Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 33 və 34-cü günləri

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

29 oktyabr

  • Vətən müharibəsinin 33-cü günündə döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində uğurla davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
  • Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntülərini yayıb.
  • Prezident İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.
  • Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, xoş arzularını ifadə edib. Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğulayıb.
  • Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib. Düşmən xeyli itki verib, onun döyüş texnikası sıradan çıxarılıb.
  • Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq, sentyabrın 27-də başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində indiyədək düşmənin xeyli sayda döyüş texnikası, hərbi sursatı məhv edilərək sıradan çıxarılıb və qənimət götürülüb. Düşmənin ümumi itkiləri 2,7 milyard dollar dəyərində qiymətləndirilib.
  • Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub. Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaq da görüb.
  • Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib. Düşmənin döyüş meydanında atıb qaçdığı texnika və döyüş sursatının videogörüntüləri yayılıb.
  • Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub. Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak olub.
  • ANAMA-nın məlumatına əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə 13 ballistik raket atıb.
  • Bərdədə mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri, işğalçı ordunun qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilib.
  • Ermənistanın işğal olunmuş ərazilərimizdə mədəni sərvəti və əmlakı məhv etməsi və talaması ilə bağlı cinayət işi başlanıb.
  • Ermənistanın təxribatları nəticəsində həlak olan mülki şəxslərin sayı 90-a çatıb, 392 nəfər xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
  • 30 oktyabr
  • Vətən müharibəsinin 34-cü günündə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin cənub istiqamətində torpaqlarımızı Ermənistanın işğalçı ordusundan təmizləməkdə davam edib.
  • "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Prezident İlham Əliyev bu barədə özünün tviter hesabında paylaşım edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır. Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".
  • Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd Su-25 təyyarəsi, üç ədəd T-72 tankı, bir PDM, iki ədəd "Smerç" və bir ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, iki ədəd "Qvozdika" özüyeriyən haubitsası, bir ədəd "Osa" ZRK, bir ədəd P-18 radiolokasiya stansiyası, dörd ədəd avtomobil texnikası sıradan çıxarılıb.
  • Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və videoreportaj yayıb.
  • Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir "Smerç" yaylım atəşli reaktiv sistemi, Bərdə və Tərtər şəhərlərinə atəş açan düşmənin iki "Smerç" sistemi, bir ədəd "Osa" zenit-raket kompleksi bölmələrimiz tərəfindən məhv edilib. Bərdəni atəşə tutan "Smerç"in məhv edilməsinin videogörüntüsü yayılıb.
  • Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.
  • Düşmənə dəqiq zərbələr endirilməsinin, "Osa" ZRK-sının məhv edilməsinin videogörüntüsü yayılıb.
  • Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb.
  • İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu zastavalar xidməti döyüş fəaliyyətinə başlayıb.

"Respublika".