Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Defense here": Azərbaycan Pakistandan qırıcı təyyarələr alır

Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aeronavtika Kompleksi ilə saziş imzalayıb. "Defense here" nəşri bildirib ki, bu razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir.

Müqaviləyə "JF-17C Blok-III" qırıcılarının, reaktiv təyyarələr üçün təlim və döyüş sursatlarının alınması daxildir.

Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

"Vestnik Kavkaza": Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

"Vestnik Kavkaza" xəbər verir ki, bu mərhələdə Azərbaycanın Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülüb.

Köçürülən ailələr Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-in nümayəndələri tərəfindən yola salınıb.

Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).

"TRT Russian": Macarıstan AŞPA-da Azərbaycanı dəstəkləyib

Macarıstan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin təşkilatdakı mandatına etiraz edən 2527 (2024) saylı qətnaməsinə qarşı çıxıb.

Bu barədə "TRT Russian" xəbər saytı məlumat yayıb. Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet assambleyanın prezidenti Teodor Russopulosa ünvanladığı məktubda öz etirazını bildirib.

Məktubda deyilir ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları, prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq. Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə, onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir.

Biz hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin iştirakına dərhal icazə verilməlidir və əminik ki, son debat və Nazirlər Komitəsinin bununla bağlı qərarı bu zərurəti vurğulayır.

"Yeni Şafak": Qazaxıstan prezidentinin Azərbaycana səfərinin tarixi və proqramı məlum olub

"Yeni Şafak" yazır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana dövlət səfəri edəcək. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib. Alim Bayel bildirib ki, iki günlük səfər zamanı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Səfir qeyd edib ki, Qazaxıstan Prezidenti, həmçinin Füzulidə səfərdə olacaq və burada Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirak edəcək. Alim Bayel, həmçinin Qazaxıstan liderinin səfərinin Azərbaycanda növbədənkənar Prezident seçkilərindən sonra ilk səfəri olacağını vurğulayıb.

"İnterfax": BP "Şahdəniz" yatağının şimal-şərq cinahından hasilata başlayıb

"İnterfax" xəbər verir ki, BP şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının şimal-şərq cinahından qaz hasilatına başlayıb. Bundan əvvəl şimal-şərq cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılıb və sistem bütövlükdə istismara verilib. Hazırda həmin cinahda beş quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli "Şahdəniz" qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var. Bununla yanaşı, "Şahdəniz" yatağının qurğularının hasilat gücü gündəlik təxminən 79 milyon və ya illik 29 milyard kubmetr təşkil edir.

Qeyd edək ki, 2024-cü il yanvarın əvvəlinə "Şahdəniz" yatağından (2006-cı ildən - İF) işlənməyə başladığı bütün dövr ərzində 209 milyard kubmetr qaz və 45 milyon ton kondensat hasil edilib. 2023-cü ildə isə yataqdan 26 milyard kubmetr qaz hasil olunub ki, bu da 2022-ci ilə nisbətən 4% çoxdur. Qərb, şərq-cənub, qərb-cənub və şimal-şərq cinahlarında quyular 2027-ci ilə kimi mərhələli şəkildə istismara veriləcək.

"Respublika".