Yonas Yarutis:  Azərbaycanla Litva arasında qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin möhkəmlənməsinə xidmət edir
Siyasət

Yonas Yarutis:  Azərbaycanla Litva arasında qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin möhkəmlənməsinə xidmət edir

Mayın 23- Milli Məclisin Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Litva Seyminin sədr müavini Yonas Yarutisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işçi qrupun rəhbəri Nəsib Məhəməliyev müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini deyən deputat Azərbaycanın enerji sahəsində Avropa ilə geniş əməkdaşlıq etdiyini bildirib.

O, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərin rolundan danışaraq, parlamentlərarası dostluq qrupları arasında sıx əlaqələrin olduğunu, deputatlarımızın, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq etdiklərini söyləyib.

Litvalı qonaqlara azad edilmiş ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verilib, Ermənistan tərəfindən basdırılan minaların prosesə maneə törətdiyi bildirilib.

Litva Seyminin sədr müavini Yonas Yarutis Azərbaycan Bakı şəhəri haqqında xoş təəssüratlarını bölüşüb, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini deyib. Qonaq dünyada gedən mürəkkəb proseslərdən danışaraq, dövlətlərin davamlı inkişafı, xalqların firavanlığı üçün sülhün, sabitliyin, əmin-amanlığın mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Yonas Yarutis, həmçinin parlamentlərarası münasibətlərin gücləndirilməsi, dostluq qrupları arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.