DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

VİKTOR ORBAN Aİ RƏHBƏRLİYİNİ SİYASİ ŞANTAJDA İTTİHAM EDİB

Macarıstanın baş naziri Viktor Orban Avropa İtiifaqı (Aİ) rəhbərliyini siyasi şantajda ittiham edib. Baş nazirin sözlərinə görə, Aİ-nin siyasi rəhbərliyi bütün əsas layihələri iflasa uğratdığı üçün istefaya getməlidir. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, Macarıstanın baş naziri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin rəsmi Budapeştin miqrasiya və antigender siyasəti ucbatından Aİ fondlarından pul almayacağını açıq şəkildə bəyan etməsinə məhz belə cavab verib.

Viktor Orban qeyd edib ki, hazırda Avropa İttifaqının yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi özlərinin seçdiyi əsas layihələri olan liderləri var və bunların hamısı uğursuzluğa düçar olub.

Macarıstanın baş nazirinin fikrincə, ittifaqa yeni liderlər lazımdır. Siyasətçi əlavə edib ki, Brüssel qanunun aliliyi və şərtlər mexanizmindən siyasi şantaj aləti kimi istifadə edir.

ABŞ-DAN İRANA QARŞI MÜDDƏTSİZ SANKSİYALAR

ABŞ Konqresinin Nümayəndələr Palatası prezidentə qeyri-müəyyən müddətə İran iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq etməyə imkan verən qanun layihəsini təsdiqləyib. “TASS” agentliyinin xəbərinə görə, qanun layihəsinin lehinə 407 qanunverici, əleyhinə isə 16-sı səs verib.

Bildirilir ki, 2023-cü ilin may ayında təklif edilən qanunvericilik 2026-cı ildə başa çatacaq və 1996-cı il İran Sanksiya Aktını daimi edəcək.

Məlumata əsasən, Konqres tərəfindən davamlı olaraq yenilənməli olan akt, ABŞ icra hakimiyyətinə nüvə silahı hazırlamaq səylərini dayandırmaq üçün xüsusilə İranın enerji sektoruna sanksiyalar tətbiq etməyə icazə verir.

Verilən xəbərə görə, zaman keçdikcə ABŞ prezidentinin səlahiyyətləri genişləndirilib və İran sənayesinin digər sahələrinə məhdudiyyətlər tətbiq etməyə imkan yaradıb. Konqresin qanunun müddətini əhəmiyyətli dərəcədə uzatmaq cəhdləri əvvəllər də irəli sürülüb, lakin qanunverici orqanın hər iki palatasından keçə bilməyib.

RUSİYANIN DONDURULMUŞ AKTİVLƏRİ İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDİLİB

Avropa Şurasının Parlament Assambleyası yekdilliklə Rusiyanın 300 milyard dollarlıq dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi barədə qətnamə qəbul edib. “Unian” informasiya agentliyinin məlumatına görə, sənəd həmçinin Ukraynadakı müharibəni dəstəkləyən rusiyalı iş adamlarının avroməkan ölkələrindəki bank hesablarına da şamil edilir.

Xəbər verilir ki, qətnamədə prosesin sürətləndirilməsi üçün Avropa İttifaqının başçılığı ilə beynəlxalq təzminat mexanizminin, habelə Rusiyaya məxsus aktivlərin toplanması üçün xüsusi fondun yaradılması, habelə sanksiyaları pozan ölkələrə qarşı müxtəlif tədbirlərin görülməsi də nəzərdə tutulur.

Qeyd edək ki, tətbiq edilən sanksiyalara baxmayaraq, il ərzində bir sıra iş adamları külli miqdarda gəlir əldə edib. Belə ki, bəzi ölkələrin məhdudiyyətləri pozması səbəbindən “Nornikel” şirkətinin sahibi Aleksey Mordaşov sərvətini 4,6 milyard dollar artırıb.

DÜNYA İQTİSADİYYATINI DAYANIQLI İNKİŞAF TEMPİ GÖZLƏYİR

Dünya iqtisadiyyatını növbəti bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatında deyilir.

Məlumata görə, BVF 2024-cü və 2025-ci illərdə qlobal ÜDM-in 3,2 faiz artacağını proqnozlaşdırır ki, bu rəqəm 2023-cü ilin göstəricilərinə yaxındır.

“Qlobal iqtisadiyyatın kifayət qədər sabit qaldığına inanırıq”, - deyə BVF-nin baş iqtisadçısı Pyer Olivye Qurinşa jurnalistlərə açıqlamasında bildirib. O, həmçinin bir çox ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmasını tənəzzülün bədbin proqnozlarına meydan oxuduğunu qeyd edib.

Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun hesabatında bildirilir ki, bir çox ölkələr pandemiyadan əvvəlki istehsal səviyyəsinə, əvvəllər proqnozlaşdırıldığından daha sürətlə qayıdırlar.

Açıqlamaya əsasən, hazırda inflyasiya səviyyəsi aşağı düşüb, lakin son aylarda mərkəzi bankların öz hədəflərinə geri qayıtması prosesi nisbətən yavaşlayıb.

İSRAİL İRANIN HÜCUMUNA NECƏ CAVAB VERƏCƏYİNİ MÜƏYYƏNLƏŞDİRİB

İsrail ordusu İranın son hücumlarına hansı cavab tədbirinin seçiləcəyi ilə bağlı qərar verib. Bu barədə “The Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən xəbər verib.

Bununla yanaşı, nəşr bildirib ki, İsrail hökuməti, eləcə də hərbi kabineti İrana və onun müttəfiqlərinə necə cavab verəcəyinə dair qərar qəbul edib, lakin bunun vaxtı hələ dəqiq məlum deyil. Həmçinin qeyd olunur ki, qisas forması ilə bağlı hazırkı qərar və vaxt da dəyişə bilər.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevinin aprelin 22-30-u arasında qeyd olunacaq bayram boyunca vətəndaşların normal həyatlarını təmin edəcəklərinə dair açıqlaması qisas vaxtının çox yaxında olmaması kimi şərh edilir.

Məqalədə həmçinin İsrailin cavab tədbirlərinin necə olacağı ilə bağlı təfərrüatlar yer almayıb. Bildirilir ki, İsrail ordusu aprelin 15-də qisasla bağlı Hərbi Nazirlər Kabinetinə bir çox variant təqdim edib. Bunların arasında raket və ya hava hücumundan çox İrana “miqyaslı hücum” deyilən kiberhücum variantı önə çıxır.

JOZEP BORREL Aİ-NİN BU SİYASƏTİNİ UĞURSUZ ADLANDIRIB

Avropa İttifaqının Ukrayna və Qəzza zolağındakı münaqişələrə kökündən fərqli reaksiyası Aİ-yə ərəb ölkələri, Afrika və qeyri-Qərb dünyasının digər regionları ilə münasibətlərində “baha başa gəlib”. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrel bəyan edib.

Baş diplomat Ukrayna məsələsində Avropanın Aİ ölkələri arasında birlik olduğu üçün qətiyyətlə hərəkət etdiyini bildirib. Eyni zamanda, o vurğulayıb ki, on minlərlə insanın həlak olduğu Qəzzadakı vəziyyətdə Aİ İsraillə yaxın münasibətlərə baxmayaraq, döyüşləri dayandıra və girovların azad edilməsinə şərait yarada bilməyib.

Jozep Borrel əmindir ki, Avropa İttifaqı gələcəkdə “dünyanın qalan hissəsinin Qərbə qarşı” möhkəmlənməsinin qarşısını almaq üçün hər şeyi etməlidir.

Xatırladaq ki, bir müddət öncə Josep Borrel etiraf etmişdi ki, Aİ Ukraynanı ukraynalılara məhəbbətinə görə deyil, öz maraqlarına və ABŞ-ın maraqlarına görə dəstəkləyir.

DONALD TRAMP SEÇKİÖNCƏSİ SORĞUDA COZEF BAYDENƏ UDUZUR

ABŞ prezidenti postu uğrunda növbəti dəfə mübarizə aparan sabiq dövlət başçısı Donald Tramp amerikalı seçicilərin dəstəyi baxımından ölkənin hazırkı prezidenti Cozef Baydenə uduzur. “Report” agentliyinin xəbərinə görə, bunu “Echelon Insights” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri göstərir.

Məlumata görə, seçicilərə “2024-cü ilin prezident seçkiləri bu gün keçirilsəydi, kimə səs verərdiniz?” sualı ünvanlanıb, namizədlər isə Demokratlar Partiyasından Cozef Bayden, Respublikaçılar Partiyasından Donald Tramp olub. Respondentlərin 49 faizi Baydeni, 46 faizi isə Trampı dəstəkləyəcəyini bildirib.

Açıqlamaya əsasən, tədqiqatın nəticələrinin statistik xətası 3,9 faiz bəndi təşkil edib və sorğu 12-14 aprel tarixlərində aparılıb. Sorğuda bu il ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 1,2 min nəfər iştirak edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.