Mükəmməl Mürəkkəb  Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Sunac" Böyük Teatrı 

Məşhur dizayner Stiv Çiltonun memarlıq bürosu tərəfindən layihələndirilən "Sunac" Böyük Teatrı Çinin Quançjou şəhərində inşa olunub. Layihədə memar min illər boyu Çin mədəniyyətini formalaşdıran sənətkarların məskəni olan və Böyük İpək Yolunun başlanğıc nöqtəsi kimi tanınan Quançjou şəhərinin tarixini əks etdirib. O, müsahibələrinin birində "Biz regionun ənənəvi və müasir incəsənətindən ilham almışıq. Hələ Han sülaləsindən bəri mühüm ticarət limanı olan Quançjouda ipək parça istehsal edilib. Məhz bu səbəbdən də biz bu layihədə ipək parçanın qıvrımlarına bənzəyən üçbucaqlı alüminium panellərdən istifadə etmişik. Binanın fasadını isə Çin mədəniyyətində atəşi, uğuru, dinamizmi və xoşbəxtliyi simvolizə edən qırmızı rəngə boyamışıq", - deyə vurğulayıb. Fasadın üzərindəki qızılı naxışları və quş rəsmlərini çinli rəssam Zanq Honqfey hazırlayıb.

2000 tamaşaçı üçün nəzərədə tutulan bu mədəniyyət ocağının mərkəzində yerləşən geniş auditoriya 360 LED ekranla əhatə olunur. Teatrın çoxfunksiyalı "transformer" zalının müəllifləri isə belçikalı prodüsser Franko Draqon və məsləhətçi Auerbax Pollok Fridlanderdir. 10 metr dərinliyi olan hovuzun üzərində yerləşən səhnəni istənilən formaya salmaq mümkündür.

Qazax Dövlət Sirki 

Qazaxıstan Respublikasının Almatı şəhərində inşa olunan Qazax Dövlət Sirkinin tikintisinə 2001-ci ilin dekabrında başlanılıb. Astananın İnzibati Planlaşdırma və Tikintinin İnkişafı Departamentinin sifarişi ilə tikilən kompleksin layihəsinin müəllifi və memarı Tolegen Abdilin olub. Şəhərin simvoluna çevrilən Qazax Dövlət Sirki uçan boşqab şəklində dizayn edilib.

2000 tamaşaçı üçün nəzərdə tutulmuş binanın diametri 13 metrdir. Sirkin binasının ətrafında 4 mərtəbə 113 yerlik mehmanxana yerləşir. Mehmanxanada sirk administrasiyasının ofis otaqları, məşq meydançası, emalatxanalar və digər xidmət otaqlarının yerləşdiyi inzibati blok da var. Sirkdə akrobat, gimnast, illüzionist, yırtıcı, iri və xırda heyvanların təlimçiləri və klounlar fəaliyyət göstərirlər. Binada, həmçinin şir, dəvə, poni və uzunqulaq kimi heyvanların saxlandığı xüsusi otaqlar da var. Müasir standartlara cavab verən sirkin arenasında müxtəlif cihazlar və lazer şousu üçün avadanlıq mövcuddur.

Memarın vizit kartı hesab edilən bu unikal konstruksiya təkcə şəhər sakinlərinin deyil, həm də ölkəyə gələn turistlərin diqqətini cəlb edir.

"Şüşə fənər" qərargah binası 

Avropa Birliyinin Brüsseldəki yeni qərargahı 2017-ci ilin yanvarında istifadəyə verilib. "Şüşə fənər" adlandırılan tikili 1927-ci ildə neoklassik üslubda inşa olunan köhnə qərargah binasına əlavə olunub. Layihə Belçikanın "Philippe Samyn and Partners", İtaliyanın "Studio Valle Progettazioni" və Böyük Britaniyanın "Buro Happold" memarlıq bürosunun dizayner və mühəndisləri tərəfindən hazırlanıb.

Nəhəng şüşə atriumun mərkəzində fənərə bənzəyən qabarıq strukturun mərkəzində 250 nəfərlik böyük konfrans zalı yerləşir. Binanın təxminən 53 kvadratmetri ofis, 17 kvadratmetri isə digər xidmətlər üçün nəzərdə tutulub. İclas otaqlarının rəngarəng interyeri belçikalı rəssam Georges Meurant tərəfindən hazırlanıb. Yüksək ekoloji standartlara cavab verən binanın şimal-şərq hissəsinin tikintisində 3750 taxta pəncərələrdən istifadə edilib.

Hazırladı: Arzu ASİFQIZI,

"Respublika".