DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

Aİ UKRAYNAYA YARDIMLA BAĞLI “B” PLANINI İŞƏ SALIR

Avropa İttifaqı (Aİ) Macarıstanın baş naziri Viktor Orbanın vetosundan yan keçərək, Ukraynaya 20 milyard avroya qədər yardım ayırmaq üçün ehtiyat plan hazırlayır. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Verilən xəbərə əsasən, Aİ liderləri dekabrın əvvəlində 50 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilmədikdən sonra bununla bağlı alternativ yollar axtarışına başlanılıb. Bildirilir ki, xüsusilə borcla maliyyələşdirmə ən praktik yol kimi önə çıxarılıb.

“Bu sxem iştirakçı ölkələrin Aİ büdcəsinə zəmanət verməsini nəzərdə tutur, bu da Avropa Komissiyasına gələn il rəsmi Kiyev üçün kapital bazarlarından 20 milyard avroya qədər borc götürməyə imkan verəcək”, - deyə məlumatlı mənbə vurğulayıb.

Eyni zamanda, məqalədə bildirilir ki, sxem 2020-ci ildə Aİ-nin icmaya daxil olan ölkələrə pandemiya şəraitində iş yerlərini dəstəkləmək üçün 100 milyard avro ucuz kredit verdiyi vaxta bənzəyir.

Nəşrin yazdığına görə, bu sxemin əsas üstünlüyü ondan ibarətdir ki, o, Aİ-nin bütün üzvlərinin razılığını tələb etmir, yəni rəsmi Budapeştdən yeni veto riskini aradan qaldırır.

RUSİYA VƏ HİNDİSTAN XİN RƏHBƏRLƏRİ ARASINDA GÖRÜŞ BAŞ TUTUB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla Ukrayna və Qəzza zolağındakı vəziyyəti müzakirə edib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar danışıqların yekunları üzrə mətbuat konfransında məlumat verib.

“Biz qlobal strateji vəziyyəti müzakirə etdik, Ukrayna, Qəzza, Hind-Sakit Okean Regionu, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Əfqanıstan barədə danışdıq”, - deyə hindistanlı nazir vurğulayıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla dekabrın 27-də Moskvada tam formatlı danışıqlar aparıb.

Qeyd edək ki, Subrahmanyam Cayşankar 25-29 dekabr tarixlərində Rusiyada səfərdədir. Səfər çərçivəsində Hindistanın XİN rəhbərinin həmçinin, Rusiya Federasiyası baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovla görüşəcəyi və iqtisadi tərəfdaşlıq məsələlərini həll edəcəyi gözlənilir.

PAKİSTANIN YENİLƏNMIŞ YAYLIM ATƏŞİ SİSTEMİNİN SINAQLARI KEÇİRİLİB

Pakistan Silahlı Qüvvələri yerli “Fatah II” mənzili uzadılmış reaktiv yaylım atəşi sistemini uğurla sınaqdan keçirib. “Report” agentliyinin verdiyi xəbərə görə, “Fatah II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub.

Bildirilir ki, sistemin idarə olunan raketləri inersial-peyk yönləndirmə sistemi ilə təchiz edilib və 400 kilometrə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Bununla yanaşı məlumata görə, “Fatah” reaktiv yaylım atəşi sistemi Pakistanın “Global Industrial & Defence Solutions”  müdafiə şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. O, ABŞ-ın HIMARS sisteminin analoqu hesab olunur.

Xatırladaq ki, 150 kilometrə qədər uçuş məsafəsi olan “Fatah I” sistemi ilk dəfə Pakistanda 2021-ci ilin avqustunda sınaqdan keçirilib.

NOSTRADAMUSUN 2024-CÜ İL ÜÇÜN PROQNOZLARI YENİDƏN GÜNDƏM OLUB

Mişel Nostradamusun 2024-cü il üçün verdiyi proqnozlar gündəm olub. “Teleqraf.com”un xəbərinə görə, kahin bu barədə hələ 500 il əvvəl “Öncəgörmə” kitabında yazıb.

Nostradamus gələn illə bağlı müharibə və dəniz döyüşləri proqnozlaşdırıb və “qırmızı düşmən”dən bəhs edib. Fransız kahin yazıb: “Qırmızı düşmən qorxudan solacaq, Sakit okeanı dəhşətə gətirəcək”. Mütəxəssislərə görə, o, “qırmızı düşmən” dedikdə Çini nəzərdə tutub.

Eyni zamanda, Nostradamusun iqlimlə bağlı öncəgörməsi də diqqət çəkir. Kahinin proqnozuna əsasən, “Quru torpaq daha da quruyacaq, bu baş verəndə böyük daşqınlar olacaq”.

Nostradamus təbii fəlakətlərlə yanaşı, qlobal aclıq da proqnozlaşdırıb, zərərvericilərin dünyada böyük aclığa səbəb olacaqlarını iddia edib.

Bununla yanaşı, 2024-cü ildə böyük zəlzələnin olacağını bildirib. Böyük ziyan və can itkisinə səbəb olacaq zəlzələ üçün “Buğanın 20-ci günü” ifadəsini işlədib. Bununla may ayını nəzərdə tutduğu deyilir, dəhşətli silkələnmənin isə ABŞ-ın Kaliforniya ştatında baş verəcəyi qeyd olunur.

İSVEÇİN TÜRKİYƏYƏ TƏTBİQ ETDİYİ EMBARQO LƏĞV OLUNUB         

İsveç Türkiyəyə qarşı tətbiq etdiyi embarqonu ləğv edərək, müdafiə ixracı üçün lisenziyalar verməyə başlayıb. “Report” agentliyi xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın açıqlamasına istinadən məlumat yayıb.

“Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi. İsveçin uzun sürən embarqodan sonra Türkiyəyə müdafiə ixracı üçün lisenziyalar verməyə başladığı məlum olub”, - deyə nazir müavini bildirib.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin oktyabr ayının əvvəlində İsveç Türkiyəyə müdafiə təchizatına embarqo qoyub.

Xatırladaq ki, dekabrın 26-da Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu səs çoxluğu ilə dəstəkləyib və sənəd baxılmaq üçün Baş Assambleyaya təqdim edilib.

NƏVAZ ŞƏRİF YENİDƏN BÖYÜK SİYASƏTƏ QAYITMAQ İSTƏYİR

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif dördüncü müddətə namizədliyini irəli sürəcəyini və qarşıdan gələn parlament seçkilərində partiyanın namizədi olacağını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, üç dəfə baş nazir olmuş Nəvaz Şərif “korrupsiya ittihamı” ilə üzləşdiyi həbsdən yayınmaq üçün Böyük Britaniyada dörd il mühacirətdən sonra oktyabrda Pakistana qayıdıb.

Bildirilir ki, keçmiş baş nazir ölkəsinə qayıtdıqdan sonra apellyasiya şikayəti ilə hökm ləğv olunub və namizədliyini irəli sürmək hüququ əldə edib. Qeyd edək ki, Pakistanda yeni parlament seçkiləri fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, Nəvaz Şərif 2017-ci ildə “korrupsiya ittihamı”na görə baş nazir postunu tərk edib. Bir il sonra Londonda dəbdəbəli mənzillər alması əsas gətirilərək 10 il həbs cəzasına məhkum edilib. Həmin ilin dekabrında başqa bir ittihamla cəzasına daha 7 il əlavə olunub.

PKK-NIN RƏHBƏR ŞƏXSLƏRİNDƏN DAHA BİRİ MƏHV EDİLİB

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının rəhbərlərindən sayılan Zeynep Eyver adlı terrorçu zərərsizləşdirilib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə MİT-in açıqlamasında qeyd olunur.

Məlumata əsasən, İraqın şimalında, Süleymaniyyə bölgəsində reallaşan əməliyyat nəticəsində “Aryen Are” kod adlı Zeynep Eyverlə yanaşı, qruplaşmanın üç başçısı zərərsizləşdirilib.

Eyni zamanda, xəbər verilir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Ayn-əl-Arab, Kamışlı və Amude rayonlarında PKK-nın mövqelərini müəyyən edərək 50-yə yaxın hədəfi məhv ediblər.

Qeyd edək ki, dekabrın 22-23-də İraqın və Suriyanın şimalında keçirilən antiterror əməliyyatları nəticəsində terrorçuların xain hücumu nəticəsində 12 türk hərbçi şəhid olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.