AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Vestnik Kavkaza": Şərqi Zəngəzurda müvəqqəti olaraq üç şəhərcik salınacaq

Şərqi Zəngəzur iqtisadi rayonunda üç yeni müvəqqəti şəhərcik yaranacaq.

"Vestnik Kavkaza" xəbər verir ki, Azərbaycan Respublikasının hakimiyyət orqanları tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda üç şəhərcik salınması barədə qərar verilib. Yaşayış obyektlərinin tikintisi ilə bağlı 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Yeni şəhərciklər rəsmi məqsədlər üçün istifadə olunacaq. Xüsusilə, rayonun bərpasında çalışan işçilərin bu şəhərciklərdə müvəqqəti yerləşdirilməsi planlaşdırılır.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yerləşdiriləcək şəhərciklərin tikintisinə dövlət büdcəsindən 4 milyon manat vəsait ayrılıb.

"İnterfax": Rusiya və Azərbaycan neft-qaz əməkdaşlığının tranzit sektorlarda genişləndirilməsi təşəbbüslərini müzakirə edirlər

Rusiya Baş nazirinin müavini Aleksandr Novak və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov neft-qaz və elektrik enerjisi sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bərpaolunan enerji mənbələrinin inkişafı məsələlərini müzakirə ediblər.

"Rusiyanın ən böyük neft-qaz konsernləri Azərbaycanla işləyir və əməkdaşlığı genişləndirməyə hazırdır. Xüsusilə, Azərbaycanın obyektlərində Rusiya karbohidrogenlərinin tranziti və emalı ilə bağlı bir sıra yeni təşəbbüslər var. Vəzifə səylərimizi birləşdirməkdir", - Novak bu barədə Rusiya hökumətinin saytında məlumat verib.

"Emirates News Agency": BƏƏ prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

Prezident Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan oktyabrın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Bu barədə "Emirates News Agency" xəbər saytı məlumat yayıb. BƏƏ prezidenti və Azərbaycanın xarici işlər naziri iki ölkə arasında ikitərəfli əlaqələri nəzərdən keçirərək xüsusilə iqtisadi və investisiya sektorlarında əlaqələrin daha da genişləndirlməsi imkanlarını müzakirə ediblər. Tərəflər ölkələrin və onların xalqlarının ambisiyalarını dəstəkləyən strateji sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

"Business Lend": bp Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni səlahiyyətli vitse-prezident təyin edib

Business Lend xəbər saytı məlumat verir ki, bp noyabrın 1-dən etibarən Elyar Əliyevi Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə səlahiyyətli sədr müavini vəzifəsinə təyin edib. O, Böyük Britaniyaya repatriasiya edən İvonn Mak Allisteri əvəzləyib. Elyar Əliyev bp-nin Azərbaycanda səlahiyyətli əsas ümummilli rəhbəri olacaq. O, neft və yanacaq biznesində 23 ildən artıq təcrübəyə malikdir. 2013-cü ildə bp-nin Londondakı mərkəzi kəşfiyyat qrupuna göndərilib. 2018-ci ildən "Şahdəniz" və Cənub Qaz Dəhlizi layihəsi üzrə səlahiyyətli nümayəndə olub.

"Ria Novosti": Rusiya və Azərbaycan Şimal-Cənub dəhlizinin dəmiryolu marşrutunun inkişafı mə sələsini müzakirə ediblər

"Ria Novosti" xəbər saytı Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovun Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (İTC) dəmiryolu marşrutunun inkişafı məsələlərini müzakirə etməsi haqqında xəbər yayımlayıb. Qeyd edilib ki, müzakirə Şahin Mustafayevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində baş tutub. Yazıda diqqətə çatdırılıb ki, oktyabrın əvvəlində Ş.Mustafayev və A.Belousov iki ölkə arasında nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivlərini, o cümlədən Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirilməsini müzakirə ediblər.

"Respublika".