Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
Mədəniyyət

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılış mərasimində iştirak edən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Salem bin Xalid əl-Qassimi ilə görüşüb.

Nazirlikdən "Respublika"ya bildirilib ki, görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, birgə mədəni layihələrin təqdim olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, görüşdə “Bakı Prosesi” çərçivəsində bu il mayın 1-dən 3-dək ölkəmizdə təşkil ediləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.