Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": Azərbaycanda yeni radio açılır

Azərbaycanda Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib.

"Vestnik Kavkaza" xəbər verir ki, qərar Şuranın bu gün keçirilən iclasında elan olunub. İclasda iki məsələ müzakirəyə çıxarılıb. İlk olaraq, FM radio yayımının aparılması üçün ölkə ərazisində boş olan və istifadəyə yararlı radiotezliklər barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar nəzərdən keçirilib və yeni lisenziya əsasında ümumölkə yerüstü radio yayımı fəaliyyətinin aparılmasının mümkünlüyü müzakirə olunub.

Müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib. Müsabiqə ilə bağlı şərtlər Audiovizual Şuranın rəsmi veb-saytında yerləşdiriləcək və ölkənin rəsmi qəzetində dərc olunacaq.

"Media Paluba": Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün iqtisadi tədbirlər planını müəyyənləşdirib

"Media Paluba" yazır ki, Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin iclası keçirilib. Burada logistika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev nəqliyyat və logistika sənayesində irəliləyişləri müzakirə edərək beynəlxalq keçid məntəqələrinin işinin təkmilləşdirildiyini qeyd ediblər. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin və bu dəhlizin qərb marşrutunun inkişafına xüsusi diqqət yetirilib. Həmçinin yeddi əsas istiqamət - ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, enerji, mədəniyyət, humanitar məsələlər və informasiya texnologiyaları üzrə 2024-2026-cı illər üçün əməkdaşlıq və fəaliyyət planı imzalanıb.

"Anadolu Agency": Azərbaycan Aİ-nin yüksək səviyyəli diplomatını "Azərbaycana qarşı militarizasiya və təcavüzkar siyasəti qızışdırmaqda" qınayıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə nazirliyin saytına açıqlamasında Azərbaycanın Ermənistan ərazilərinə iddiaları ilə bağlı Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri, eyni zamanda ali nümayəndə kimi tanınan Josef Borrelin dediklərini rədd edib.

Bu barədə "Anadolu Agency" xəbər saytı məlumat yayıb: "Avropa İttifaqının Ali Nümayəndəsi tərəfindən faktların təhrif edilməsi Azərbaycanın qanuni maraqlarına açıq-aşkar etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartların bariz nümunəsidir". Bəyanatda belə deyilir. Diplomat vurğulayıb ki, "Azərbaycan həmişə Ermənistanla danışıqlara, sülhə, sabitliyə sadiq olub".

"Turkic World": Londonda erməni diasporunun növbəti təxribatının qarşısı alınıb

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan icması erməni diasporunun növbəti təxribatının qarşısını alıb.

Bu barədə "Turkic World" nəşri məlumat yayıb. Xəbərdə bildirilib ki, Londonun mərkəzində yerləşən məşhur Karlton Klubu "Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi" mövzusunda fevralın 5-də keçirilməsi nəzərdə tutulan tədbirə evsahibliyi etməyi planlaşdırırdı. Bu iclas qatı ermənipərəst Baronessa Karolina Koks, ona dəstək verən Lord de Moli və Ermənistanın Birləşmiş Krallıqdakı səfiri Varujan Nersesyan tərəfindən təşkil olunmalı idi. Bundan xəbər tutan Britaniya Azərbaycanlıları Cəmiyyəti Britaniya xarici işlər naziri Devid Kemerona, Lordlar Palatasının üzvlərinə, bu ölkənin Avropa və Şimali Amerika üzrə nazir Leo Dokertiyə, Britaniya XİN-in xüsusi komitəsinin rəhbəri Alisiya Kernsə, "Mühafizəkarların Səsi" təşkilatının rəhbərliyinə məktub ünvanlayıb. Qeyd olunub ki, Azərbaycana qarşı etnik təmizləmə iddiaları tamamilə əsassızdır, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin faktaraşdırıcı missiyaları Qarabağda mülki infrastruktura hər hansı ziyanın dəydiyinə və ya Azərbaycan hakimiyyəti tərəfindən erməni mülki şəxslərinin məcburi köçürüldüyünə dair heç bir fakt aşkar etməyib. Məktubda o da nəzərə çatdırılıb ki, Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamağa yaxın olduğu bir zamanda belə tədbirin təşkili iki ölkə arasında sülh perspektivlərini pozur.

Bundan sonra Karlton Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan 22 yanvar 2024-cü il tarixli rəsmi məktubda bu görüşün klubda baş tutmayacağı təsdiqlənib.

"Railfreight": Azərbaycan Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin tikintisini davam etdirir

Niderland mediası bildirir ki, Azərbaycan Zəngəzur dəhlizi istiqamətində dəmir yolunun tikintisini sürətlə həyata keçirir. Məlumatda dəmir yolu tikintisinin təxminən yarı hissəsinin bitdiyi də vurğulanır.

Qeyd edilib ki, dəmir yolu vasitəsilə Azərbaycan öz eksklavı olan Naxçıvanla əlaqə yaradacaq. Ermənistanın cənubundan sərbəst hərəkət üçün dəhlizin açılması vacibdir. Bununla yanaşı, yeni marşrutun Çindən Avropaya gedən "Orta Dəhliz" quru yolunun bir hissəsi ola biləcəyi də bildirilir.

"Respublika".