Hərbi Prokurorluqda geniş kollegiya iclası
Sosial həyat

Hərbi Prokurorluqda geniş kollegiya iclası

Yanvarın 18-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Kollegiya iclası başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev ölkəmizdə bütün sahələrdə əldə olunan böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib.

Bundan sonra hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, əvvəlcə, çoxsaylı ciddi qlobal problemlərə, postpandemiya mərhələsi və müharibədən sonrakı dövr olmasına baxmayaraq, 2023-cü il ərzində də ölkəmizin qüdrətlənməsi və əhalinin rifahının yaxşılaşdırılması prosesinin davamlılığının təmin edilməsindən, eləcə də ötən il Azərbaycanın əldə etdiyi digər uğurlardan danışaraq, sentyabr ayında keçirilən uğurlu lokal antiterror tədbirlərini, Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Sərsəng su anbarının ərazisində Dövlət Bayrağımızın ucaldılmasını xüsusi vurğulayıb. Hərbi prokuror Xanlar Vəliyev, həmçinin, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsini qeyd edərək  bildirib ki, bununla əlaqədar Hərbi Prokurorluq orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumlarının, şəhər və rayonların rəhbər vəzifəli şəxsləri ilə birlikdə 26 tədbir keçirilib. Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qazilərə və şəhid ailələrinə xüsusi diqqət göstərilib, istər Hərbi Prokurorluqda, istər yerlərdə onlarla görüşlər keçirilərək qayğıları ilə maraqlanılıb.

Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, ötən illərdə olduğu kimi, 2023-cü ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib.

Vurğulanıb ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilən fəaliyyət düzgün qurulub, istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınan cinayətlərin ümumilikdə 99,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.  

Xanlar Vəliyev bildirib ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranan qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub.

Hesabat dövründə qeydə alınan cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2% azalıb. Eyni zamanda 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınan qəsdən adam öldürmə cinayətləri 40%, özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9%, əmri icra etməmə cinayətləri 66,7%, hərbi xidmətdən yayınma cinayətləri 33,7%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və xuliqanlıq cinayətləri 16,7% azalıb.

Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

Sonra məruzə ətrafında çıxışlar olub. Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri - ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov, ədliyyə polkovniki Mehdi Hüseynzadə, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev və Kəlbəcər hərbi prokuroru ədliyyə polkovniki Mahir Bayramov çıxış edərək hesabat dövründə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanları əməkdaşlarının ölkəmizdə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirib.

“Respublika”.