İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Parataekvondoçularımız İngiltərəyə yollanıblar

Parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-Prinin final mərhələsində iştirak edəcəklər. Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi yığma turnirdə iştirak etmək üçün sözügedən ölkəyə yola düşüb. Komandanın heyətində Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) yer alacaq. Parataekvondoçular K-44 kateqoriyasında mübarizə aparacaqlar.

Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib

Kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə 7-ci ölkə çempionatı və Bakı birinciliyi start götürüb.

Yarışda "Ocaq Sport Klubu", Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi və Balakən rayonunu təmsil edən 60 idmançı mübarizə aparıb. Nəticələrə əsasən, 2016-cı il təvəllüdlü kişi gimnastlar arasında Coşqun İgidəli ("Sumqayıt") qızıl, Rafel Musayev ("Ocaq") gümüş, Yusif Əliyev ("Zirə") isə bürünc medalın sahibi olublar. 2012-2013-cü il təvəllüdlü qadın gimnastlar arasında Jasmin Əliyeva birinci, Milana Loyko ikinci, Aylin Şahbazlı (hamısı "Ocaq" klubu) isə üçüncü yeri tutub. Qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük proqramında, eləcə də kişilər və qadınlar arasında ayrı-ayrı alətlər (kişilər - sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik; qadınlar - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) üzrə müəyyənləşiblər.

Voleybol Konfederasiyasından hakimlərimizə təyinat

Azərbaycan Voleybol Federasiyasının (AVF) beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıblar. Fuad Hacıyev CEV kubokunun səkkizdəbir final mərhələsinin matçını idarə edib. O, qadın voleybolçulardan ibarət Serbiyanın "Zeleznicar" və İtaliyanın "Reale Mutua Fenera" komandaları arasında görüşdə ikinci hakim olub.

Noyabrın 30-da isə Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış kubokunun səkkizdəbir final mərhələsində "Qalatasaray Daikin" (Türkiyə) - "Visbaden" (Almaniya) qarşılaşmasında birinci hakim vəzifəsini icra edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".