ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Dünya üzrə 4 günlük iş təcrübəsinin nəticələri

Bildiyimiz kimi, hazırda dünyada ən çox 5 günlük iş rejimi tətbiq edilir. Lakin son dövrlər dünya ölkələri bir çox sahədə olduğu kimi, iş rejimi ilə bağlı da yenilik etməyə hazırlaşır. Belə ki, Böyük Britaniyada dünya üzrə 4 günlük iş təcrübəsinin nəticələri açıqlanıb. Qeyd edək ki, araşdırma Kembric Universiteti tərəfindən də dəstəklənib.

Böyük Britaniyada təşkil edilən araşdırmaya bir neçə ölkədən 61 şirkət qatılıb. Sınaqda iştirak edən 61 şirkətdən 54-ü, yəni 89 faizi 4 günlük iş rejimini davam etdirib, 31-i, yəni 54 faizi isə onu daimi hala gətirməyə qərar verib. Ümumilikdə isə layihə menecerləri və CEO-ların 55 faizi 4 günlük iş sisteminin şirkətlərinə müsbət təsir etdiyini bildirib.

Araşdırmanın müəllifi Juliet Schor 6 aylıq sınaq müddətində 4 günlük iş rejimindən əhəmiyyətli irəliləyiş əldə olunduğunu deyib. Habelə Boston Kollecində çalışan akademik vurğulayıb ki, "İşçilərin fiziki və ruhi sağlamlığı 6 ay əvvəlki ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb". Eləcə də işçilərin 96 faizi 4 günlük iş rejiminin şəxsi həyatına müsbət təsir etdiyini qeyd edib. Araşdırmada iştirak edən şirkətlər əsasən marketinq və reklam sahəsində fəaliyyət göstərsələr də, bunlarla yanaşı, tikinti, istehsal, pərakəndə satış, səhiyyə və əyləncə sektorlarında fəaliyyət göstərən şirkətlər də sınaq prosesində iştirak ediblər.

"YouTube"da möhtəşəm yenilik

Yaxın zamanda "YouTube"da internetsiz musiqi dinləmək mümkün olacaq. "Android Polis" xəbər saytının yaydığı məlumata görə, "Google"un musiqi striminq (yayım axını) xidməti "YouTube Music" kompüterlərdə internetə qoşulmadan mahnı yükləmək imkanı təklif edir.

Məlumata görə, bunun üçün "YouTube Music"in veb-versiyasında alboma və ya fərdi səhifəyə baxarkən "Kitabxanada saxla" düyməsi seçilməli və yükləmə indikatoruna basılmalıdır. Yadda saxlanılmış fayllar "YouTube Music"in "Kitabxana" səhifəsində "Yükləmələr" bölümündə olacaq.

Mahnıların kataloqu istifadəçinin aktiv internet bağlantısını saxlaya bildiyi, yəni ən azı 30 gündə bir dəfə xidmətə daxil olduğu müddətcə əlçatan olacaq.

Bundan əlavə, veb-versiyanın yeni funksionallığı masaüstü kompüterlər üçün ayrıca "YouTube Music" tətbiqinin olmaması problemini də həll edəcək. Qeyd edək ki, hələlik bu funksiya yalnız bəzi istifadəçilər üçün əlçatandır.

"Google"un süni inkellekti irqi "ayrı-seçkilik" edir

"Google"un yeni nəsil süni intellekt aləti "Gemini" bazara çıxarıldıqdan qısa müddət sonra çoxsaylı problemlərlə üzləşib. Belə ki, ağ dərili insanları göstərməkdən imtina edən "Gemini" ictimaiyyət arasında mübahisə mövzusuna çevrilib. Məhz bu problem "Google"un süni intellektinin irqi "ayrı-seçkilik" etməsi iddialarını gündəmə gətirib. Bu səbəbdən də şirkət sözügedən alətinin vizual məzmun yaratmaq xüsusiyyətini müvəqqəti olaraq bağlamaq məcburiyyətində qalıb və ictimaiyyətdən üzr istəyib.

Qeyd edək ki, bir neçə ay öncə təqdim edilən "Gemini" "Google" şirkətinin indiyə qədər təklif etdiyi ən təkmil aləti hesab olunur. O, süni intellekt aləti olmaqla yanaşı, böyük bir dil modelidir. Bütün dil modelləri kimi, bu süni intellektin də hazırladığı məzmun və cavablar onun öyrədildiyi məlumatlardan asılı olaraq dəyişir. Lakin onun ədalət və doğruluq arasındakı tarazlığı təmin edə bilməməsi narazılıqlara səbəb olur. Şirkət öz süni intellektini mümkün qədər etik və ədalətli etməyə çalışsa da, onun verdiyi cavablar çox böyük problemlərə yol açır.

"Apple" elektromobil layihəsini ləğv etdi

"Apple" şirkəti uzun müddətdir üzərində çalışdığı "Apple Car" adlı elektromobil layihəsini ləğv edib. Belə ki, ABŞ-ın texnologiya nəhəngi "Porject Titan" layihəsini dayandırdığını açıqlayıb. Məlumata görə, şirkət məhsuldar süni intellekt tərəfinə fokuslanacaq.

Uzun müddətdir ki, "Apple"ın öz elektromobilini hazırladığı məlumdur. Əlbəttə layihədə problemlər yaransa da, şirkət hələ də onun üzərində çalışırdı. Lakin bu yaxınlarda şirkətin baş əməliyyat direktoru Jeff Williams və layihənin vitse-prezidenti Kevin Lynch tərəfindən bildirilib ki, "Project Titan" komandasındakı 2000 nəfər işçi süni intellekt araşdırmalarına qatılacaq.

Qeyd edək ki, "Apple"ın "Project Titan" adlı gizli avtomobil layihəsi haqqında şayiələr ilk dəfə təxminən 8 il öncə ortaya çıxmışdı. Məhz bu dövrdə hələ elektromobillər sənayedə elə də güclü mövqeyə sahib deyildi. Şirkət bu layihə üzərində işləmək üçün hətta "Tesla"nın keçmiş Autopilot proqram təminatı direktoru kimi əhəmiyyətli şəxsləri də işə götürmüşdü. Lakin görünən odur ki, şirkət bu illər ərzində bir sıra maneələrlə üzləşib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".