Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sən demə belə insanlar...

Elmi araşdırmalar övladı olmayan cütlüklərin yaşlandıqca peşmançılıq hissi keçirmədiyini sübut edib.

Miçiqan Dövlət Universitetində aparılan araşdırma nəticəsində uşaq sahibi olmaq istəməyən cütlüklərin sonrakı həyatlarında verdikləri qərardan peşman olmadıqları məlum olub. Aparılan araşdırmada 1000 nəfər yetkin insan arasında sorğu keçirilib və əldə edilən məlumatlar təhlil olunub. İştirakçıların 20,9 faizinin uşaq istəmədiyi müəyyən edilib. Bu isə 1,6 milyondan çox insanın uşaqsız yaşamağa üstünlük verdiyini göstərir.

Digər yeni bir tədqiqatda isə uşaq sahibi olmağın insanı mühafizəkar etdiyi müəyən edilib. Psixologiya professoru və tədqiqatın həmmüəllifi Cennifer Uotlinq Nil qeyd edib ki, Miçiqan demoqrafik cəhətdən Birləşmiş Ştatlara bənzəyir, ona görə də tapıntılar 50-60 milyon amerikalı üçün keçərli hesab edilə bilər. O, həmçinin nəticələrin yaş, təhsil və gəlir səviyyəsi baxımından böyük fərqlər göstərmədiyini bildirib.

Əslində övlad sahibi olanlar bu qərara görə gələcəkdə həmin insanların peşman olacağını düşünürlər. Amma araşdırmanın nəticələri bu fikrin əksini göstərib. Belə ki, övladı olmayan qocalar özlərinə daha çox vaxt ayıra bildikləri üçün daha xoşbəxt olduqlarını söyləyirlər. Araşdırmanın nəticələri "Plos One" elmi jurnalında dərc olunub.

"Stounhenc"in daha bir sirri açıldı

Salford Universitetinin alimləri uzun zamandır araşdırılan "Stounhenc" ilə bağlı daha bir faktı ortaya çıxarıblar. Belə ki, "Ruhlar vadisi" kimi tanınan bu müəmmalı məkanın xüsusi akustikaya malik olduğu və müxtəlif mərasimlərin keçirilməsi üçün tikildiyi məlum olub.

Xüsusi aparatlar vasitəsilə səsləri analiz edən tədqiqatçılar qayaları yenidən yaratmaq üçün 3D printerdən istifadə ediblər. Yeri gəlmişkən qeyd edək ki, bu model daha sonra insanın nitqi, musiqi kimi müxtəlif səslərin kosmosda necə əks-səda verdiyini yoxlamaq üçün istifadə edilmişdir. Alimlər məkandakı daşların qəribə şəkildə düzülməsini əks-sədanın ahəngdar olması ilə əlaqələndirirlər. Onların fikrincə, daşların forması və yerləşdirilmə üsulu səslərin ətrafa yayılmamasını təmin edir. Bu isə kənarda olan insanların içəridəki səsləri eşitməməsini göstərir.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, "Stounhenc" beş min il əvvəl keltlərin xüsusi ayinlər təşkil etməsi üçün bir növ "konsert zalı" rolunu oynayıb. Başqa bir ehtimala görə isə burada Günəşin hərəkətini müəyyən edən məbəd yerləşib. Bu möhtəşəm abidə eyni zamanda özündə Günəş sisteminin eninə kəsilmiş modelini ifadə edir. Bu modelə əsasən Günəş sistemi 12 planetdən ibarətdir.

QR kod nədir?

QR kod (Quick Response) - sözü "tez cavab" mənasını verir və iki ölçülü ştrix-kod növüdür. Bu ştrix-kod daxilində simvollardan ibarət olan müxtəlif məlumat şifrələnir. QR kodlarına məhsullar, kassa çekləri, internet səhifələri, bukletlər, reklam məlumatları, vizit kartlarında və s. rast gəlmək olar. Bu ştrixkodlarda məhsulun istehsal yeri və tarixi, istifadəsinə dair tövsiyələr, əks-əlaqə üçün istehsalçının rekvizitləri və s. məlumatları şifrələnmiş halda yerləşdirmək olur.

QR kod ilk dəfə 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən yaradılıb. Bir QR koduna maksimum 7089 rəqəm, 4296 işarə (rəqəm və latın hərfi) və 1817 heroqlif yerləşir. Ənənəvi ştrix-kodlardan fərqli olaraq, QR kod məlumat bazasına girişi deyil, məlumatın özünü təqdim edir. Adi ştrix-kodlar şaquli istiqamətdə təsvir edilir. Lakin ağ-qara, kvadrat formalı QR kod isə tək şaquli istiqamətdə deyil, üfüqi vəziyyətdə də oxunur və hər hansı məhsulun, qablaşdırmanın üzərindəki ştrix-kodları əvəz edir. Bunun üçün mobil telefonunuzu QR koda yaxınlaşdırmaq kifayətdir. Onu smartfonlara xüsusi quraşdırılmış "KAYWA Reader", "QuickMark", "iMatrix" kimi proqramlarla ani olaraq oxumaq mümkündür.

Siçanlar da xəyal edirmiş...

Amerikalı elm adamları siçanlarla bağlı maraqlı bir faktı ortaya çıxarıblar. Belə ki, ABŞ-ın Howard Hughes Tibb İnstitutunda aparılan araşdırma nəticəsində siçanların da insanlar kimi xəyal gücünə sahib olduqları məlum olub.

"Science" elmi jurnalında dərc olunan məqaləyə görə, siçanlar düşüncələrindən istifadə edərək saysız-hesabsız vəziyyəti mücərrəd şəkildə təsəvvür edə bilirlər. Alimlər iddia edir ki, bu heyvanların beyninin hipokampus adlanan bölgəsi insanlardakı kimi zehni xəritə rolunu oynayır. Məlumat üçün qeyd edək ki, limbik sistemin bir hissəsi olan hipokampus qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsində böyük əhəmiyyət kəsb edir. İnsan nə vaxtsa getdiyi mühitdə yenidən olduqda, beyindəki müəyyən neyronlar hərəkətə keçir. Tədqiqatın nəticələri göstərib ki, gəmiricilərdə də müəyyən yerləri ziyarət etdikdə və hər hansı bir hadisə ilə qarşılaşdıqda, beynin məkan yaddaşına cavabdeh olan hipokampus bölgəsində sinir fəaliyyəti baş verir. Tədqiqatçılar siçanların daxili düşüncələrini öyrənmək üçün virtual reallıq və beyin-maşın interfeysini birləşdirən yeni sistem hazırlayıblar. Cərrahi yolla siçanların beyninə elektrodlar yerləşdirən elm adamları onlara bir sıra tapşırıqlar veriblər. Daha sonra isə heyvanların beyin fəaliyyətini müşahidə edərək onların fikirlərini izləyiblər. Nəticələr göstərib ki, siçanların da uzaq yerləri yadda saxlamaq üçün eyni sinir fəaliyyəti avtomatik olaraq yarana bilir.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".