MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Şahzadə Felipe" Muzeyi

İspaniyanın Valensiya şəhərinin dəbdəbəli və məşhur binalarından biri olan "Şahzadə Felipe" Muzeyi 2000-ci ildə inşa olunub. Nəhəng balıq skeleti şəklində dizayn edilən unikal binanı dünyaca məşhur ispan memarı Santyaqo Kalatrava layihələndirib. Elm və İncəsənət Şəhərciyinin tərkibində olan muzey 12 yaşdan kiçik ziyarətçilər üçün nəzərdə tutulub.

İnteraktiv muzeyin ümumi sahəsi 42 min kvadratmetrdir. Gələcəyin muzeyi adlandırılan heyrətamiz bina alüminium karkas və şüşə təbəqədən ibarətdir. Qədim təyyarələrin maketlərindən tutmuş inkubatora qədər müxtəlif eksponatların toplandığı sərgidə hər şeyə toxunmaq, eləcə də hərəkətə gətirmək mümkündür. Texnologiya və elmə həsr olunmuş bölmələrdə isə çoxsaylı psixoloji testlər, təcrübələr keçirmək üçün xüsusi otaqlar mövcuddur. Muzeyin ən çox ziyarət edilən yerlərindən biri isə "Fuko şaqulu" bölməsidir. Burada riyazi şaqul vasitəsilə yerin gündəlik fırlanması eksperimental olaraq nümayiş etdirilir ki, bu da uşaqlarla yanaşı, böyüklər üçün də son dərəcə maraqlıdır.

Çoxlu sayda sərgilər və elmi animasiyalar təşkil edən muzeyi bu günə qədər 25 milyondan çox insan ziyarət edib.

"Müqəddəs Məryəm" Kafedralı

Braziliyanın Parana əyalətinin Marinqa şəhərində inşa olunan monumental dini kompleks "Müqəddəs Məryəm" Kafedralı adlanır. Latın Amerikasındakı ən hündür katolik kilsənin ilkin layihəsinin müəllifi don Xayme Luis Koeylodur. Binanın əsas memarı Xose Aqusto Belluçi, vitrajlarının müəllifi isə Lorenz Oterrotddur. Modern üslubda layihələndirilən "Müqəddəs Məryəm" Kafedralı həm də dünyanın 16-cı ən hündür dini binasıdır.

Şəhərin hər tərəfindən görünən və nəhəng konus şəklində dizayn edilən kilsənin hündürlüyü 114 metrdir. Dini kompleksin əsas atributu isə üzərindəki 10 metrlik xaçdır. Başqa dini abidələrdən fərqli olaraq burada tavanın hündürlüyü 84 metrdir. Xarici diametri 50, daxili diametri isə 38 metr olan "Müqəddəs Məryəm" Kafedralı ümumilikdə 4700 nəfər tutuma malikdir.

1981-ci ildə təqdis edilən kilsə 1982-ci ildə Kafedral statusu alıb. Cəsarətli memarlıq quruluşu ilə seçilən Kafedral UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

"Harpa" Konqres Mərkəzi

İslandiyanın paytaxtı Reykyavik şəhərində inşa olunan "Harpa" Konsert Zalı və Konqres Mərkəzinin maraqlı tarixçəsi var. Belə ki, 2008-ci ildə ölkəni bürüyən ağır iqtisadi böhran zamanı binanın tikintisi dayandırılır, lakin ölkə rəhbərliyi inşaat işlərini dondurmur, əksinə, bütün səylərini binanın tikintisinə yönəldir. Çünki layihəni təxirə salmaq məğlubiyyəti və çarəsizliyi etiraf etmək olardı. Nəhayət, 2011-ci ildə layihə tamamlanır və çox keçmir ki, mərkəz ölkənin simvoluna çevrilir. "Henning Larsen" memarlıq bürosu və rəssam Olafur Eliasson tərəfindən layihələndirilən bina 2013-cü ildə dünyanın ən nüfuzlu "Mies van der Rohe" memarlıq mükafatına layiq görülür.

İsland dilindən tərcümədə "arfa" mənasını verən "Harpa" konsert zalının ümumi sahəsi 28 min kvadratmetrdir. Ekoloji cəhətdən təmiz materiallardan tikilən binanın hündürlüyü 43 metrdir. Yüzlərlə şüşə və polad çərçivədən hazırlanan binanın işıqlandırılması üçün enerji geotermal mənbələrdən alınır. Burada müxtəlif sayda oturacaqları olan dörd konsert zalı var. Ən böyük zal "Eldborg" adlanır və 1800-ə qədər tamaşaçı qəbul edə bilir. "Harpa" təkcə İslandiyanın ilk konsert zalı deyil, həm də ölkənin paytaxtının ikinci ən hündür binasıdır. Burada bir çox beynəlxalq konfranslar, məşhur musiqi qruplarının konsertləri və dünya səviyyəli tədbirlər keçirilir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".