İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdman gimnastikası üzrə beynəlxalq turnir başlayıb

Bakıda idman gimnastikası üzrə "AGF Trophy" beynəlxalq turniri start götürüb.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstan komandalarının 88 idmançısı mübarizə aparır. Azərbaycanı yarışda böyüklər, gənclər və yeniyetmələr arasında 22 gimnast təmsil edir. Yığmanın heyətində böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar) gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) bacarıqlarını göstərəcəklər.

Ölkə çempionatına yekun vurulub

Güləş üzrə U-15 Azərbaycan çempionatına yekun vurulub. Şağan Olimpiya İdman Kompleksində keçirilən birinciliyin son günündə yunan-Roma güləşi üzrə 41, 48, 57, 68 və 85 kiloqram çəki dərəcəsində qaliblər müəyyənləşib. Çempionatda 140 güləşçi mübarizə aparıb. Abdulrəhman Hüseynli (41 kq), Amin Əsgərli (48 kq), Hüseyn Vəlizadə (57 kq), Əli Məmmədov (68 kq), Məhəmməd Orucov (85 kq) yarışın qalibi olublar. Qurban Məcnunov, Təbriz Nəsirov, Hüseyn Mustafazadə (41 kq), Murad Həsənov, Elnur Babazadə, İsmayıl Şahmarov (48 kq), Nadir Həsənov, Sahil Əlifov, Nihad Həmidov (57 kq), İsfahan Həsənov, Emil Osmanov, Əli Köçəriyev (68 kq), Rauf Mütəllimov, Emin Baxşalıyev, Məhəmməd Cəfərov (85 kq) müvafiq olaraq ikinci və üçüncü yerdə yarışı başa vurublar.

Voleybol komandamızın oyunlarının təqvimi bəlli olub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının təsnifat mərhələsindəki oyunlarının vaxtları bəlli olub. Yığma ilk görüşünü bu il Avstriya seçməsinə qarşı keçirəcək. Oyun 17 və ya 18 avqustda olacaq. Avqustun 24 və ya 25-də doğma meydanda Belçika ilə qarşılaşacaq. Millimiz növbəti il avqustun 13-də Belçika ilə səfərdə, 16 və ya 17 avqustda Avstriya ilə evdə üz-üzə gələcək.

Qeyd edək ki, seçmə mərhələdə 21 yığma yeddi qrupda çıxış edəcək və onlardan 12-si qitə birinciliyinə vəsiqə qazanacaq. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".