AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Anadolu Agentliyi": Azərbaycan və Özbəkistan 2024-cü il üçün hərbi əməkdaşlıq planı imzalayıb

Cümə axşamı Özbəkistanın Buxara şəhərində Azərbaycan ilə Özbəkistan arasında 2024-cü il üçün hərbi əməkdaşlıq planı imzalanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Sazişin imzalanmasından əvvəl Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Bahodir Kurbanov ilə görüşüb, iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

"Vestnik Kavkaza": Xankəndidə "Azərpoçt"un filialı açılıb

Rusiya nəşrinin Azərbaycan KİV-lərinə istinadən verdiyi xəbərə görə, Xankəndidə "Azərpoçt" MMC-nin filialı fəaliyyətə başlayıb.

Bu, "Azərpoçt"un  Xankəndidə ilk filialıdır. Poçt şöbəsi separatçı rejimin "poçt binası"nda yaradılıb.

Xatırladaq ki, oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan  bayrağını qaldırıb.

"Businesslend": Fransa dünya qanunvericiliyinin qaydalarını pozur

Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Bu barədə "Businesslend" nəşri məlumat yayıb. Xəbərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın çıxışına yer verilib. Ombudsman bildirib ki, tarix boyunca bu mənfur siyasətindən əl çəkməyən ölkələr nəinki müstəmləkəsi altında saxladığı dövlətlərin xalqlarının, hətta öz vətəndaşlarının da fundamental hüquq və azadlıqlarını pozur, özünü dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edirlər.

Konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa, həmçinin Korsika təmsilçiləri iştirak ediblər.

"CNN Business": Azərbaycan iqtisadiyyatı 60 saniyə

"CNN Business" xəbər saytı "Azərbaycan iqtisadiyyatı 60 saniyədə" adlı video paylaşıb. Videoda 2021-ci il üçün Ümumi Daxili Məhsul (ÜDM) istehsalının 54.62 milyarda çatması, əvvəlki illərə nisbətdə artım olması qeyd edilib. Xəzər dənizindəki limanların hər il 15 milyon tona qədər yük qəbul etmək qabiliyyətinə malik olması, xam neft və qaz istehsalının Azərbaycanın əsas ixracatını təşkil etməsi barədə məlumat verilib.

"Xprimm": Azərbaycanda ötən 9 ay ərzində sosial və icbari tibbi sığorta artıb

"Xprimm" iqtisadi xəbər saytı ilin 9 ayının hesabatı haqqında xəbər yayımlayıb. Yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığortası təqribən 3,7 milyard manat (~2,05 milyard avro) təşkil edib ki, bu da ötən illə müqayisədə 14% çoxdur. ÜDM-in 2,4 milyard manatı qeyri-büdcə təşkilatlarından (+14,8% illik) əldə edilib. İşsizlik üzrə sığorta haqları 132,8 milyon manata (+15,1%) çatıb. O cümlədən qeyri-büdcə təşkilatları üzrə sığorta haqları 15,1% artaraq 98,2  mln. manat olub.

İcbari tibbi sığorta isə ötən illə müqayisədə 15,3% artaraq 683 milyon manat təşkil edib. Həmçinin qeyri-büdcə təşkilatları üzrə sığorta haqları 17% artaraq 480,9 mln. manata çatıb.

"Pakistan Observer":  "Azərbaycanda halal sənaye ekosisteminin inkişafı" mövzusunda seminar keçirilib

İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı çərçivəsində "Azərbaycanda halal sənaye ekosisteminin inkişafı" mövzusunda seminar keçirilib.

Bu barədə Pakistan "Observer" xəbər saytı məlumat yayıb. Ümumilikdə, iki gün davam edən seminarda halal sənayenin ekosistemi təhlil edilib, tədbirdə İslam İnkişaf Bankına üzv ölkələrin ekosistemi inkişaf etdirən uğurlu təcrübələri barədə fikir mübadiləsi aparılıb. Dövlət və özəl sektorun nümayəndələri ilə dəyirmi masa keçirilib.

"Respublika".