Faciə qurbanlarının xatirəsi anılıb
Diaspora

Faciə qurbanlarının xatirəsi anılıb

İğdır

Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən keçirilən anım mərasimində ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Ali Ekber İpek erməni vandalizminin tarixindən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan keçmiş Qarabağ münaqişəsinin acı nəticələrindən, 2020-ci ildə baş verən 44 günlük Vətən savaşının qazandırdığı böyük Zəfərdən, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən bəhs edib. Diqqətə çatdırıb ki, Xocalı soyqırımı erməni vandalizminin xalqlarımıza qarşı törətdiyi ən ağır cinayətlər sırasındadır.

Anım mərasimində Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal tarixə XX əsrin ən böyük faciələrindən biri kimi həkk olunan Xocalı soyqırımının, erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. S.Ünsal Xocalının bütün Türk dünyasının bitməyən acısı olduğunu, türk xalqının bu ağrını hər zaman hiss etdiyini diqqətə çatdırıb. O deyib: "Azərbaycanın Qarabağ zəfəri türk dünyasının və məzlumlarının zəfəri idi. Azərbaycan haqlı mübarizəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan da bizim acımız öz acısı kimi hiss edir. Bu bizim qardaşlığımızın rəmzidir''. Dərnək rəhbəri, gələcəkdə belə hadisələrin bir daha yaşanmaması üçün türk dünyasının, Türkiyə-Azərbaycan qardaşlığının davamlı, dayanıqlı və əbədi olmasını vurğulayıb.

S.Ünsal onu da vurğulayıb ki, dünyanın gözü önündə baş verən Xocalı qətliamını heç zaman unutmadıq və unutdurmayacağıq. Çünki o gün orada axıdılan qan həm də Türkün qanıydı! "Əminliklə deyə bilərəm ki, sülhün və əminamanlığın yolu Xocalıdan başlayacaq. Çox şükürlər olsun ki, bu gün Xocalıda üçrəngli Azərbaycan bayrağı dalğalanır və Xocalı artıq azaddır''.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar çıxışında bildirib ki, bu faciə heç vaxt unudulmamalıdır. Xocalı Azərbaycan xalqının erməni silahlı birləşmələri və erməni terrorçuları tərəfindən törədilən soyqırımıdır. Xocalı soyqırımı zamanı müharibə zonasını tərk etməyə cəhd edən yüzlərlə qadın, qoca və uşaq qəddarcasına qətlə yetirilib. Həmin cinayət Ermənistanın həmin dövrdə müntəzəm silahlı qüvvələri tərəfindən törədilib. Bu cinayəti soyqırımı aktı kimi rəsmən tanımaq lazımdır. Bu təkcə, Azərbaycan xalqının deyil, həm də bizim faciəmizdir. Ədaləti təmin edən onu mütləq təyinat nöqtəsinə çatdıracaqdır, məqsəd icra olunacaqdır: "Mən Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" marafonuna diqqəti çəkmək istəyirəm. Bu, kimdənsə intiqam və ya qisas almaq deyil. Azərbaycan məhz ədalət tələb edir. Düşünürəm ki, bu məqsədə mütləq çatılacaq. Ona görə ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində çox işlər görülüb. Ədalət zəfər çalmalıdır. Bu həm də bizim, Azərbaycanla dost olan hər kəsin vəzifəsidir".

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin rəhbəri İlteriş Taşkın Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb. O, belə faciələrlə bağlı tarixi faktların gənc nəsillər tərəfindən də unudulmamasını tövsiyə edib. Çünki unutsaq, unudularıq!

Anım mərasiminin bədii proqramında Xocalı soyqırımı ilə bağlı şeirlər oxunub, "Xocalını unutmadıq, unutmarıq, unutdurmarıq", - şüarları səsləndirilib.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.