O torpaqlarda ulu babalarımız yaşayıb
Digər xəbərlər

O torpaqlarda ulu babalarımız yaşayıb

XX əsrin bəlası - Deportasiya

Erməni vandalları "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq iddiasından heç vaxt əl çəkməmişlər. Haylar zaman-zaman Azərbaycan torpaqlarını işğal etmiş, müəyyən dairələrin əllərində Türkiyəyə, Azərbaycana və digər türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilmişlər. Beynəlxalq qaydaları pozmaq və azərbaycanlılara qarşı düşmənçilik mövqeyində durmaq Ermənistanda rəsmi dövlət səviyyəsinə qaldırılmışdır. Məlum olduğu kimi, erməni şovinistlərin azərbaycanlılara qarşı təcavüzkarlıq hərəkatı 1905-1906 və 1918-1920-ci illərdə daha geniş vüsət almışdır.

Qərbi Azərbaycan ərazisində məskunlaşdırılan haylar orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Qərbi Azərbaycan torpaqlarında uydurma dövlətin yaradılması məqsədilə erməni daşnaklarının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı.

Qərbi Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir. "Böyük Ermənistan" yaratmaq xülyasında olan ermənilər 1905-1907-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin vəhşilikləri Ermənistan ərazisindəki bütün Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmaması, ona düzgün hüquqi-siyasi qiymət verilməməsi üçün azərbaycanlıların mənfi obrazını yaradaraq özlərinin avantürist torpaq iddialarını pərdələdilər.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən erməni quldurları daha da fəallaşdılar. Qərbi Azərbaycandakı minlərlə soydaşımız yalnız milli mənsubiyyətinə görə məhv edildi. 1918-ci ildə ermənilər İrəvanda, Zəngəzurda, Amasiyada, Göyçədə, Vedidə, Dərələyəzdə, Zəngibasarda və digər azərbaycanlılar yaşayan ərazilərdə analoqu olmayan terror hadisələri törətdilər. Həmin ildə ermənilərin törətdiyi qanlı qırğınlar Qərbi Azərbaycanın bütün mahallarını, o cümlədən Vedibasarı da bürümüşdü. Erməni faşizminə qarşı ilk dəfə özünümüdafiə batalyonu yaradan, adı Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan görkəmli sərkərdə Abbasqulu bəy Şadlinski idi.

1920-ci ilin yayında Naxçıvan erməni-daşnak birləşmələri tərəfindən işğal edilərkən Vedi mühasirəyə düşdü. A.Şadlinski düşmən mühasirəsini yarıb camaatı Cənubi Azərbaycana keçirdi.

Naxçıvan bolşevik hökumətinin göstərişilə həmin ilin payızında geri qayıdaraq 400 nəfərlik məşhur "Qırmızı tabor"u yaratdı. Sentyabrda "Qırmızı tabor" genişmiqyaslı əməliyyat keçirdi və ayın sonuna kimi Şərur, Noraşen nahiyəsini daşnaklardan tamamilə təmizlədi. Cəsur döyüşçülər Dərələyəzi yandırıb külə döndərməkdə olan Xudapet Qaponun daşnak qoşunlarına dalbadal sarsıdıcı zərbələr endirdilər. Qısa vaxtda Dərələyəz və Zəngəzur bölgələrində kök salmış daşnak qoşunları silahı atıb təslim oldular.

1921-ci il fevralın sonu, martın əvvəlində erməni daşnak quldur dəstələri yenidən baş qaldırıb İrəvan şəhərini ələ keçirdilər. Abbasqulu bəyin taboru Qəmərli, Uluxanlı və Vedidə cəmləşən qüvvələrlə birləşərək İrəvanı erməni vandallarından təmizlədilər. Ümumiyyətlə, Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi ordu bir neçə ay ərzində Naxçıvan, Qəmərli, Vedi, Dərələyəz, Zəngəzur bölgələrini daşnaklardan azad etdi. Bu böyük şücaətinə görə Abbasqulu bəy və "Qırmızı Tabor"un 18 nəfər üzvü "Qırmızı Bayraq" ordeni ilə təltif edildi.

Ermənilər öz məkrli niyyətlərini reallaşdırmaq məqsədilə 1948-1953-cü illərdə 150 min Qərbi azərbaycanlının öz ata-baba yurdlarından zorla köçürülməsinə nail oldular. Əlbəttə, bu xəyanət toru Moskvada İ.Stalin, Molotov və digər ermənipərəst qüvvələr tərəfindən hazırlanmışdı.

Həmin dövrdə uluxanlılar da erməni xəyanətinə tuş gəldilər. Atam, anam və bir çox qohum-əqrəbam Uluxanlıdan zorla qovuldular. Ailəmiz Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşdı.

XX əsrin sonlarında ermənilər yenidən fəallaşdılar, Mixail Qorbaçovun ermənipərəst mövqeyi nəticəsində 300 minə yaxın Qərbi azərbaycanlı doğma yurdlarından deportasiya edildi.

Artıq 36 ildir ki, Qərbi azərbaycanlılar ata-baba yurdlarından ayrı düşüblər. Vətən müharibəsində cəmi 44 gün ərzində qüdrətli Azərbaycan ordusu 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimizi azad etdi. Antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Şuşada, Xankəndidə, Xocalıda və digər işğaldan azad olunmuş ərazilərimizdə bu gün üçrəngli bayrağımız dalğalanır. Qarabağda, Şərqi Zəngəzurda prezident seçkiləri keçirildi, seçkilərdə İlham Əliyev inamlı qələbə qazandı.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Tədbirdə vurğulandı ki, indi bizim ən böyük hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını reallaşdırmaqdır.

Biz heç vaxt imkan vermərik ki, faşist xislətli, "miatsum" xəstəliyinə tutulan ermənilər İrəvan şəhərində və digər ərazilərimizdə tarixi abidələrimizi erməniləşdirsinlər. O yerlərdə - Zəngi çayının nəğməli sahillərində ulu babalarımızın ayaq izləri qalıb, qəribsəmiş yurd yerlərinə qayıdacağımız gün uzaqda deyil.

Ələddin ALLAHYAROV,

Moskva şəhəri, iş adamı.