Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi
Mədəniyyət

Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi

Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi Əlcəzairin ən əhəmiyyətli tarixi məkanlarından biridir. Bura ilin bütün günlərində əlcəzairlilərin, uşaqlı, böyüklü hər bir kəsin, o cümlədən xarici turistlərin üz tutduğu tarixi yerdir. Əlcəzair Milli Mücahidlər Muzeyi ilk olaraq 1972-ci ildə paytaxt Əlcəzairin 3-cü ən böyük rayonu olan Quba bölgəsində yaradılmışdır. Daha sonra isə bu muzey Əlcəzair tarixinin ən əhəmiyyətli hadisələrinə şahidlik etmiş, yüksək strateji mövqeyə malik Əl-əbyar rayonunun Riyad əl-fəth adlanan ərazisində inşa edilmişdir.

Burada ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün Şəhid Memorial Abidəsi ucaldılır, yerin altında isə Milli Mücahidlər Muzey yaradılır. İlk olaraq Şəhid Memorial Abidəsinin, sonra isə Milli Mücahidlər Muzeyi kompleksinin məhz bu ərazidə yaradılması heç də təsadüfi olmamışdır. Ölkə rəsmilərinin abidənin bu yüksək strateji məkanda ucaldılmasına qərar verməsinin səbəblərindən biri də məkanın bir neçə tarixi döyüşlərə şahidlik etməsi olmuşdur. Belə ki, Osmanlı xilafətinə qarşı düşmənçiliyi ilə tanınmış, İspaniya kralı Çarles Lukanın başçılığı ilə 23 oktyabr 1541-ci ildə Əlcəzairin işğalı məqsədilə başlanmış səlib yürüşünün qarşısı əlcəzairlilər tərəfindən məhz bu strateji mövqedən alınmışdır. Tarixi sənədlər göstərir ki, bu strateji məkandan əlcəzairli döyüşçülər, toplarla Çarles Lukanın 250 ədəd hərbi gəmisini sıradan çıxarmış, 20 min əsgərini məhv etmiş, 8 min nəfərini isə sahildə tərk edərək gəldikləri yerə qaçmağa məcbur etmişlər. Tarixi rəvayətlərə görə, bu məğlubiyyətdən sonra İspan kralı Çarles Əlcəzairi tərk edərkən başındakı tacı çıxarır və mən səni daşımağa layiq deyiləm, deyib onu dənizə atır. O vaxtdan İspaniya kralları başlarına tac geyinməyi tərgidir.

Üç yüz ildən artıq müddətdə Osmanlı xilafətinin idarəçiliyində olmuş əlcəzairlilər osmanlıları bu torpaqlara əlcəzairli müsəlmanları ispanların səlib yürüşlərindən xilas etmək üçün köməyə çağırmışdır. Osmanlı hakimiyyəti dövründə Riyad Əl-fəth adlanan bu yer şəhərin sahillərini müşahidə etmək üçün rəsədxana, Osmanlı hərbi dəniz gəmilərinin müşahidə məntəqələri olmuşdur. Əlcəzairin Fransa müstəmləkəçilik dövründə isə 1954-cü il 24 iyun tarixində Əlcəzair milli hərəkatının 22 nəfər lideri buradakı mənzil-qərərgaha yığışaraq paytaxtın mərkəzi sayılan bu strateji məkandan dünyanın ən güclü müstəmləkəçisinə qarşı mübarizəyə başlamışlar. Bundan başqa, "Sozzini Villası" kimi tanınan ölüm düşərgəsi burada idi. Bu düşərgədən fransız müstəmləkəçiləri əlcəzairli azadlıq mübarizlərinə qarşı işgəncə və qətllər üçün istifadə edirdilər.

Ərazinin tarixi və coğrafi xüsusiyyətlərini nəzərə alaraq Əlcəzairin mərhum prezidenti Şadli bin Cadid Şəhid Memorial Abidəsinin burada ucaldılmasına qərar vermişdir. 9 ay çəkən inşaat işlərindən sonra prezident Şadli bin Cadidin iştirakı ilə 1982-ci il iyulun 5-də şəhərin hər tərəfindən görünən, bənzərsiz memarlıq xüsusiyyətlərinə malik Şəhid Memorial Abidəsinin təntənəli açılışı olmuşdur. Memorial Abidə Kanadanın "Lafalayn" şirkəti tərəfindən əlcəzairli memar Bəşir Yelsinin layihəsi əsasında inşa edilmişdir. Kompleksin ümumi sahəsi 15300 kvadratmetr ərazini əhatə edir. Şəhid Memorial Abidə hər biri 3 xurma yarpağı şəklində, 97 metr hündürlüyündə ucaldılıb.

Şəhid Memorial Abidəsinin hər üç yarpağabənzər hissəsinin arxasında 3 nəhəng bürünc heykəl ucaldılmışdır ki, bu heykəllər Əlcəzair xalqının azadlıq mübarizəsini təcəssüm etdirir. Heykəllərdən birincisi Əlcəzair xalq müqavimət hərəkatını, ikincisi Əlcəzair milli-azadlıq ordusunu, üçüncüsü isə Əlcəzair xalq milli cəbhəsini simvollaşdırır.

1982-ci ildə Şəhid Memorial Abidəsinin inşasından sonra 1984-cü ildə Abidənin altında Milli Mücahidlər Muzeyi fəaliyyətə başlamışdır. Milli Mücahidlər Muzeyinin mərkəzində günbəzli salon, ətrafı dəhlizlərlə əhatələnmiş ekspozisiya zalları və xidməti otaqlarından ibarətdir.

Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzey Kompleksi 1832-ci ildə fransız müstəmləkəçilərinin Əlcəzair torpaqlarına ayaq basdıqdan, 1962-ci ildə oradan ayrılana qədər əlcəzairlilərin müstəmləkəçilərə qarşı mübarizəsinin əyani şahidi, danışan səsidir. Muzey fotoşəkil kolleksiyaları, tarixi sənədlər, canlı şahid ifadələri və mücahidlərin təcəssüm olunduqları maketlər vasitəsilə iyirminci əsrdə insanlığa qarşı törədilmiş cinayətləri gözlər önünə sərgiləyir. Muzeydə nümayiş etdirilən eksponatlar müstəmləkəçilərin müdafiəsiz Əlcəzair xalqına qarşı həyata keçirdikləri ən dəhşətli hadisələrdən xəbər veir. Muzey ölkənin əyalətlərində fəaliyyət göstərən eyniadlı 48 muzeylə birgə Əlcəzair xalqının milli yaddaşını qoruyur, əlcəzairlilərin müstəmləkəçilərə qarşı mübarizə tarixini nümayiş etdirir və gənc nəsillərə vətənpərvərlik dəyərlərini təbliğ edir.

Tarixi mənbələrdən məlumdur ki, fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən çox fərqli olub. Əgər Fransa başqa ərazilərin müstəmləkə olduğunu qəbul edirdisə, Əlcəzairi özünün bir parçası, dənizarxası ərazisi hesab edirdi. 1954-cü ildən müstəqillik mübarizəsinə qalxmış Əlcəzair, 8 il çəkən mübarizədə ən ağır faciələrə məruz qalan ölkələrdən biridir. Əlcəzair torpaqlarında yaşanan böyük faciələr fransızların Afrikadan çəkilərkən həyata keçirdiyi "Qara ləkə" olaraq dünya tarixinə həkk olunmuşdur. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirmişdir. Məhz buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə isə 10 milyona yaxın əlcəzairli müstəmləkəçilik dövrünün qurbanı olmuşdur. Açıq rəsmi mənbələrə görə, Faransa Əlcəzair torpaqlarında 17 dəfə nüvə silahı sınaqlarını həyata keçirib. Fransızların bu torpaqlarda basdırdıqları mina və partlayıcılar səbəbindən minlərlə əlcəzairlinin həyatına son qoyulmuşdur.

Muzeydə nümayiş olunan eksponatlardan aydın olur ki, Əlcəzair dövləti, ölkənin milli yaddaşının qorunmasına və müstəmləkəçilər tərəfindən talan edilmiş tarixi əşya və dəlillərin ölkəyə geri qaytarılmasına nə qədər böyük əhəmiyyət verir. Milli Mücahidlər Muzeyinin fəaliyyət istiqamətlərindən biri də ölkədən daşınıb aparılmış tarixi sənədləri və əşyaları ölkəyə geri qaytarmaqdır. Həmçinin xalq müqaviməti, milli-azadlıq hərəkatında və azadlıq mübarizəsində iştirak etmiş canlı şahid ifadələrini qeydə almaq, əvvəlki qeydlərin bərpası və qorunması üzərində işləmək, akademik tədqiqatlarda və beynəlxalq sərgilərdə nümayiş etdirmək də muzeyin fəaliyyət istiqamətlərindəndir. Elə bu yaxınlarda muzey açıqlamışdır ki, ölkənin müstəqilliyindən bəri Əlcəzair dövləti tərəfindən qeydə alınmış 13 min şahid ifadəsinə əlavə olaraq 6 min səsli və görüntülü canlı şahid ifadəsini videoçəkilişlə qeydə almışdır.

Təsadüfi deyil ki, Əlcəzair prezidenti Əbdulməcid Tabunun dəvəti ilə ötən ilin noyabr ayında Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən Sammitində iştirak etmək məqsədilə Əlcəzairə səfər edən ölkə rəhbərimiz, Prezident İlham Əliyev Sammitdən əvvəl Şəhid Memorial Abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etmişdir. Dövlət başçımıza muzey haqqında ətraflı məlumat verilmiş, ölkəmizin başçısı muzeyin xatirə dəftərində ürək sözlərini yazaraq muzeyin tarixi əhəmiyyətini qeyd etmişdir: "Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir". Prezident İlham Əliyev Əlcəzair xalqının şücaəti sayəsində qazanılmış qələbənin gələcək nəsillərin yaddaşına hək edilməsinin vacibliyini vurğulamışdır: "Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir". O cümlədən ölkə başçımız müstəmləkə siyasətindən qurtulmaqdan ötrü Əlcəzair xalqının göstərdiyi qəhrəmanlığa, nümayiş etdirdiyi əzmkarlığa işarə edərək vurğulamışdır: "Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur".

Heç şübhəsiz ki, Əlcəzairlə Azərbaycanın tarixində oxşar cəhətlər çoxdur. Hər iki ölkə işğalçılara qarşı uzun müddət mübarizə aparıb. Əlcəzairlilər fransız müstəmləkəçiliyinə qarşı yüz ildən artıq müqavimət göstəriblər. Azərbaycan xalqı da milli-azadlıq və müstəqil dövlət uğrunda uzun mübarizə yolu keçmiş, bu yolda minlərlə qəhrəman övladını şəhid vermişdir. Azərbaycanın milli-azadlıq, milli dövlət uğrunda mübarizə yolunda başlıca maneə öz havadarlarının dəstəyi ilə ermənilər olubdur. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlərin yüz ildən artıq təkrarlanan tarixi var. Təkcə bir faktı demək kifayətdir ki, 1918-1920-ci illər ermənilər Azərbaycan türklərinə qarşı soyqırımları, kütləvi qırğınlar törətmiş və bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı həyatını itirmiş, ən qəddar üsullarla işgəncələrə məruz qalmış, şikəst edilmiş, kütləvi şəkildə yurd-yuvalarından didərgin salınmışdır. Yoxsulluq və səfalətdən ölənlərin sayı isə 10 minlərlə olmuşdur.

Ermənistanın Azərbaycan torpaqlarında, Fransanın isə Əlcəzair ərazisində törətdikləri vəhşiliklər bir-birini sanki təkrarlayıb. Bu da onların eyni mərkəzdən idarə olunduğunu, eyni üsulla insanlığa qarşı cinayət törətdiklərinin göstəricisidir. Ancaq heç şübhəsiz ki, belə şər qüvvələrə və onların əlaltılarına qarşı mübarizə səmərəli olur. Həmin mübarizənin nəticələrindən dünya da faydalanır. Bunu Azərbaycan və Əlcəzair öz torpaqlarını işğalçılardan azad etməklə bütün dünyaya nümayiş edib, isbatlayıblar.

Bu gün qürurla demək olar ki, Azərbaycan və Əlcəzair dövlətləri azadlıq yolunda soyqırıma məruz qalmış qəhrəmanlarının, vətənlərinin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərinin xatirəsini əbədiləşdirmişdir. Gənc nəslin yaddaşında bu hadisələrin qorunub saxlanılması və bir daha təkrarlanmaması üçün bütün dünyaya çatdırmaq məqsədilə, Azərbaycanda Quba Soyqırımı Memorial Kompleksi, Əlcəzairdə isə Milli Mücahidlər Muzeyi fəaliyyət göstərir. Hər iki müəssisə həm də elmi mərkəz olaraq elmi-tədqiqat proqramlarını icra edir. Yerli və xarici ixtisaslaşmış qurumlarla təcrübə mübadilələri həyata keçirir. Tədqiqatçı və araşdırmaçılara dəstək verir, yerli və beynəlxalq səviyyədə elmi seminar, konfrans və görüşlər təşkil edir. O cümlədən öz fəaliyyət istiqamətlərinə uyğun nəşrlər hazırlayıb çap etdirir, ölkələrinin milli bayramlarının və əlamətdar günlərinin qeyd olunması işində uğurla iştirak edirlər.

Seyid CABBAROV,

Quba şəhərində Soyqırımı Memorial Kompleksinin əməkdaşı.