Etibarlı tərəfdaş
İqtisadiyyat

Etibarlı tərəfdaş

Ölkəmiz neft-qaz ixracatında şaxələndirilmiş infrastruktura malikdir

Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisini təmin etmişdir. Ölkəmiz ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzəryanı ölkələr öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur. Azərbaycanın beynəlxalq bazarlarda geniş şəkildə iştirakı ölkənin qüdrətini daha da artırır.

2020-ci ildə "Qarabağ" müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olaraq tarixə düşüb. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 70 milyon ton neftdən artıqdır. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində 2023-cü ildən "Avro-5" standartına uyğun dizel yanacağının istehsalına başlanılıb. Dünyanın ən zəngin qaz yataqlarından biri olan "Şahdəniz" keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların yoxluğu üzündən istismarı mümkün olmayıb, yatağın potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. Sonrakı illərdə "Ümid" və "Abşeron" yataqlarının kəşfi ölkəmizin böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq edib. Bununla da Azərbaycanın təbii resursları tarixində yeni bir səhifə açılıb.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız "Ümid" yatağının potensialı 200 milyard kubmetrə yaxındır. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" layihələrinin operatoru olan BP ilə "AÇG Gələcək Qaz" layihəsi və "Şəfəq-Asiman" qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. 2023-cü ilin iyul ayından etibarən 300 milyard kubmetrdən artıq qaz potensialı olan "Abşeron" yatağından ilk qaz və kondensat əldə edilmişdir. Bu layihə Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması kimi tarixə düşüb. Ötən ilin avqust ayında "Abşeron" qaz-kondensat yatağında 30 faiz iştirak payının Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinə satılması ilə bağlı müqavilə imzalanıb. Bu şirkətin ölkə hüdudlarından kənarda apstrim layihəsində ilk investisiyasıdır. Ötən ilin avqust ayında "Şahdəniz" yatağından 200 milyardıncı kubmetr qaz hasil edilib. Həmin il sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib. 2024-cü ildə istismara verilməsi nəzərdə tutulan bu kəmər Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək.

Artıq Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Azərbaycan üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini təxminən 4 ilə çəkmişdir. Sonra bu kəmərlə yanaşı, "Şahdəniz-1" qazını Azərbaycanın 13 rayonundan keçməklə Gürcüstana və Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum boru xəttini inşa etmişdir. Əslində Bakı-Tbilisi-Ərzurum kəməri Cənub Qaz Dəhlizinin bünövrəsi, başlanğıcı rolunu oynamışdır.

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi 2018-ci il mayın 29-da Səngəçal terminalında keçirilmişdir. Buna layihənin dörd seqmentindən ikisinin başa çatması imkan vermişdir. Belə ki, həmin vaxt "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanmış, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi sona çatmışdır. Bu mühüm hadisədən az sonra, iyunun 12-də Türkiyədə, Əskişəhərdə üçüncü seqment - TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi. 2019-cu il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində kəmərin Avropa ilə birləşən hissəsinin açılışı oldu. Dəhlizin sonuncu hissəsi olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin sonunda istismara verilib. Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması ölkəmizin əməkdaşlığa önəm verməsinin nəticəsidir. Dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.

Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edirlər. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da Cənub Qaz Dəhlizinə çoxdan maraq göstərirdilər. Azərbaycan bu ölkələrlə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Rumıniya və Macarıstan da qaz alan ölkələr sırasına qoşulub və görünən odur ki, daha çox Avropa ölkəsi Azərbaycan qazı almaqda istəklidir. Azərbaycan və Aİ arasında imzalanmış Anlaşma Memorandumunu reallaşdırmaq üçün tərəfdaşlarımızla birlikdə işləyirik. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Azərbaycan hazırda Avropanın enerji təminatında mühüm rola malikdir. Ölkəmiz istehsal etdiyi neft, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir.

Mustafa KAMAL,

"Respublika".