“Ana dili - Azərbaycan məktəbi
Diaspora

“Ana dili - Azərbaycan məktəbi"

İsrailin Kiryat Yam şəhərində fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində tədbir keçirilib

İyulun 18 də İsrailin Kiryat Yam şəhərində Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində Mərkəzin direktoru Ben Sion Şmoelovun rəhbərliyi və təşəbbüskarlığı ilə "Ana dili - Azərbaycan məktəbi" layihəsi ilə əlaqədar olaraq tədbir keçirilib. 

Bu barədə İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin məlumatında bildirilir ki‚ Diasporla İş üzrə Dövlət Komitəsinin nəşr etdirdiyi "Azərbaycan dili" dərsliyi tədbir iştirakçılarına təqdim edildi. "Azərbaycan dili" dərsliyi ilə tanış olan tədbir iştirakçıları bu dərslik əsasında Azərbaycan dilinin İsraildə təbliğ olunması istiqamətində fəaliyyət göstərəcəklərini bildirdilər.

Tədbirdə Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmoelov bildirdi ki‚ Azərbaycan xalqı ilə yəhudi xalqı hər zaman dostluq və qardaşlıq şəraitində mehriban yaşayıblar. Azərbaycanda yüksək tolerantlıq və mehriban yaşam ənənəsi var. Multikultural və tolerant dəyərlər Azərbaycan xalqının ta qədim dövrlərdən üzübəri gələn və qədimdən bu günümüzə qədər mövcud olmuş və bu gün isə Azərbaycan dövlətinin rəsmi dövlət siyasətidir. Azərbaycan xalqının ümummilli lideri‚ müasir Azərbaycan dövlətinin qurucusu‚ dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdikdən sonra bu ali dəyərlər daha da inkişaf etdirilərək rəsmi dövlət siyasətinə çevrilmiş və bu gün bu ali dəyərlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək şəkildə davam etdirilir. Xüsusən, yəhudilərə Azərbaycanda hər zaman böyük hörmət göstərilib. Biz yəhudilər hər zaman Azərbaycanı özümüzə öz doğma ana vətənimiz hesab edirik.

Tədbirdə iştirak edənlər Azərbaycanın milli adət-ənənələrindən‚ tolerant dəyərlərindən geniş söhbət açdılar. Qeyd edildi ki‚ biz Azərbaycandan hər nə qədər uzaqda olsaq da, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan dilinə, Azərbaycanın milli adət-ənənələrinə məhəbbətimiz hər zaman sonsuzdur. Biz 30-40 ildən artıq vaxtdır  İsraildə yaşasaq da‚ Azərbaycan dilini öz ana dilimiz hesab edirik.

Azərbaycan dövləti və xalqı İsrailin dostu və müttəfiqidir. Azərbaycan dövləti ilə İsrail dövləti arasındakı dostluq və qardaşlıq əlaqələrinin‚ tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmlənməli olduğu bütün tədbir iştirakçıları tərəfindən yekdilliklə qeyd edildi.

Əlavə edək ki‚ Azərbaycan Respublikasının İsrail dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Muxtar Məmmədov iyunun 14-də İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin qonağı olmuş və səfirə burada görülən işlər barədə geniş məlumat verilmişdir. İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində Azərbaycanla bağlı böyük guşə mövcuddur. Ben Sion Şmoelovun rəhbərliyi ilə burada Azərbaycan həqiqətləri və Azərbaycanın milli maraqları təbliğ olunur və dünyaya çatdırılır.

"Respublika".