İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Azərbaycan Basketbol Liqası: "Sərhədçi" və "Neftçi" qalib gəlib

Azərbaycan Basketbol Liqasında XI tura start verilib. İlk oyunda "Sərhədçi" və "Şəki" komandaları üz-üzə gəlib. Görüş paytaxt təmsilçisinin 112:82 hesablı qələbəsi ilə yekunlaşıb. Günün son matçında isə "Neftçi" "Cəlilabad"ı qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 72:63 hesablı qələbəsi ilə başa çatıb.

Ölkəmizə dağ xizəyi üzrə yarışların keçirilməsi hüququ verilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS) ünvanladığı müraciətə əsasən, "Şahdağ" Turizm Mərkəzində yamacların yoxlanışdankeçmə prosesi başa çatıb. Buna əsasən, Şahdağ Turizm Mərkəzinə dağ xizəyinin bir neçə növü və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib. Bu, həmin yarışların Beynəlxalq Xizək Federasiyasının təqviminə əlavə edilməsinə də imkan yaradır. Qeyd edək ki, prosesin keçirilməsi ilə xizək və snoubord idmançılarının ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir.

Nümayəndəmiz Avropa Kubokunun 1/8 final matçına təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb. O, qadın həndbolçulardan ibarət Avropa Kubokunun 1/8 final mərhələsinin oyununu idarə edəcək. Yarış yanvarın 20-də Bodrum şəhərində Türkiyənin "Armada Praksis Yalıkavaspor" və "Ankara Yenimahalle" klubları arasında baş tutacaq. İsgəndər Əsgərov Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".