Dərələyəz...
Mədəniyyət

Dərələyəz...

(Poema)

SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qararına uyğun olaraq 1948-1953-cü illərdə qədim İrəvan torpaqlarından azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdı. Qərarda 100 min soydaşımızın "könüllü" olaraq köçürülməsi nəzərdə tutulmuş, 1954-cü ilə qədər davam edən məcburi köçürülmə zamanı isə sənəddə göstərildiyindən daha çox soydaşımız yurd-yuvasından perik salınmışdır. Köçürülən yerli əhalinin evlərində xarici ölkələrdən gətirilən ermənilər məskunlaşdırılmışdı.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızda doğma yurd yerlərinə qayıtmaq ümidi artdı. Dövlət başçısının müvafiq qərarı ilə yaradılan Qərbi Azərbaycan İcması da məhz bu istiqamətdə fəaliyyət göstərir. İcmanın hazırladığı Qayıdış Konsepsiyasında soydaşlarımızın könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdışının təmin olunması nəzərdə tutulur.

Əslən Qərbi Azərbaycanın qədim yaşayış məskəni Dərələyəz mahalından olan Xalq şairi Vahid Əziz də əzəli yurd yerlərindən didərgin salınmış və o yerlərə qayıtmaq ümidi ilə yaşayan Qərbi azərbaycanlılardan biridir. Şair "Dərələyəz" poemasında o yerlərin başı dumanlı dağlarını, güllü-çiçəkli dərələrini, qaynar bulaqlarını, Herher kəndində düşmənin viran qoyduğu ata ocağını, orada yaşadığı qayğısız illərini, bəxtəvər günlərini ürək yanğısı ilə qələmə almışdır. Mövzunun aktuallığını nəzərə alaraq şairin bu əsərini oxucularımıza təqdim edirik.

Belə idi Dərələyəz qızları...

İndiyədək Xatın nənəm yadımda,

Günəş nənəm, Hürü qarı, Qaratel,

hər bir ürək bir kişinin odunda;

Tutu nənəm - gül çöhrəli, incəbel -

toylarında çatladardıq sazları,

bu cür idi o yerlərin qızları,

"On beş taxta-qırçın tuman", "arxalıq",

yar yanında açılardı yaxalıq,

görüşmədən alınardı "halallıq",

bir qocanın qeyrətiydi hər qarı,

bu cür idi o dövranın qızları,

Kimisini yar görmədən aldılar,

kimisınə - sevmədən yar oldular,

kimisini - "papaq atıb" çaldılar!

Nakamları ömrü boyu dul qalar -

(ərlə birgə dəfn olardı nazları)

bu cür idi bizim Herher qızları,

Nə qez ilə yar canını üzərdi,

nə çaşardı, nə gendə yar gəzərdi,

bir dam altda yaşanardı illəri,

sayqılıydı arvad yeri, ər yeri,

bir keçərdi payızları, yazları;

beləydilər Dərələyəz qızları...

***

Asılı qalarmış "haqlı" - "nahaqdan",

Yaşamaq iznimiz gələrmiş xalxdan!

Bunu - yağı etdi, viranə-viran

Doğma qəbirlərim Dərələyəzdə,

Dönməkçün sınayır millət qədəmi,

Yurda qovuşmağım qismətimdimi?

Bəlkə də qalsaydım, burdakı kimi

Solmazdı tellərim Dərələyəzdə,

Daha bərkimişik - yetər gücümüz,

Saldığı izlərlə dönər köçümüz,

Hicran - ötəriydi; sahib özümüz-

Dağ-dərə, düzlərim Dərələyəzdə,

Sona yetməkdədir ayrılıq qəmi,

Hər gecə yuxumda doğma görkəmi,

Çoxdan itirdiyim ilk eşqim kimi,

Hələ də gözlərim Dərələyəzdə,

Elim qeyrətlidir - durar sözündə,

Əzablar çox gördü çölün-düzündə,

Özüm olmasam da bu Yer üzündə;

Közərər közlərim Dərələyəzdə...

***

Gözlərim önündə Yurd xəritəsi,

Xəyala dalıram, fikrə gedirəm,

Məni elə çəkir xoş xatirəsi -

Yaşanmış illərdə, həyatım boyu,

Bir arzum varıdı - Herherə gedəm,

Keçəm Arpaçaydan, Gülü düzündən,

İçəm bulaqların qaynar gözündən,

Çəkilib gedəndə bu Yer üzündən

Göy mənə olsa da əbədi Vətən -

Əcəl möhlət verə - Herherə gedəm,

Bir görün huşumda qalıb haçannan;

Min yol yolum düşmüş "Leyliqaçannan",

Hər yerdə tapsam da hər cür dəyirman -

Üyüdə dənimi Kirkirə - gedəm,

Dədələr məskənim, Herherə gedəm,

Yenə o yerləri dolaşıb - gəzim,

Görüm - nə haldadır Dərələyəzim?

Ay könül sirdaşım - Vahid ƏZİZim,

Məhləmiz məzarlıq yer verə, gedəm,

Canı tapşırmağa Herherə gedəm,

Ruhun pak qalarsa, üz ağlığında

Torpaq yaman çəkər qocalığında!

Çılğın, od-alovlu cavanlığımda

İmkanım olsa da hər yerə gedəm -

Bir arzum varıdı - Herherə gedəm,

Həsrətin yanğısı yaman olarmış,

Ömür param-parça, ürək yanarmış,

Qeyrətlə vuruşub Zəfər qazanmış

Xalqıma söz verdim - Herherə gedəm,

Düşmən viran qoymuş ocağımızın

Yerində möhtəşəm bir məscid tikəm...

***

...bəxtəvər doğuldum - beşiyim rahat,

düşmən - taleləri tərsə yazdırıb!

göbəyimi kəsən mamaça Nabat,

Vətən torpağını dərin qazdırıb,

yazılar həm yalan, həm də ki, gerçək,

tarixim tələsib, geriləyibdir,

canımnan kəsilib dəfn olan göbək

məzar yerim üçün beh verilibdir.

bir az Kürünküyəm, bir az Arazın,

Vətən məhəbbəti qəribə ovsun,

qəbrimi ocağım Herherdə qazın -

uca “Təpəsidəlik” - Başdaşım olsun!

burdan izim getməz, adım silinməz,

Vətən savaşlarda məni qırmadı,

torpağım məzarlıq yer əsirgəməz -

Dünyaya gələnnən behim ordadı…

Epiloq

Oğul, tanı buraları;

doğulduğum yerdi bura,

tutdu düşmən oyunları,

müsibətlər gördü bura.

Torpağı - ləl, daşı - gümüş,

yazı - zümrüd, qışı - gümüş,

ulular yerə gömülmüş -

cəvahirət, dürdü bura.

Qəhər qoymur açıb deyəm,

tarixi söküb ələyəm,

bu yerlərin köçkünüyəm;

kəndimiz - Herherdi bura.

Arpa çayı, Arazdəyən;

gülləri - deyib güləyən,

oğul, sayı bilinməyən

igid - qurban verdi bura!