İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Taekvondoçularımız beynəlxalq turnirdə 2 qızıl medal qazanıblar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən "Balkan Cup"da 2 qızıl medal qazanıblar. Qaşim Maqomedov (63 kiloqram) və Milad Beigi Harçeqani (+87 kiloqram) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaşim Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala vəsiqə qazanıb. Taekvondoçu həlledici görüşdə italiyalı idmançı ilə də inamlı döyüşərək, qalib gəlib.

Dünya çempionu Milad Beigi Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək öz çəki dərəcəsinin ən güclüsü olub.

Şahmatçımız nüfuzlu yarışa dəvət alıb

İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva rapid və blits üzrə mundialda iştirak edəcək. O, son yarışda uğurlu nəticə əldə etdiyi üçün Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq dünya çempionatına dəvət alıb. İlin son yarışına qatılacaq digər Azərbaycan şahmatçılarının adı növbəti həftə açıqlanacaq.

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.

Doğma meydanda "Cəbrayıl"ı 4:0 hesabı ilə məğlub edən MOİK 1/8 finalda "Qarabağ"a rəqib olub. "Karvan" evdə "Difai Ağsu" komandasını 1:0, "İrəvan" isə səfərdə "Araz Saatlı"nı 4:1 hesabı ilə üstələyib. Növbəti mərhələdə Yevlax təmsilçisi "Lerik" - "Sumqayıt" duelinin, "İrəvan" isə "Kür-Araz" - "Araz-Naxçıvan" cütlüyünün qalibi ilə qarşılaşacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".