MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Taoist məbədi

Orijinal memarlıq üslubu ilə diqqəti cəlb edən Taoist məbədi Filippinin ən qədim şəhəri Sebuda inşa olunub. 1972-ci ildə yerli Çin diasporunun səyi ilə başa gələn abidə şəhərin mərkəzindən 6 kilometr şimalda, ən prestijli bölgə hesab edilən Beverly Hills rayonunda tikilib. Orijinal arxitekturası ilə fərqlənən məbədin giriş hissəsi Böyük Çin Səddi şəklində dizayn edilib. Dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşən Taoist məbədinin damı isə ənənəvi paqoda üslubunda layihələndirilib.

Əsası Lao Tzu tərəfindən qoyulan taoizm dininin ardıcılları dua etmək üçün bu məbədə gəlir. Dini rituala görə, burada ibadət etmək istəyənlər məbədə çatmaq üçün 81 müqəddəs kitabı simvolizə edən 81 pillə qalxmalıdır. Məbədin giriş qapısında əllərini yuyub ayaqqabısını çıxardıqdan sonra isə bir buxur çubuğu yandırıb arzu tutmalıdır. Çin inancına görə burada ibadət edənlər ərazidəki quyuya bir sikkə atıb arzu tutsa, onların diləkləri mütləq həyata keçəcək. Məbədin qarşısında əjdaha və bir neçə mifik personajların heykəlləri var. Burada kafe ilə yanaşı, yaddaqalan hədiyyələr ala biləcəyiniz suvenir mağazası da fəaliyyət göstərir.

Bella Sky Hotel

Cəsarətli memarlıq üslubu ilə seçilən Bella Sky Hotelinin binası Kopenhagen şəhərinin Orestad rayonunda ucaldılıb. Qeyri-adi memarlıq quruluşuna görə seçilən otelin interyeri İsveçin innovativ memarlıq firması olan "Thomas Ericsson" şirkəti tərəfindən layihələndirilib.

814 otaqdan ibarət və 15 dərəcə bucaq altında əyilən kompleks hündürlüyü 76,6 metr olan bir-birinə bağlı iki qüllədən ibarətdir. Müxtəlif ölçülü həndəsi fiqurlardan hazırlanmış fasadın çox hissəsində ağ və qara rəngli şüşə elementlər yer alır. Tikilinin əyilməsi nəticəsində burada çox gözəl interyerə malik künc otaqlar da mövcuddur. "The Bella Chandelier" şirkətinin dizaynerləri tərəfindən məxsusi otel üçün hazırlanmış çilçıraq isə interyerin ən gözəl elementlərindən biridir. Digər maraqlı detal ondan ibarətdir ki, oteldə yalnız zərif cinsin nümayəndələri üçün nəzərdə tutulan "Bella Donna" mərtəbəsi var. Kişilərin bu mərtəbəyə qalxması qəti qadağandır. Mehmanxananın 23-cü mərtəbəsində isə xüsusi dizaynı ilə seçilən və möhtəşəm panoraması olan kafe-bar fəaliyyət göstərir.

Vittala Hampi

Ölkənin ən dəbdəbəli memarlıq abidələrindən biri olan Vittala Hampi XVI əsrdə inşa olunub. İmperiyanın böyük hökmdarı Krişna Deva Rayanın əmri ilə tikilən dini kompleks Vişnu tanrısının təcəssümü olan Vittalaya həsr edilib. Hindistanda orta əsr mühəndisliyinin ən möhtəşəm nümunələrindən olan Vittala Hampi hindu mifologiyasından tanrıları, qəhrəmanları və səhnələri təsvir edən çoxlu sayda heykəllər və relyeflərlə bəzədilib. Məbədin əsas hissəsi olan Hampi abidəsi araba şəklində dizayn edilib.

Qədim memarların təxəyyülünün heyrətamiz incəliyini nümayiş etdirən məbəd kompleksində həmçinin Vasantotsava Mandapa və su kanalları şəbəkəsi olan böyük pilləli çən var. Abidənin unikallığı 81 müxtəlif musiqi alətinin səsini çıxara bilən mürəkkəb oyma sütunlarda öz əksini tapır. Hər bir sütun əsas hissədən və onu əhatə edən yeddi nazik içi boş borudan ibarətdir. Deyilənlərə görə, britaniyalılar sütunlara o qədər heyran olublar ki, musiqinin haradan gəldiyini araşdırmaq üçün onlardan bir neçəsini söküblər. Məbədin ətrafındakı Vittalapura adlanan ərazidə isə bir çox qədim daş tikililərin xarabalıqlarını görmək olur ki, onlar da tədricən bərpa olunur.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".