DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ PUTİN MİLLİ VALYUTALARDA TİCARƏTİ GENİŞLƏNDİRMƏK İSTƏYİRLƏR

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı dövlət başçıları hər iki ölkə arasında milli valyutalarda ticarət sahələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək niyyətindədirlər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “RİA Novosti” öz mənbələrinə istinadən xəbər verib.

Agentliyin adı açıqlanmayan həmsöhbətinin sözlərinə görə, milli valyutalarda ticarət məsələsi iki ölkənin iqtisadi gündəliyinin bəndlərindən biridir.

“Şübhəsiz ki, valyutalarımızda ticarət sahələrinin genişləndirilməsi üzrə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq”, - deyə mənbə bildirilib.

Eyni zamanda, qeyd olunur ki, Rusiya lideri Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli danışıqlar zamanı tərəflər taxılın Qara dəniz vasitəsilə dünya bazarlarına tədarükünün yeni üsulunu müzakirə edəcəklər.

ABŞ İRANA BİRBAŞA HÜCUM ETMƏYİ NƏZƏRDƏN KEÇİRMİR

Rəsmi Vaşinqton Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlara cavab olaraq İrana birbaşa hücum etməyi planlaşdırmır. Bu barədə “Politico” qəzeti amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Bildirilir ki, İrana birbaşa zərbə Vaşinqton tərəfindən planlaşdırılan hər hansı cavab addımının tərkib hissəsi deyil. Qəzet həmçinin ABŞ prezidenti Cozef Baydenin köməkçilərinin İrana zərbə endirmək variantlarını təklif edib-etmədiyini də bilmir.

ABŞ administrasiyasının nümayəndələri Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın fevralın 4-də “CNN” telekanalında səsləndirdiyi fikirlərə də münasibət bildiriblər. Onlar hesab edirlər ki, Sallivan İrana birbaşa hücumun real ehtimalına işarə etməyə çalışmırdı.

Qeyd edək ki, Ceyk Sallivan Vaşinqton İordaniyada ABŞ qüvvələrinə qarşı hücuma cavab olaraq İrana mümkün zərbə endirə bilərmi sualını nə təkzib, nə də təsdiq etmişdi.

UKRAYNAYA 50 MİLYARD AVROLUQ İLK YARDIMIN VERİLƏCƏYİ TARİX AÇIQLANIB

Avropa İttifaqının Ukraynaya 50 milyard avro dəyərində ilk tranşı mart ayında bu ölkəyə göndəriləcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sosial şəbəkə hesabında qeyd edib.

“Avropa sözünün üzərində dayanır. Biz ödənişlərə mart ayında başlamağı planlaşdırırıq”, - deyə xanım siyasətçi qeyd edib.

Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən Ukrayna mexanizmi ilə bağlı 50 milyard avroluq büdcə barədə siyasi razılığın əldə edilməsini “irəliyə doğru böyük bir addım” kimi xarakterizə edən Ursula fon der Lyayen Avropanın öz sözünün üzərində durduğunu bildirib.

Ursula fon der Lyayen vurğulayıb ki, Aİ cəsur tərəfdaşına və gələcək üzvünə bundan sonra da lazımi maliyyə dəstəyi verəcək.

Qeyd edək ki, fevralın əvvəlində Aİ-nin sammitində Ukraynaya büdcə yardımının uzunmüddətli proqramı təsdiq edilib.

BRAZİLİYADA EPİDEMİYA SƏBƏBİNDƏN FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLİb

Braziliyada Rio-de-Janeyro şəhərində dünyaca məşhur karnavalın başlamasına bir neçə gün qalmış denge qızdırması epidemiyasına görə fövqəladə vəziyyət elan edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə şəhərin meri Eduardo Paes sərəncam imzalayıb.

Məlumata əsasən, şəhərdə qızdırma ilə mübarizə planı tətbiq edilib. Həmçinin xəstəliyin yayılması ilə mübarizə üçün operativ mərkəz yaradılıb. Denge xəstəliyinə yoluxmaqda şübhəli bilinən insanlar üçün 10 təcili qəbul mərkəzi açılacaq.

Xəbər verilir ki, epidemioloji vəziyyətin ən ağır olduğu ərazilərdə xəstəliyin əsas daşıyıcısı olan ağcaqanadlara qarşı ciddi mübarizə aparılır. Meriyanın açıqlamasına görə, yağış sularının toplana biləcəyi, ağcaqanadların yayılmasına şərait yaradan tərk edilmiş və boş mülklərə xüsusi diqqət yetiriləcək.

BELARUS HƏRBÇİLƏRİ MÜLKİ VƏTƏNDAŞLARA QARŞI SİLAH TƏTBİQ EDƏ BİLƏCƏK

Belarus hərbçilərinə zəruri hallarda mülki vətəndaşlara qarşı silah tətbiq etmək hüququ verilib. “Teleqraf.com”un xəbərinə görə, dövlət başçısı Aleksandr Lukaşenko ölkənin silahlı qüvvələrinin daxili xidmət nizamnaməsinə müvafiq dəyişikliklər edib.

Məlumata əsasən, sənədin yeni redaktəsində bildirilir ki, hərbi qulluqçular mövcud vəziyyət, cinayətin xarakteri, inzibati xəta və cinayət törətmiş şəxsin şəxsiyyəti nəzərə alınmaqla öz tapşırıqlarını yerinə yetirərkən silahdan istifadə etmək hüququna malikdirlər. Bütün bunlardan əvvəl silahdan istifadə niyyəti barədə aydın və aşkar xəbərdarlıq edilməlidir.

Gecikmənin hərbi qulluqçular və ya digər vətəndaşların həyatları üçün təhlükə yaratdığı və ya digər ağır nəticələrə səbəb ola biləcəyi hallar istisna olmaqla, qanun pozucusundan qeyd olunan tələblərin yerinə yetirilməsi üçün kifayət qədər vaxt da tələb olunur.

Eyni zamanda, hərbi qulluqçular ümumi hərbi nizamnamələrin tələblərinə uyğun hərəkət etdikdə dəymiş ziyana görə məsuliyyət daşımayacaqlar.

DONALD TRAMP BİZNES İMPERİYASINI GENİŞLƏNDİRİB

ABŞ prezidenti olduğu ilk müddətdə Donald Trampın potensial maraq toqquşmalarına görə xarici şirkətləri və işgüzar əlaqələri daimi olaraq yoxlanılırdı. Bununla belə, son dörd il ərzində o, Cənubi Amerika, Avropa, Asiya və Yaxın Şərq daxil olmaqla müxtəlif ölkələrdə yeni sövdələşmələrlə öz biznes imperiyasını genişləndirə bilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, 2020-ci ilə qədər “Trump Organization”un 52 aktivi mövcud idi. Təşkilat Tramp prezident olduğu müddətdə İsrail, Səudiyyə Ərəbistanı və Filippindəki layihələrə qoşulmamaq qərarına gəlib. Lakin o, Ağ Evdən ayrıldıqdan sonra şirkətlər xaricdə genişlənməni bərpa ediblər və hazırda səkkizi yeni layihələr olmaqla 49 aktivi idarə edirlər.

Eyni zamanda, nəşrin məlumatına görə, eks-prezidentin biznes imperiyasına ən azı 17 yaşayış layihəsi, 12 qolf meydançası və 12 hotel və ya kurort zonası daxildir. Qəzet həmçinin “Trump Organization” ilə “Dar Al Arkan” şirkəti arasında Omandakı qolf kurortunu brendləşdirmək və idarə etmək üçün 1,6 milyard dollarlıq müqaviləni də misal çəkib.

Məlumat üçün qeyd edək ki, “Forbes”in qiymətləndirməsinə görə, Trampın xalis sərvəti hazırda 2,6 milyard dollardır.

AVROPADA FERMER ÜSYANINDA NÖVBƏ YUNANISTANA ÇATDI

Fransa, Almaniya, İtaliya və İspaniyadakı femer etirazlarından sonra sıra Yunanıstana çatıb. Yunan fermerlər təbii fəlakətlər nəticəsində zeytun ağaclarının məhvinə görə təzminat almaq, kənd təsərrüfatı üçün aşağı elektrik enerjisi tarifləri əldə etmək və yanacağı daha ucuz almaq üçün gələn həftə traktorlarla paytaxt Afinaya getməyə qərar veriblər. Bu barədə “TASS” agentliyi Yunanıstan mətbuatına istinadən xəbər verib.

Bildirilir ki, yolları bağlamaq və paytaxta traktorlarla gedib orada mitinq keçirmək qərarı Nikea şəhərində baş tutan ümumyunan fermerlər toplantısında qəbul edilib.

Fermerlər çərşənbə günündən etibarən etirazlarını gücləndirmək və bir çox yerlərdə milli və regional yolları bağlamaq qərarına gəliblər. Hökumətin mövcud problemlərin müzakirəsinə başlaması və gələcək tədbirləri müəyyən etməsi üçün altı əsas tələbdən ibarət siyahı tərtib olunub.

Fermerlər kənd təsərrüfatı texnikası üçün vergisiz yanacaq, aşağı elektrik enerjisi tarifləri, subsidiyalar, hökumətin Aİ-nin yeni kənd təsərrüfatı siyasətini həyata keçirməkdən və onunla bağlı danışıqlar aparmaqdan imtina etməsini, təbii fəlakətlər nəticəsində itirilmiş gəlirlərin 100 faiz kompensasiyasını tələb edirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.