Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 35-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

31 oktyabr

  • Vətən müharibəsinin 35-ci günündə döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində uğurla davam edib.
  • Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Qubadlını artilleriya atəşinə tutan düşmənin döyüş nöqtələrinə cavab atəşi açılıb.
  • Cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarında işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd piyada döyüş maşını, iki ədəd "Smerç" və iki ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, bir ədəd "Osa" zenit raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, iki ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub: "Biz münaqişə haqqında danışırıq. Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir".
  • Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışıb.
  • Fövqəladə Hallar Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumlarını və beynəlxalq təşkilatları məlumatlandırıb.
  • m Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmağa davam edib. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb: "Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi düşmən tərəfindən artilleriya atəşinə tutulub".
  • Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib.
  • Düşmənin döyüş texnikası və canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.
  • Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsinin sıradan çıxarılmasının videogörüntüsü yayılıb.

 

"Respublika".