Sağlam həyat
Maraqlı

Sağlam həyat

Fasiləli orucun faydası təsdiq olundu

Amerikalı elm adamları fasiləli orucla bağlı araşdırma aparıblar. "Medical Xpress" veb saytının yaydığı məlumata görə, London Kral Kollecinin (KCL) alimləri 14 saatlıq orucun sağlamlıq üçün faydalı olduğunu müəyyən ediblər. Tədqiqatçılar belə qənaətə gəliblər ki, qida qəbulunun sözügedən vaxt çərçivəsində məhdudlaşdırılması əhvali-ruhiyyəni yaxşılaşdıra, enerjini artıra və arıqlamağa kömək edə bilər.

İndiyə qədər aparılan araşdırmanın nəticələri göstərirdi ki, qida qəbulunu altı saatlıq intervalla məhdudlaşdırmaq sağlamlıq baxımından çox  faydalıdır. Bu isə o deməkdir ki, əgər ilk qida qəbulu səhər doqquzda olubsa, sonuncu yemək qəbulu günorta üçdə olmalıdır. Yeni araşdırmanın nəticələri isə göstərir ki, 14 saat ac qalmaq  sağlamlığa daha çox müsbət təsir edir.

Araşdırmaya təxminən 38 minə yaxın insan cəlb edilib. Onlardan ilk həftə ərzində  həmişəki kimi qidalanmaq, sonrakı  həftələrdə isə on saatlıq yemək intervalına riayət etmələri tələb olunub. Vaxt məhdudiyyəti ilə qidalanan, lakin bunu hər gün etməyənlərin, rejimə müntəzəm riayət edənlərlə müqayisədə sağlamlıq baxımından daha az faydalandıqları müəyyən edilib. Ən çox fayda əldə edənlər təcrübədən əvvəl daha uzunmüddətli qidalanma intervalı tətbiq edənlər olub.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında İllinoys Universitetinin (ABŞ) tədqiqatçıları müəyyən ediblər ki, fasiləli aclıq 2-ci tip diabetdən əziyyət çəkən insanlara arıqlamağa və qanda qlükoza səviyyəsinə nəzarət etməyə kömək edir.

İlk dəfə tam göz transplantasiyası edilib

ABŞ-ın Nyu York Universitetində iş qəzası nəticəsində sol gözünü itirən xəstəyə dünyada ilk dəfə tam göz transplantasiyası edilib. "Muhalif" veb saytının yaydığı məlumata görə, Langone Sağlamlıq Mərkəzində  təxminən 21 saat ərzində aparılan əməliyyatda 140-dan çox tibb işçisi iştirak edib.

Qeyd olunur ki, iş zamanı 46 yaşlı Aaron Ceyms təsadüfən yüksəkgərginlikli naqilə toxunduqdan sonra elektrik cərəyanı onu vurub. Nəticədə o, sol gözünü, burnunu, dodaqlarını, ön dişlərini, sol yanağının bir hissəsini və çənəsini sümüyə qədər itirib. Əməliyyat zamanı ona göz transplantasiyası ilə yanaşı, gözün sinir regenerasiyasını gücləndirmək üçün ilk dəfə donorun iliyindən alınan yetkin kök hüceyrələr də yeridilib. Göz və qismən üz transplantasiyasından sonra Ceyms tam göz köçürülən ilk xəstə kimi tarixə düşüb.

Nəql edilən gözdə  görmənin yenidən bərpa olub-olmayacağı  hələlik bəlli deyil. Lakin  retinaya qan axınının olduğu müəyyən edilib. Əməliyyatı həyata keçirənlərdən biri Eduardo D. Rodriguez xəstənin görə bilmə ehtimalının az olduğunu desə də, estetik baxımdan belə transplantasiyanın bir uğur olduğunu ifadə edib. Tədqiqat müəllifi professor Samer Əl-Homsi isə bu prosedurda zədələnmiş hüceyrələri əvəz etmək üçün  "CD34 pozitiv"  kök hüceyrələrə üstünlük verildiyini bildirib.

Sən demə, bu qidalar...

İspaniyalı elm adamları emal edilmiş qidaların daha bir zərərini ortaya çıxarıblar. Belə ki, Barselona Universitetinin tədqiqatçıları ultra-emal edilmiş qidaların depressiyaya və beynin kiçilməsinə səbəb olduğunu müəyyən ediblər.

Alimlər iddia edirlər ki,  çips, "fast food", şirin qazlı içkilər insanlarda depressiya yaradır. Beləliklə də uzun müddət depressiyada olan insanın beyni kiçilir. Təcrübədə 152 insan üzərində müşahidə aparılıb. Respondentlər depressiya testi, MRT və iltihab analizindən keçirilib. Onlardan gündəlik yedikləri qidalar haqda məlumat əldə edilib. Nəticədə məlum olub  ki, zərərli qida ilə depressiya arasında əlaqə var. Belə ki, ultra-emal edilmiş qidalardan istifadə edənlərin beyninin sol tərəfində kiçilmə prosesinin getdiyi müşahidə olunub.

Bundan əlavə, alimlər zərərli qida yeyənlərin sağ alın payının həcmində də  kiçilmə olduğunu və beynin bu hissəsinin dadlı yeməyə qarşı idarəni təmin etdiyini ortaya çıxarıblar. Məlumat üçün qeyd edək ki, belə məhsullara qazlı şirin və energetik içkilər, yağlı qızardılmış və duzlu qəlyanaltılar, burger, naggets kimi quru qidalar daxildir. Psixoloqlar da piylənmə ilə depressiya arasında əlaqə olduğunu təsdiqləyiblər.

Popkorn sevərlərə şad xəbər

Çoxlarının, xüsusilə də uşaqların film və ya əyləncəli bir proqram izləyərkən ləzzətlə yediyi popkornla bağlı sevindirici xəbər var. Belə ki, amerikalı alimlər popkornun demans (yaddaş pozğunluğu ilə müşayiət olunan xəstəliyin ümumi adı) riskini azalda biləcəyini ortaya çıxarıblar.

ABŞ-ın Rush Universitetində aparılan araşdırmada gündə bir paket popkorn yeyən insanlarda koqnitiv funksiyaların pozulması ehtimalının daha az olduğu  müəyyən edilib. 6 illik tədqiqatda 3300 insan  izlənilib. Hər üç ildən bir onların taxıl məhsullarını  nə qədər  yedikləri ilə bağlı sorğu keçirilib. Bundan əlavə, onlara  idrak və yaddaş testlərini doldurmaq tapşırılıb. Daha sonra isə iştirakçılar  istehlak etdikləri taxıl məhsulların miqdarına görə beş qrupa bölünüb və onların balları müqayisə edilib. Nəticədə gündəlik qida rasionunda  partlamış qarğıdalı kimi tam taxıllı məhsullardan daha çox  istifadə edən insanların demans riskinin digərləri ilə müqayisədə daha az olduğu məlum olub.

Araşdırmanın nəticələri göstərib ki, bütün taxıl növləri  liflə çox zəngin olduğundan şəkərin qana keçməsini ləngidir. Bu da damarlarda tıxanma və iltihaba səbəb ola biləcək şəkər sıçrayışlarının qarşısını alaraq demansdan  qoruyur.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".