının rəhbəri işləyərkən Heydər Əliyev hər il başqa ölkələrdə yaşayan azərbaycanlıların həmrəylik gününün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Ulu öndər Heydər Əliyevin bu təşəbbüsü respublika əhalisi və xaricdə yaşayan həmvətənlərimiz tərəfindən böyük razılıqla qarşılandı. Bütün bunlar hər il yeni il qabağı azərbaycanlıların təntənə ilə həmrəylik gününün qeyd olunmasına gətirib çıxardı.

İ.V.Stalinin imzaladığı SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı qətnaməsi 1947-1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi kimi qiymətləndirilir. Mir Cəfər Bağırov 100 min azərbaycanlının Ermənistandan deportasiya edilməsinə bacardığı qədər müqavimət göstərmişdir. Amma nəticədə, ÜİK(b)P MK-nın Siyasi Bürosu Bağırovun xəbəri olmadan onun "məzuniyyəti haqqında" qərar qəbul edir və 14 dekabr 1947-ci il tarixindən onu məcburi, Kreml xəstəxanasında "müalicə keçmək" bəhanəsi ilə 4,5 ay müddətinə "məzuniyyətə" göndərirlər. 23 dekabr 1947-ci ildə "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qətnamə qəbul edilir.

Deportasiya üçün lazımi vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, demək olar ki, bu, həyata keçirilməmişdir. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilmişdir. Sənəd üzərində prosesin könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü hesabına, hətta bəzən zorakılıqla həyata keçirilmişdir. Çünki bu qətnamə ÜİK(b)P MK-nın katibi və SSRİ Nazirlər Sovetinin sədri İ.V.Stalin tərəfindən imzalanmışdır. İkiüzlülüyün həddi-hüdudu yox idi, guya azərbaycanlılar tarixən, əsrlər boyu məskunlaşdıqları və yaşadıqları yerlərdən "könüllü" şəkildə Kür-Araz ovalığına köçürdülər. Yalnız Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində yaşayan azərbaycanlılar "...yoldaş Stalin deyib ki, bu könüllüdür" - ifadəsindən istifadə edib, ciddi müqavimət göstərərək onlar üçün Mingəçevirdə ayrılan əraziyə köçməmişlər.

Daha sonra Gürcüstanda yaşayan azərbaycanlıların köçürülməsinə başlandı. 11 oktyabr 1949-cu ildə ÜİK(b)P MK-nın Siyasi Bürosu "İran təbəələrinin, yəni azərbaycanlıların Gürcüstan SSR-dən Qazaxıstanın Cambul vilayətində əbədi məskunlaşmaq üçün köçürülməsi" haqqında qətnamə qəbul etdi. Qətnamədə Ermənistandan 100 min azərbaycanlının 1948-1950-ci illərdə Kür-Araz ovlağına köçürülməsi nəzərdə tutulurdu. Sənədin məqsədi xaricdə yaşayan ermənilərin azərbaycanlıların qovulduğu dədə-baba torpaqlarında məskunlaşması üçün şəraitin yaradılması olmuşdu. Bununla da öz dədə-baba yurdunda, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların tarixi faciəsinin yeni mərhələsi başlamışdır. "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRİ Nazirlər Sovetinin 4083 nömrəli xüsusi qərarına əsasən insanları Ermənistandan mal-qara üçün nəzərdə tutulmuş vaqonlarında daşıyırdılar. Biz uşaq idik və Bakı dəmir yolu vağzalına gedərək bu insanların hansı şəraitdə olmasını gözümüzlə görürdük. Biz onlara çörək, su, meyvə aparırdıq. Bütün bu hadisələr, 1947-ci ildən sonrakı dövrdə, yəni SSRİ-də ərzaq mallarına tətbiq olunan kart sistemi ləğv edildikdən sonra baş vermişdir. İnsanlar tamamilə halsız idilər, ölülərə bənzəyirdilər, sanki konslagerdən çıxmışdılar, onlar çox arıq, əyinlərindəki paltarlar isə cırıq idi. Uşaqlar ağlayırdı, onları görüb biz də ağlayırdıq.

Hazırda bir çox ölkələrdə Azərbaycan diasporunun formalaşması və təşkili Heydər Əliyevin adı ilə bağlıdır. Rəsmi səfərlə hansı ölkədə olsa, Heydər Əliyev həmişə, Azərbaycan diaspor nümayəndələri ilə görüşməyə vaxt tapırdı. Onun ABŞ-da, Almaniyada, Fransada, Belçikada, Rusiyada, Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda görüşləri xüsusilə diqqətəlayiq olmuşdur. Bu görüşlər bütün dünyaya yayılmış azərbaycanlıların milli-mənəvi səfərbərliyinə təsir edirdi. Azərbaycan dövlətinin başçısı Azərbaycan diasporunun vacibliyindən, təşkilatlanmasından danışarkən onun formalaşma istiqamətlərini də müəyyən edirdi. Bu istiqamətdə 1995-ci il dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə edilən müraciət xüsusi əhəmiyyət kəsb edir. Həmvətənlərimizə müraciət edərkən Heydər Əliyev demişdir: "Bu əhəmiyyətli gündə bir daha sizi əmin etmək istəyirəm ki, Azərbaycanın qapıları öz övladları üçün həmişə açıqdır".

Xaricdə yaşayan həmvətənlərimizin problemləri Azərbaycan Respublikası xarici siyasətinin ayrılmaz hissəsini təşkil edir. Keçmişdə bu sahədə çox səhvlərə yol verilib, indi Azərbaycan diasporunun problemləri suveren dövlətimizin xarici siyasətində əsas prioritetlərdəndir.

Dünyadakı ən güclü diasporlardan biri də erməni diasporudur. Erməni diasporları ABŞ-da, Latın Amerikası ölkələrində, xüsusən də Argentinada, Fransada, Livanda, Suriyada, İranda və s. ölkələrdə güclü maliyyə - iqtisadi mövqeyə malik olduqlarından bu ölkələrin həyatının bir çox sahələrinə təsir edirlər. Onlar daha irticaçılıqla və həyasızlıqla fəaliyyət göstərirlər ki, bu da özünü Prezidentimizin ABŞ-a rəsmi səfəri zamanı daha qabarıq göstərdi. Belə ki, erməni diasporu və erməni lobbisi bu görüşü pozmağa çalışırdılar. Onlar bir çox təşəbbüs qrupu və komitələr yaratdılar ki, ABŞ hakimiyyət dairələrinə bu səfərin təxirə salınması üçün təzyiq göstərsinlər. Lakin Azərbaycan Prezidenti Heydər Əliyev özünün siyasi məharəti ilə amerikalıları valeh, erməniləri isə məyus etdi. Erməni diasporu bir çox ölkələrdə bütün ermənilərin müdafiəsi şüarı adı altında çıxış edir. Bu məqsədlə onlar Ermənistan Respublikası ilə daim əlaqə saxlayırlar. Erməni diasporu yaşadıqları ölkələrdə, həmçinin terrorçular hazırlayıb, on illərdir türk vətəndaşlarına qarşı fəaliyyət göstərirlər. Onlar Fransada, Almaniyada, Yunanıstanda, İtaliyada, ABŞ-da və s. ölkələrdə yüzlərlə türk diplomatlarını, iş adamlarını, türkün məşhur övladlarını öldürmüşlər.

1987-1988-ci illər avantürasının lap başlanğıcında yüzlərlə erməni terrorçusu Livandan, Suriyadan və başqa ölkələrdən Azərbaycanın Qarabağ bölgəsinə göndərilmişdi. 1990-cı il yanvarın 24-də Fransanın "Dyu dillanş" jurnalı yazırdı: "Son həftə ərzində Livandan Yerevana ağır silahlarla yüklənmiş təyyarələr gəlməkdə davam edir. Bu quldur dəstələrinin başında Beyrutdan və Dəməşqdən gəlmiş erməniləri tez-tez görmək olar. Onlardan çoxu Livan terrorçuları ilə çox yaxındır. Onların əksəriyyəti sərhəd rayonlarına göndərilib, belə faktlar xarici mətbuatda yüzlərlədir".

Erməni diasporunun fəaliyyəti əsasən Türkiyəyə, Türk dünyasına qarşı mübarizə üzərində qurulub.

Bu gün Azərbaycan diasporu ölkə başçımızın rəhbərliyi ilə hər gün, hər ay, hər il güc toplayır, genişlənir və inkişaf edir. Ulu öndər Heydər Əliyevin Avropa dövlətlərinə səfərləri nəticəsində 1997-ci ilin ikinci yarısından Azərbaycan diasporunun Almaniyada, Belçikada, Hollandiyada, Danimarkada, İngiltərədə və Fransada fəaliyyəti genişlənmişdir. 1997-ci il sentyabrın üçüncü ongünlüyündə Bonnda "Azərbaycan evi" təşkil edildi, Almaniyada "Azərbaycan evi", "Azərbaycan xəbərləri" adlı qəzet nəşr edilməyə başladı. Bu qəzet oktyabrın əvvəlində demək olar ki, bütün Qərbi Avropaya yayıldı.

Heydər Əliyevin ABŞ-a rəsmi səfərindən sonra orada yarım milyonluq Azərbaycan diasporu fəaliyyətini genişləndirmiş və ABŞ-da Azərbaycan lobbisi formalaşmağa başlamışdır. İndi azərbaycanlılar kompakt halda ən çox Kaliforniya, Miçiqan, Pensilvaniya ştatlarında yaşayırlar.

ABŞ və Kanadada bir çox Azərbaycan cəmiyyətləri təşkil olunub və onlar öz vəsaitləri, könüllü yardımlar hesabına fəaliyyət göstərirlər. ABŞ-da ən böyük və nüfuzlu azəri cəmiyyətlərindən birinin qərargahı Nyu-Yorkda yerləşən "Amerika-Azərbaycan cəmiyyəti"dir. Los-Ancelesdə "Azərbaycan" və "Azərbaycan evi" cəmiyyətləri fəaliyyət göstərir və həftədə bir dəfə yerli radio ilə bir saatlıq veriliş verirlər. Ölkənin paytaxtı Vaşinqtonda "Azərbaycan mədəniyyəti ocağı" fəaliyyət göstərir və amerikalıları ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə tanış edir, habelə Azərbaycan dilində aylıq məcmuə dərc etdirir. ABŞ-da həmçinin "Bakılı", "Vətən", "Azərbaycan", "Azərbaycanın amerikalı dostları" cəmiyyətləri də fəaliyyət göstərir.

Hazırda respublikamızda Azərbaycan diasporu ilə bağlı məqsədyönlü işlər görülür. Vaxtilə ümummilli lider Heydər Əliyevin göstərişi ilə Prezident Aparatında bu məsələ ilə bağlı xüsusi bölmə təşkil edilmişdir. Biz bu işin ciddiliyini və məsuliyyətini görməli, dərk etməli, sərhədlərimizdən kənarda yaşayan həmvətənlərimizlə daim əlaqə saxlamalıyıq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xaricdə yaşayan azərbaycanlılara müraciət edərkən demişdir: "Siz yaşadığınız ölkələrin qanunlarına riayət etməlisiniz, amma heç vaxt unutmayın ki, Sizin tarixi vətəniniz Azərbaycan Respublikasıdır!".

Artıq Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 21 il keçir. Komitə geridə qalan dövr ərzində xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun təşkilatlanmasında, vahid struktur kimi formalaşmasında mühüm rol oynayıb. Azərbaycan diasporu sistemli şəkildə fəaliyyət göstərir və bu günədək bir sıra uğurlara nail olub.

Vətəndən kənarda yaşayan azərbaycanlıların birliyi, onların Azərbaycan naminə səylə və həvəslə çalışması, həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində çox böyük işlər görür.

Həm İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı təxribatların qarşısının alınmasında, həm də dünyada yaşayan azərbaycanlıların səfərbər edilərək bu prosesə cəlb olunmasında, "Xocalıya ədalət" kampaniyasının həyata keçirilməsində Azərbaycan diasporu aktiv fəaliyyət göstərir. Ölkə Prezidentinin dediyi kimi: "...50 milyonluq Azərbaycan xalqının mənəvi birliyini təmin etmək üçün çox önəmli işlər görüldü. İndi də bu istiqamətdə işlər geniş səviyyədə aparılır".

Ağalar ABBASBƏYLİ,

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin professorları.