Agentura şəbəkəsinin “ayaq izləri” Yelisey Sarayına qədər uzanır
Siyasət

Agentura şəbəkəsinin “ayaq izləri” Yelisey Sarayına qədər uzanır

Agentura şəbəkəsinin “ayaq izləri” Yelisey Sarayına qədər uzanır

Afrikadakı məğlubiyyətinin "qapıda qalan quyruq acısını" çıxarmaq üçün Cənubi Qafqaza öz məkrli siyasətini sırımağa çalışan Yelisey sarayı növbəti dəfə uğursuzluğa düçar oldu.

Bəşəri cinayətlərin baiskarları müxtəlif vasitələrlə, manevrlərlə regional destabilliyi qorumağa çalışırlar. Elə indi də Ermənistanın hamisi kimi çıxış edən Fransanın sülh prosesinə kölgə salması sirr deyil. Lakin regional lider dövlət kimi Azərbaycanın qəti mövqeyi, cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu Cənubi Qafqazda sülh və əmin-amanlığın qarantıdır.

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon ötən il dekabrın 26-da Xarici İşlər Nazirliyinə çağırılmışdı. Diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə iki əməkdaşın Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinə bildirilmişdi. Əlbəttə, bütün bunlar səbəbsiz yerə ortaya çıxmadı. Onlar bir sıra ölkələrin nümayəndələri ilə bağlı kəşfiyyat aparır, regionda yeni məqsədlər formalaşdırmaqla təsir dairəsini genişləndirməyə xidmət edirdilər. Qeyd etmək lazımdır ki, şəbəkəyə daxil olan üzvlərin bir çoxu əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri isə müxtəlif ölkələrdə çalışmışlar. Fransanın agentura şəbəkəsinin ifşası Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin genişliyi, peşəkarlığı nəticəsində mümkün olmuşdur. Yelisey sarayının xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması regional liderliyimizin növbəti sübutudur.

Uzun illər Fransa casus şəbəkəsinin üzvü olmuş vətəndaşlardan biri könüllü olaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmiş, bir çox vacib məlumatları bölüşmüş, Fransa agentlərinin fəaliyyətlərinə dair dəlil və sənədlər təqdim etmişdir. Aparılan cinayət işi üzrə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir neçə şəxs həbs olunmuşdur.

Qeyd edək ki, sözügedən hadisə rəsmi Parisdə "domino effekti" verdi. Agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması isə Makron hakimiyyətinin növbəti uğursuzluğu kimi Yelisey sarayının diqqət mərkəzinə gəldi. Təsadüfi deyil ki, Fransa Prezidenti Emmanuel Makron ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad edərək məğlubiyyətin cəzasını başqalarına ödətdirdi.

Casus şəbəkəsindən kimlərin həbs olunması ilə bağlı məlumatlar beynəlxalq ictimaiyyətin gündəminə çevrildi. Xüsusilə həbsdə olan Martin Rayan adına tez-tez rast gəlmək mümkündür. Belə ki, son olaraq onun atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni (Müdafiə Nazirliyi) kəskin ittiham edən müsahibələrlə çıxış edib. Çıxışlardan müəyyən etmək mümkündür ki, "Societe Generale" maliyyə konqlomeratının bəzi əməkdaşları ilə münasibət quran casusların əsas məqsədi Yelisey sarayının təsir imkanlarını regionda genişləndirmək olub. Məhz sözügedən maliyyə qurumunun fəaliyyət dairəsinə nəzər yetirsək Fransaya qədər uzanan "ayaq izlərini" görmüş olarıq.

Əvvəla, Fransa kəşfiyyat şəbəkəsinin ifşa edilməsindən sonra "Societe Generale" Bankı Afrikanın 16 ölkəsində fəaliyyətini dayandırıb. Bununla yanaşı, sözügedən bankın 2017-ci ildən Təhlükəsizlik üzrə Direktoru - əvvəllər Fransa Silahlı Qüvvələrində Kəşfiyyat və təhlükəsizlik idarəsinin rəhbəri olmuş, "ehtiyatda" olan general Antuan Krenin olması ehtimalları bir qədər də artırır. Lakin məsələ təkcə Yelisey sarayının destruktiv və məkrli yanaşması ilə məhdudlaşmır. Həmçinin "Societe Generale" bankı milyarder Corc Sorosun da kirli işlərində yer alıb. Belə ki, Sorosun milyarder olmadan öncəki dövründə - 1988-ci ildə o, bankın gizlin məlumatları hesabına səhm alqı-satqılarında qanunsuz yolla milyonlarla vəsaitə yiyələnərək varlanmış, 2002-ci ildə buna görə məhkum edilmiş, böyük həcmdə cərimə cəzası ilə yaxasını qurtara bilmişdi.

Bir məqamı da qeyd edək ki, Fransanın uzun illər öz təsirində saxladığı ölkələrdən olan Burkino-Fasoda da dörd fransız kəşfiyyatçı saxlanılmışdı. Artıq Fransanın Afrikadakı neokolonializm siyasətinin ifşa edilməsinə paralel olaraq Yelisey sarayının agentura şəbəkəsinin ifşası daha da intensivləşir. Digər tərəfdən, bir daha Fransanın müxtəlif ölkələrdə daxili sabitliyi pozmağa çalışdığı üzə çıxır. Bəşəri cinayətlərin müəllifi kimi Fransanın bu tip pozuculuq fəaliyyətinə şərait yaradılması beynəlxalq təşkilatların öz funksiyalarını itirdiklərindən xəbər verir. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Azərbaycanın müstəmləkə siyasətinə qarşı sərt mövqeyi, insan hüquq və azadlıqlarını dəstəkləməsi, mənfur kolonial siyasətini hələ də yürüdən rəsmi Paris üçün əsaslı zərbə oldu. Avropanın güc strukturları əsrlər boyu Afrika, Asiya, Amerika və Okeaniyada yerli xalqlara qarşı bəşəri cinayətlər törətmiş, onların azadlıqlarını əllərindən almış Fransanın bu əməllərini ört-basdır edir. Tarixdən günümüzə qədər gəlib çıxan bu mənfur siyasətin acı nəticələri - bəşəri cinayət əməlləri hələ də cavabsız qalır.

Nurlan ABDALOV,

"Respublika".