İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Milli komandamız Avropa çempionatında

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ölkəmizi təmsil edən yunan-Roma güləşi üzrə milli komandamız ümumi hesabda ikinci yeri tutub. Komandanın heyətində yer alan idmançılar Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala sahib çıxıb. Ümumilikdə, 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan komanda 142 xal toplayıb.

Taekvondo yığmamızın uğurlu çıxışı

Taekvondo üzrə Antalyada keçirilən Türkiyə açıq çempionatında iştirak edən Azərbaycan milli komandası daha bir medal qazanıb. Yığmanın heyətində 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev fəxri kürsüyə qalxıb. O, çempionatı bürünc medalla başa vurub. Bununla da Azərbaycan millisinin Antalyada qazandığı medalların sayı 7-yə çatıb. Daha əvvəl yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 santimetr), Məryəm Cəfərova (152 santimetr) qızıl, Murad Canəliyev (152 santimetr), Novruz Əliyev (168 santimetr), Çingiz Həsənov (172 santimetr) gümüş, Gülay Əliyeva (160 santimetr) isə bürünc mükafata sahib olublar. Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə turnirin ən yaxşı referisi seçilib.

İdmançımız bürünc medal qazanıb

İranın paytaxtı Tehranda keçirilən taekvondo üzrə "Fəcr Open" turnirində iştirak edən yığmamız ilk medalını qazanıb. Yarış G1 kateqoriyası üzrə keçirilib. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Rahid Vəliyev bürünc medala sahib çıxıb. Həmçinin millimiz bu yarışdan sonra fevralın 16-dan 19-dək Tehranda keçiriləcək G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin Kubokunda da iştirak edəcək.

Şahmatçımız beynəlxalq turnirdə ikinci olub

Azərbaycanın qadın şahmatçısı "Swiss Queens Wednesday" onlayn turnirində uğurla çıxış edib. Gülnar Məmmədova beynəlxalq yarışda gümüş medal qazanaraq ikinci yeri tutub. O, yekunda 8,5 xal toplayıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".