Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi": "Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırması həm böyük üstünlük, həm də böyük məsuliyyətdir"

Azərbaycan NATO ilə tərəfdaşlığa sadiqdir. Bu barədə Prezident İlham Əliyev martın 17-də NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra bildirib.

O, Azərbaycanın müdafiə imkanlarını müasirləşdirdiyini vurğulayıb. Görüşdə, həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə edilib:

"Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir", - daha sonra ölkə başçısı deyib.

Prezident İlham Əliyev Azərbaycanın yaşıl keçid gündəliyi haqqında da məlumat verib: "Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq".

"Al Arabiya news": Azərbaycan Ermənistanla sülhə hər zamankından daha yaxındır

Prezident İlham Əliyev bəyan edib ki, onun ölkəsi Ermənistanla sülhə "həmişəkindən daha yaxındır". Bu barədə "Al Arabiya news" xəbər agentliyi məlumat yayıb.

Ötən gün Azərbaycana səfər edən NATO-nun Baş katibi Yens Stoltenberq və dövlət başçısı mətbuata birgə bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyev çıxışında deyib: "Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq".

"Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə sizi dəstəkləyirəm", - deyə alyans rəsmisi bəyanatında bildirib.

"MENAFN": Azərbaycan-Çin hərtərəfli əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla görüşüb.

"MENAFN" xəbər verir ki, Çinin xarici işlər nazirinin müavini Sun Veydonq Azərbaycan və Çin prezidentlərinin keçirdikləri görüşlərin, aparılan fikir mübadilələrinin ölkələrimiz arasında tərəfdaşlığın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm amil olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrə, COP29-la əlaqədar qarşıda duran məsələlərə, Orta Dəhliz üzrə əməkdaşlığa, Cənubi Qafqaz regionunda sülh quruculuğuna dair fikir mübadiləsi olub. Eyni zamanda Azərbaycan ilə Çin arasında hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

"Mir24.tv": "Əməkdaşlığın qızıl səhifəsi": Qazaxıstan və Azərbaycan daha bir Avrasiya marşrutunu işə saldı

"Mir24.tv" yazır ki, ötən həftə reallaşan görüşün kulminasiya nöqtəsi dəmir yolu marşrutunun işə salınmasıdır. Xatırladaq ki, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb. Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib. Qeyd edək ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir.

"Vestnik Kavkaza": Füzuli şəhərinə daha 120 nəfərdən çox insan yola salınıb

Ötən gün Bakının keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində 123 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə yola düşüb.

"Vestnik Kavkaza" bildirir ki, bununla da sözügedən şəhərdə ümumilikdə 596 ailənin (2245 nəfər) daimi məskunlaşması təmin ediləcək.

Qeyd edək ki, Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.

"Respublika".