İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Karateçilərimiz Gürcüstanda 8 medal qazanıblar

Azərbaycanın gənc və yeniyetmə karateçiləri Gürcüstanda keçirilmiş Avropa birinciliyində 8 medal qazanıblar. Yarışda 49 ölkədən ümumilikdə 1166 karateçi mübarizə aparıb. Komandamız qitəmiqyaslı yarışı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) fəxri kürsünün ilk pilləsinə qalxıblar. Cahangir Qayıbov (70 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) gümüş mükafata yiyələniblər. Yığmanın 4 üzvü - Vüsal Qəmbərov (52 kiloqram), Rəvan Abbasov (57 kiloqram), Ələddin Məlikov (63 kiloqram) və Hüseyn Məmmədli (67 kiloqram) bürünc medala sahib olublar. Bu nəticələr sayəsində Azərbaycan millisi komanda hesabında 49 ölkə arasında 7-ci yeri tutub. Həmçinin görüşləri idarə edən 2 hakim - Vüsal İsrafilov və Mais Mədətovun kateqoriyaları artırılıb.

"European Cadet Circuit" turnirində idmançılarımız uğurla çıxış ediblər

Polşanın Krakov şəhərində keçirilmiş "European Cadet Circuit" turnirində qılıncoynadanlarımız bürünc medal qazanıblar. Qızların yarışında Xədicə Həsənli fəxri kürsüyə qalxıb. Yarımfinal görüşündə turnirin qalibi olan Ukrayna təmsilçisinə 13:15 hesabı ilə uduzan şpaqaçı 200 iştirakçı arasında 3-cü yeri tutub. Mübarizəyə ən güclü "səkkizlik"dən start verən Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət Azərbaycan yığması ilk qarşılaşmada Çexiya seçməsini 45:42 hesabı ilə məğlub edib. Yarımfinalda Almaniyaya 40:45 hesabı ilə uduzan kollektiv bürünc medalla kifayətlənib.

Gimnastika üzrə birincilik keçirilib

Qarabağ Regional və Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbinin və "OCAQ SPORT" klubunun birgə təşkilatçılığı ilə gimnastika üzrə birincilik keçirilib. Bakı Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda 20 idmançı iştirak edib. Birincilikdə 2015, 2016, 2017-ci il təvəllüdlü qızlar iştirak ediblər. Sonda ilk üç yeri tutmuş idmançılara Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və "OCAQ SPORT" klubu tərəfindən kubok, medal, diplom və hədiyyələr təqdim edilib.

Nərgiz İSMAYILOVA,

"Respublika".