Güneydə Azərbaycan dilinə ögey münasibət
Güneydən səslər

Güneydə Azərbaycan dilinə ögey münasibət

Dünyada bir çox insan öz ana dilində danışa və ya təhsil ala bilmir. Doğma dildən istifadə qadağan edilməməli və ya həbsə atılmaq üçün səbəb olmamalıdır. Lakin XXI əsr olmasına baxmayaraq, hələ də bununla üzləşən xalqlar var. Əslində, çox da uzağa getmək lazım deyil. Elə öz canımızdan, qanımızdan olan Güney azərbaycanlıların üzləşdikləri haqsızlıq buna nümunədir.

Hər il fevralın 21-i İranda Ana Dili Günü kimi qeyd olunmasına baxmayaraq, hələ də həmyerlilərimiz öz dillərində sərbəst təhsil ala bilmirlər. Ümumiyyətlə, mövcud sistem təzadlarla doludur. Hələ 2013-cü ildə seçki kampaniyası çərçivəsində Şərqi və Qərbi Azərbaycan vilayətlərində etnik azərbaycanlılara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcəyi vəd olunmuşdu. Müvafiq maddəyə əsasən, məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verilir. Lakin bu vəd yerinə yetirilməyib.

Ümumiyyətlə, dilin tədrisi bir kənara, bizim ədəbiyyatımız, mədəniyyətimiz, tariximiz də süni şəkildə farslaşdırılır. Son illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars olduğunu iddia edirlər. Halbuki Nizaminin yazdığı əsərlərdə Azərbaycan torpağının bərəkəti, bahar ətri, yaşıl oylaqları aydın formada təsvir olunur. Görünür, özləri də dedikləri, irəli sürdükləri bu iddianın yalan olduğundan xəbərdardırlar. Belə ki, ötən ilin fevralında İranda Ana Dili Günü münasibətilə mötəbər media qurumunda yazı dərc olunub. Yazıda İranda milli-etnik münasibətlər zəminində maraqlı faktlara və proseslərə toxunulub. Məqalədə bir sıra alimin fikirləri də yer alıb. Belə ki, elm adamı dil probleminin olmamasından danışarkən "səhvən" qeyd edib ki, Nizami Gəncəvi, Şəhriyar və fars poeziyasının sütunları olan digər böyük şairlərin də ana dili azəri dili olub. Burada atalar yaxşı deyib: "Dil çaşar, sözün düzünü deyər". Görünür, fars professor müsahibə verməzdən öncə danışmalı olduğu və olmadığı sözlərin siyahısını yaxşı əzbərləməyib. Hissə qapılıb və həqiqətlər bir-bir deyilib. Yalançının hafizəsi olmaz deyirlər. Bu, həqiqətən də belədir. İç üzlərini açan professorun əməlinə elə Nizaminin şeiri ilə cavab vermək yerinə düşər:

Öz adına layiq işlər gör ki, sən,

Axırda utanma xəcalətindən.

Lakin unutmaq lazım deyil ki, ölkənin vəziyyəti onun təhsilindən bəlli olur. Türk dili ilə bağlı iddiaları qəbul etməyən İranın elm nazirinin müavini Mojtaba Şəriəti 2016-cı ildə elan edib ki, Azərbaycan dili və ədəbiyyatı ixtisası ali məktəblərin kurikulumuna əlavə ediləcək. Davam edən mübarizələr nəticəsində nəhayət, Təbriz Dövlət Universitetində Azərbaycan dili və əbədiyyatı adlı fakültə fəaliyyət göstərməyə başlayır. Kənardan baxanda hər şey normal görünür: güneylilər artıq öz dillərini akademik səviyyədə öyrənə, gələcəyin müəllimlərini yetişdirə bilərlər. Lakin universitetin daxilindəki vəziyyət heç də bunu göstərmir. 2016-cı ildən bu yana dəfələrlə gizlin təxribatlar aparılıb ki, bu dili bilən savadlı kadrlar hazırlanmasın. İlk mərhələdə bu sahəyə türk ədəbiyyatı ilə bağlı olmayan fars ədəbiyyatı müəllimləri rəhbərlik ediblər. 2017-ci ildə buna etiraz edən tələbələrin şüarları isə əsasən belə olub: "Biz 35 milyon türk üçün öz ana dilimizdə (türk) təhsil almaq istəyirik". Bunun ardınca onlar İranın hər yerindən türk dilində doktorluq dərəcəsi almış professorları universitetə dəvət ediblər. Tələbələr bir müddət çətin də olsa, təhsil ala biliblər. Ötən il tədris prosesinin ən qaynar vaxtında yenidən türk dili müəllimləri universitetdən uzaqlaşdırılıb. Yüksək vəzifəli professorlardan biri türk dili üzrə doktorluq dərəcəsi almasına baxmayaraq, işdən çıxarılıb. Onun yerinə fars dili və ədəbiyyatı üzrə 3 müəllim təyin edilib. Dekanlıq yenidən tələbələrin etirazları ilə üz-üzə qalıb. Gənclər bildiriblər ki, fars dili və ədəbiyyatı müəllimlərinin heç birinin dərsində iştirak etməyəcəklər.

Nədənsə, digər dillərdə təhsil alan tələbələr belə rəftarla qarşılaşmırlar. Lakin türk dilində oxuyanlar çox vaxt otaq və kabinetlərlə də təmin olunmurlar. Bu da tədris prosesinə ciddi maneələr törədir. Etiraz edən tələbələr bildiriblər ki, onların tək məqsədi türk dili və mədəniyyətini qoruyub saxlamaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".