Kreml Ermənistanın xəyanətinə göz yummayacaq
Siyasət

Kreml Ermənistanın xəyanətinə göz yummayacaq

Aprelin 5-də Belçikanın paytaxtı Brüsseldə Ermənistan-Amerika Birləşmiş Ştatları-Avropa İttifaqı arasında keçirilən konfransı Cənubi Qafqazda maraqları olan bütün güclər, o cümlədən də Rusiya səbirsizliklə gözləyirdi. Rəsmi Moskva bilirdi ki, Qərbin İrəvanla yaxınlaşması, bu ölkəyə silah və texnika yollaması, Paşinyan hökumətinə təhlükəsizlik zəmanətləri verməsi birbaşa olaraq Kremlin dayaqlarını zəiflətməyə hesablanıb. Buna görə də sözügedən görüşdən öncə rusiyalı rəsmilər Ermənistana xəbərdarlıq xarakterli açıqlamalar verirdilər. Brüsseldəki toplantı başa çatdıqdan sonra isə Moskva mövqeyini dərhal konkret şəkildə bildirdi. Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-ABŞ-Avropa İttifaqı formatında yüksək səviyyəli görüşlə bağlı bəyanat yaydı. Bildirdi ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün alətə çevirmək istəyir: “Bizə məlumdur ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar”.

Həmçinin rəsmi Moskva Ermənistana Qərbin onu aldatmasına, uçuruma aparmasına imkan verməməyə çağırdı. Bəyanatda bildirildi ki, Rusiya üçlü formatda keçirilən Brüssel görüşünü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün növbəti cəhdi kimi qiymətləndirir. Kreml onu da vurğuladı ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə dağıdıcı müdaxiləsi pis nəticələnə bilər.

Rusiyadan verilən sərt açıqlamalardan sonra isə erməni cəmiyyətinin narahatlığı artdı. Hələ də Moskvadan iqtisadi baxımdan asılı olduqlarının fərqinə varan ermənilər Kremlin tezliklə ölkələrinə sanksiyalar tətbiq edə biləcəyini gündəmə gətirdilər. Ermənistan mediasında ardıcıl yazılar yayıldı ki, bu barədə siqnallar artıq qeyri-rəsmi olaraq ölkənin ən mühüm iri biznes strukturlarına ötürülüb. Məhdudiyyətlərin siyahısı açıqlanmasa da, ehtimal edilir ki, Rusiyadan idxal ediləcək məhsullar əlavə vergiyə və digər inzibati tədbirlərə cəlb olunacaq. Üstəlik, erməni müxalifəti də bu məsələdə aktivləşib. Paşinyana zidd siyasət yürüdənlər iddia edirlər ki, yaxın günlərdə Yuxarı Lars keçid məntəqəsinin bağlanması, bəzi növ erməni məhsullarına Rusiya bazarlarında sanksiyalar qoyulması planı reallaşacaq. Gözləntilərə görə gedişat Paşinyan və komandasına yaxın olan şirkətlərə, iri müəssisələrə təsir edəcək. Bu və ya digər şəkildə ümumi vəziyyət çətinləşəcək, dolayısıyla da hamı baş verənlərdən ziyan çəkəcək.

Görüşlə bağlı yayılan xəbərlər, səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Ermənistanı çox ciddi və nəticələri fəlakətə gətirib çıxara biləcək ssenarilər gözləyir. Rəsmi İrəvan anlamalıdır ki, Qərbin ikili standartları dünyanın heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Ənənəvi olaraq bu dəfə də itirən yalnız Ermənistan olacaq. Paşinyan rəhbərliyinin davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə Qərbin maşası olmağa üstünlük verməsi onun öz sonunu gətirəcək. Sanksiyalara məruz qalan hökumətə yaxın oliqarxların belə baş nazirə qarşı çıxması istisna deyil.

Jalə QASIMZADƏ,

“Respublika”.