Fransanın regiondakı pozuculuq siyasəti
Siyasət

Fransanın regiondakı pozuculuq siyasəti

Fransanın xarici işlər naziri Katrin Kollona İrəvana səfər edərək yenə də ermənilərə mənəvi dəstək verir. Paşinyan Katrin Kollonadan pul, Ararat Mirzoyan isə silah istəyir.  Qoca qarı Mirzoyanla keçirdiyi mətbuat konfransında Ermənistana silahla yardım edəcəyini, attaşələrin qurulacağını, Qərbi Zəngəzurda konsolluğun açılacağını  bildirir. Fransanın müdafiə naziri "Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir" ifadəsini səsləndirir. Bu məsələdə Fransanın bir sıra digər siyasətçiləri də fəallıq nümayiş etdirirlər.

Təbii ki, bunun siyasi dəstəyin bir forması olduğunu hesab edirəm. Fransanın hərbi gücü yetərli olsaydı, Afrika ölkələrindən geri çəkilməzdi. Bu gün Makron hakimiyyəti sadəcə özünü dünya gücü kimi göstərməyə çalışır. Amma Makron hakimiyyətə gələndən sonra Fransanın beynəlxalq arenada hörməti heç vaxt olmadığı qədər aşağı enmişdir.  Həm də bu gün Fransanın daxilində sosial problemləri başından   aşır. Pensiyaların və maaşların artırılması ilə bağlı Parisdə və digər şəhərlərdə mütəmadi geniş etiraz aksiyaları keçirilir. Bu gün Fransanın özünün maliyyə yardımına ehtiyacı var. Katrin Kollonanın Fransanın sosial-iqtisadi problemləri içində boğulduğu bir vaxtda Ermənistana maliyyə və hərbi yardımdan danışması həm gülməli, həm də ağlamalıdır.  Fransa bu günə qədər də Ermənistana çox şey vəd etmişdir. Amma iş başına gələndə yaxasını kənara çəkib seyr etmək mövqeyində dayanır.   Katrin Kollonanın Ermənistana vədlərinin arxasında bir neçə məqam dayanır.

Birincisi, Fransada böyük erməni diasporu var. Ermənilər Fransada siyasi proseslərə təsir gücünə malikdirlər. Ona görə də Katrin Kollonanın Ermənistana səfər edərək vədlər verməsi Fransadakı erməni diasporunun könlünü almağa hesablanmışdır.   Digər bir sıra siyasətçilər də Fransadakı ermənilərin xoşuna gəlmək üçün fəallıq nümayiş etdirirlər.

İkincisi, Fransa vədlər verməklə Rusiyanı Ermənistandan çıxarmaq istəyir. Fransa hesab edir ki, rus hərbi bazasını çıxararaq onun yerinə fransızları yerləşdirə biləcəkdir. Bu, tamamilə yanlış siyasətdir. Çünki Rusiya Ermənistandan rahatlıqla çıxmaq niyyətində deyil. Əgər hərbi bazanın çıxarılması ilə bağlı təzyiqlər artarsa, Rusiya Ermənistana qarşı iqtisadi alətlərdən istifadə edəcəkdir.  Ermənistanın əriyi və konyakı nə Fransaya, nə də Amerikaya lazımdır. Rusiya Ermənistanla iqtisadi əlaqələrini dayandırarsa, qısa zaman kəsiyində Ermənistanda sosial-iqtisadi böhran baş verəcək və ölkəni düşəcəyi vəziyyətdən heç kim xilas edə bilməyəcək. Hətta Roma statutunun ratifikasiyasına görə ilk addım olaraq Rusiya Ermənistana verdiyi qazın qiymətini artırır. Belə təzyiqlərin əhatə dairəsi yavaş-yavaş genişlənəcək. Ermənistanın Fransaya arxalanaraq Rusiya ilə münasibətləri gərginləşdirməsindən çəkəcəyi ziyanı heç bir ölkə hesabına doldura bilməyəcək.  Sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsi Ermənistanda dövlət çevrilişini sürətləndirəcək.

Üçüncüsü isə Fransa Ermənistana hərbi yardım versə belə, Azərbaycanı heç nə qorxutmur. Ona görə ki, yardımlarla müharibə aparmaq olmur. O cümlədən Azərbaycanın hərbi gücü günü-gündən artır və bu yardımlar hesabına deyil, öz iqtisadi gücü ilə artırılır. Digər tərəfdən, Ermənistanın qərb tərəfi Türkiyədir. Əgər Fransa Ermənistanla birləşərək Azərbaycana qarşı hər hansı çirkin niyyəti həyata keçirmək istəsə, iki NATO dövləti arasında qarşıdurma yarana bilər. Bu baxımdan, Fransanın Ermənistana verəcəyi dəstəyin ancaq sözdə olacağını hesab edirəm. Azərbaycan özünün suveren ərazilərinin bütövlüyünü təmin etmişdir. O cümlədən Azərbaycanın qonşu ölkələrin ərazilərində gözü yoxdur. Bundan sonra heç bir güc Azərbaycanın iradəsini qıra bilməz.

Dördüncüsü isə Fransanın mövqeyi Cənubi Qafqaz regionunda gərginliyin artırılmasına hesablanmışdır. Fransa dünyada heç vaxt sülh yaradan olmayıb. Fransanın tarixinə baxsaq, görərik ki, bu ölkə harada olursa, orada müharibələr, istismar və talamalar hökm sürmüşdür. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında ən böyük maneə Fransadır. Dövlət başçılarının Qranada görüşü ərəfəsində Katrin nənənin İrəvana gəlişinin də sıradan bir məsələ olmadığını hesab edirəm. Katrin Ermənistana vədlər verməklə ruhlandırır və sülh müqaviləsini imzalamaqdan çəkindirməyə çalışır.  Amma bu gün sülh müqaviləsini imzalanması hamıdan çox elə Ermənistana vacibdir və prosesin uzanmasından əziyyət çəkən tərəf yenə də Ermənistan olacaqdır.

Azər BADAMOV,

Milli Məclisin deputatı.