Novruz bayramı əsl həmrəyliklə qeyd olunur
Sosial həyat

Novruz bayramı əsl həmrəyliklə qeyd olunur

Mən özümü evə tez çatdırmalıyam, bu gün bayram axşamıdı axı...

Haa, müsəlmanların təzə ilidir.

Hə, həə. Novruz bayramıdır. Bu axşam gərək hamı uşaqlarını başına yığıb şadlıq eliyə...

“Dəli Kür” filmindən olan bu səhnə əslində o dövrdə ölkəmizdə Novruz ab-havasının yüksək səviyyədə qeyd edildiyini sübut edir. Xalqımızın qədimdən bu günə kimi yaşatdığı Novruz özündə həyatı, yaranışı, dirçəlişi, milli birliyi, qardaşlığı, yardımlaşmağı və gələcəyə olan ümidi əks etdirir. Bayramda ağsaqqallar, ağbirçəklər, xəstələr, kimsəsizlər ziyarət edilir, yeni ailə quran gənclərə paylar göndərilir. Bayram günü qohumların, qonşuların evinə qonaq gedilir, pay aparılır.

“Yeni gün” mənasını verən Novruzda gecə və gündüz bərabərləşir. Hər yerdə evlər, həyətlər səliqəyə salınır, əkinə hazırlıq başlayır. Bayram süfrəsinə noğul, nabat, şəkərbura, paxlava, qoğal, çərəzlər qoyulur. Yeməklərin şahı olan bayram aşı bişirilir, süfrələrə “s” hərfi ilə başlayan 7 nemət düzülür. Xalq arasında Novruz bayramında ağlamaq, qara geyinmək, yaxşı əlamət sayılmır, həmin gün küsülülər barışır. Boyanmış yumurtalar ağ, göy, yaşıl və qırmızı ilin dörd fəsli kimi yozulur. Bəzi bölgələrdə yumurtalar soğan qabığı ilə boyadılır. Qoğal günəşin, şəkərbura ayın, paxlava isə alovun və ulduzların rəmzi sayılır.

Səməni yazın gəlməsinin və bol məhsulun rəmzidir. Qədimdə insanlar səməni cücərtməklə bərəkət, bolluq arzulayırdılar. Bu bayramda həm də vəfat edənlər yada salınır. Ağsaqqallar bir qırmızı alma və boyanmış yumurta götürərək yas düşən evə gedir və həyətdə tonqal yandırırlar.

Kosa və Keçəl isə qışla yazın mübarizəsini əks etdirir. Kosa torpağın rəmzidir, həmişə sonda qalib gəlir, təbiət oyanır. Bu iki obraz meydanlarda oynayaraq bayrama rəng qatır. Novruz bayramı 30-dan çox xalq tərəfindən qeyd olunsa da onun ənənələri ən düzgün formada Azərbaycanda yaşadılır. “Kosa-Kosa” tamaşasının da ancaq Azərbaycanda keçirilən Novruz şənliklərinə daxil edilməsi də bunu göstərən sübutlardan biridir.

Bu il Novruz bayramı müstəqilliyin bərpasından sonra ilk dəfə olaraq bütöv və tam suveren Azərbaycan ərazisində qeyd olunacaq. Ötən il isə ilk dəfə doğma sakinlərinə qucaq açan Tərtər rayonunun Talış kəndində 30 ildən sonra ilk bayram keçirildi. Bu, ölkə başçısının iştirakı ilə Qarabağ kimi cənnətməkanda işğaldan azad olunmasından sonra keçirilən üçüncü Novruz bayramı idi. Ölkə başçısı ötən ilki təbrikində bunu xüsusi qeyd etmişdi:

“Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.

Artıq 4 ildir ki, Azərbaycan xalqı bu bayramı mütəşəkkilliklə, böyük coşqu və qürur hissi ilə qeyd edir. Bu bayramı digərlərindən fərqləndirən əsas amillərdən biri isə onun özünəməxsus adətlərinin olmasıdır. Ölkəmizin hər il mart ayında qeyd etdiyi Novruz bayramı həm də 4 ildir ki, xalqımızın bir yumruq ətrafında birləşməsi ilə daha da həmrəy şəkildə keçirilir.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.