AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Vestnik Kavkaza": Qarabağ münaqişəsi mövzusunun qapanması böyük xoşbəxtlikdir

"Vestnik Kavkaza" xəbər saytı İlham Əliyevin "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı söylədiyi fikirlərlə bağlı xəbər yayımlayıb. Yazıda dövlət başçımızın "Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir" sözləri yer alıb. Həmçinin, Böyük Qayıdış proqramının birinci mərhələsinin sonuna kimi Füzuli rayonunda 22 min, Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzurda isə 140 min nəfərin yaşayacağı qeyd edilib.

"Anadolu Agentliyi": Qarabağ münaqişəsi mövzusu birdəfəlik bağlandı

Türkiyənin məşhur "Anadolu Agentliyi" Prezident İlham Əliyevin oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü barədə məlumat yayımlayıb. Məlumatda ölkə başçımızın söylədiyi fikirlər yer alıb. Prezident İlham Əliyev bildirib ki, çoxları münaqişənin hərbi həlli olmadığını təkrarlayırdılar: "Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir".

Yazıda ölkəmizin İkinci Qarabağ savaşında əldə etdiyi parlaq qələbəsindən, həmçinin bu ilin sentyabrında Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərdən də bəhs olunub.

"Mehr news": İran ilə Azərbaycan arasında yükdaşımaların tranziti illik 40% artıb

İran dəmir yolu rəsmisi Qulamhüseyn Valadi çərşənbə axşamı bildirib ki, sözügedən dövrdə Astara Dəmir Yolu Terminalı vasitəsilə İran və Azərbaycan arasında ixrac, idxal və tranzit baxımından ümumilikdə 322 min ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 40% artım deməkdir.

O, əlavə edib ki, bu dövr ərzində Azərbaycana dəmir yolu ixracı 98 min ton, dəmir yolu tranzitinin həcmi isə 128 min ton təşkil edib.

"Daily Sabah": Türkiyə və Azərbaycan hərbi təlim keçirəcək

Oktyabrın 23-dən 25-dək "Mustafa Kamal Atatürk 2023" hərbi təliminin keçirilməsi planlaşdırılır.

Azərbaycanın paytaxtı Bakıda və Naxçıvanda keçiriləcək hərbi təlimdə iki ölkə ordusu öz bacarıqlarını nümayiş etdirəcək.

"Businesslend": "SOCAR Trading"in Çində əməliyyatlarını inkişaf etdirməsi üçün al ternativlər müzakirə edilir

"Businesslend" xəbər saytı Azərbaycan energetika naziri Pərviz Şahbazovun Çində "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşü haqqında xəbər yayımlayıb. Görüşdə "SOCAR Trading" şirkətinin Çin bazarında fəaliyyətini genişləndirmək perspektivləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin burada SOCAR-ın Çinə xam neft, neft məhsulları, neft-kimya qurğuları və eləcə də mayeləşdirilmiş qazın (LNG) tədarükü haqqında danışılıb. Eyni zamanda Dongfang elektrik korporasiyasının 230 MVt gücünə malik Qaradağ günəş enerjisi stansiyasının yaradılmasında iştirakı və Çinin Gezhouba Group Overseas Investment şirkəti ilə Azərbaycanda ümumi gücü 2 GVt olan bərpaolunan enerji üzrə əməkdaşlığı xüsusi qeyd olunub.

Sonda elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu" imzalanıb. Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpaolunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini özündə ehtiva edir.

"Respublika".