Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Şəms Təbrizi

Görkəmli Azərbaycan filosofu, mütəfəkkiri, sufi yolunun yolçusu Şəms Təbrizi... Şərqin "məna dənizi" adlandırılan bu dahi şəxsiyyətin həyatı sirlərlə, müəmmalarla dolu olub. Ta uşaqlıq illərindən həyatının sonuna qədər taleyin qəribəlikləri, sirli dərvişanə həyat tərzi, Mövlanə Cəlaləddin Rumi ilə tarixi görüşü, ona qarşı olan sui-qəsdlər və bu kimi digər hadisələr Şəmsi hər zaman onu tanımaq istəyənlərin maraq dairəsində saxlayıb. Dahi mütəfəkkirin fərqli həyat tərzi ilə bərabər, şəxsi həyatı ilə də bağlı məlumatlar kifayət qədər olmayıb. Onun həyatının ən qaranlıq və mübahisəli məqamlarından biri isə şübhəsiz ki, ölümü ilə bağlıdı...

Təbrizdə dünyaya göz açan Şəmsəddin Muhəmməd Əli oğlu hələ uşaqlıq illərindən valideynlərini və ətrafdakı insanları öz qəribə davranışları ilə təəccübləndirərdi. "Dinin günəşi" anlamına gələn Şəmsəddin adının ona kimin verdiyi məlum deyil. Hələ gənc yaşlarından daim özünü axtaran və axtarışda olan Şəms dərvişliyi seçərək təbrizli mürşid olan Əbu Bəkr Sələbaf Təbrizinin müridliyinə qədəm qoyur. Şəms qeyri-adi zahiri gözəlliyi və mənəvi təmizliyi ilə də daim seçilib. Cənubi Azərbaycan alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır: "Şəmsəddin Təbrizi ruh qədər incə idi. Dinin və həqiqətin günəşi sanılırdı".

Deyilənlərə görə, Şəms hər zaman "Allahım! Gizli dostlarından birini mənə göstər!" deyə dualar edərmiş. Nəhayət, bir gün qeybdən belə bir səs gəlir: "Madam ki, israr edirsən, o halda bunun şükrü olaraq əvəzində bizə nə verəcəksən?". Şəms elə o an "başımı" deyə cavab verir... Ona aradığı şəxsin Anadoluda Mövlana Cəlaləddin Rumi olduğu söylənilir. Uzun illər keçdikdən sonra nəhayət ki, o Mövlana Cəlaləddin Rumini tapır, sanki bir-birini anlayan iki İlahi aşiq və iki məna dənizi bir-birinə qovuşur. Müasirləri onların bu görüşünü "Mərəcəl-Bəhreyn" də (iki dənizin qovuşması) adlandırıblar.

Böyük türk alimi Abdulbağı Kölpınarlı yazıb: "Şəms gəlməsəydi, Mövlana Mövlana olmayacaq, adi şeyxlərdən bir şeyx, saysız sufilərdən bir sufi olacaqdı. Fəqət bu da mühəqqəq ki, Şəmsin də nə adı duyulacaqdı, nə də şanı. Mövlana zatən bu coşğunluğa hazır idi. O silinmiş, arınmış, zeytun yağı qonmuş, fitili yonulub düzəldilmiş bir şam (qəndil) idi. Bu qəndilin yanması üçün bir atəş, bir qığılcım lazım idi. Elə Şəms o vəzifəni gördü. Fəqət, o qəndil yanınca Şəms də ona pərvanə kəsildi, canını verib onun işığına qarışdı. Şəms Mövlanaya bir ayna idi."

Filosofun həyatının ən qaranlıq məqamı onun ölümü ilə bağlıdır. Şəmsin gözlənilmədən yoxa çıxması çox hüznlü və qəribə şəkildə cərəyan edir. Bir gecə o Mövlana ilə otaqda oturarkən biri Şəmsi bayıra çağırır. Şəms vəziyyətin nə yerdə olduğunu anlayaraq qətlə yetirilmək üçün bayıra çağırıldığını anlayıb evdən çıxır. Sonra bayırdan möhkəm bir "Allah" sədası eşidilir. Mövlana bunu eşidib qapıya qaçır. Qapını açdıqda isə orada heç kəsi görmür. Yalnız bir neçə damla qan ləkəsi görünür yerdə. Heç Şəmsin cəsədi də orda gözə dəymir. Ondan sonra bir də Şəmsin izi tapılmır heç yerdə...

Mövlana bu hadisədən çox sarsılır. O, Şəmsi çox axtarır, onu tapmaq üçün iki dəfə Şam şəhərinə gedir. Amma Şəmsi gördüm deyən olmur ki, olmur... Məzarı da özü kimi sirr olaraq könüllərdə qalan filosof sanki taleyindən xəbərdarmış kimi sağlığında belə demişdi: "bizim məzarımızı könüllərinizdə axtarın"...

Şəmsin qeyb olmasından bir neçə il sonra Mövlanadan soruşurlar: "Sən Şəms gəlməzdən əvvəl heç kəsin şübhə etmədiyi bir müəllim idin, bəs Şəms gələndən sonra ondan nə öyrəndin?" Mövlananın isə cavabı belə olur: "Mən Şəmsə rast gəlməzdən əvvəl üşüdüyüm zaman isinirdim, lakin Şəmsdən sonra artıq isinə bilmirəm, çünki Şəms mənə bir şey öyrətdi: "Yer üzündə bir insan belə, üşüyürsə, isinmə haqqına sahib deyilsən"...

 

Əcəmi Naxçıvani

Atabəylər dövlətinin baş memarı Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani... Ömrünü, ağlını, zəkasını xalqına, millətinə həsr etmiş dahi şəxsiyyət... Tarix öz qoynunda Əcəminin həyatı haqqında, onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsəri Möminə Xatun türbəsi üzərində belə yazmışdır: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik bu bizdən xatirə qalar. İlahi, bədnəzərdən uzaq elə". Bəli, o ölməz sənət abidəsi bu gün də yaşayır...

Əcəminin fəaliyyəti XII əsrdə Azərbaycanın qüdrətli Atabəylər dövlətinin dövrünə təsadüf edir. Onun yaradıcılığı Naxçıvanla bağlı olmuşdur. Başqa memarlara bənzəmirdi, heç kimi yamsılamır, özünəməxsus yeni ülgülər, naxışlar tapırdı. Gülləri, çiçəkləri daş üzərinə elə köçürürdü ki, sanki daş gül-çiçək açmışdı. İnsanlar onun qabiliyyətinə valeh olurdular. Məşhur Avropa səyyahları, alimləri belə, onun tikdiyi binalara heyranlıqlarını gizlətmirdilər. O, memarlıqda yeni bir yol açmışdı. Hansı ki, memarlıq və ya başqa sənətlərdə bu cür yeni açılan yola məktəb deyilir...

Memarın təxəyyülündən və barmaqlarının qabarından süzülərək bizə qədər gəlib çatmış əsərləri Yusif ibn Küseyir və Möminə Xatun türbələri onun öz dövrünün əvəzolunmaz sənətkarlarından biri olmasının əyani sübutudur. Yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsi Naxçıvan şəhərinin mərkəzində yerləşir və el arasında "Atababa günbəzi" adı ilə tanınır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan Möminə Xatun türbəsi isə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə Xatunun şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Möminə Xatun türbəsi monumental abidədir. Rəvayətə görə, memardan bu abidənin nə zamana qədər bitirəcəyini soruşanda uzun müddət desə də bu müddətin on il olmasına qərar verilmişdir. Məhz buna görə də abidə "əsrin onda biri" kimi də yaddaşlara həkk olunmuşdur.

Əcəminin həyatı haqqında təəssüf ki, cox az məlumat var. O, ailə qursa da övladı olmamışdır. O, insan həyatının keçici olduğunu və yalnız əməllərinin dünyada qalacağının qənaətində olmuşdur. Bəlkə də elə buna görə Möminə Xatun abidəsinin kitabəsində - "Biz gedirik ancaq qalır ruzigar, biz ölürük əsər qalır yadigar" cümləsini həkk etmişdir. Beləliklə, insan övladının fani dünyada yalnız qurub yaratmaqla ad qoyub, əsrlər boyu yaşamaq şansının olduğunu sübut etmişdir...

 

Ejen Delakrua

"Hər dəfə mən nəhəng divarla üz-üzə qalarkən, mənim fırçamın ona toxunacağını gözləyərkən ürəyim sürətlə döyünməyə başlayır". Belə deyərdi fransız rəngkarlığında inqilabi romantizmin görkəmli nümayəndəsi Ejen Delakrua...

Məşhur rəssam Sen-Morisdə anadan olub. Rəsmi olaraq Şarl Delakrua onun atası sayılsa da gəzən şayiələrə görə o, bir zamanlar Vyana konqresində Fransa nümayəndə heyətinin başçısı olmuş xarici işlər naziri Şarl Taleyranın nikahdan kənar oğludur. Uşaqlıq yaşlarında incəsənətə böyük marağı onun gələcəkdə sənət adamı olacağından xəbər verirdi. O, hələ erkən yaşlarda Aleksandr Düma ilə dost olmuş və hətta məşhur yazıçı öz yazılarında Ejen Delakrua yaradıcılığını yüksək qiymətləndirmişdi. Aleksandr Düma onu belə xatırlayır: "Üç yaşında Ejen asılmış, yanmış, batmış və zəhərlənmişdir". Əlavə etmək lazımdır ki, təsadüfən at yedirtmək üçün istifadə olunan arpa kisəsini boynuna dolayaraq az qalsın ki, özünü "boğmuşdur"; çarpayısı üzərindəki milçəkdən qorunmaq üçün istifadə olunan tor alovlanaraq "yanmış"; Bordoda çimərkən "boğulmuş", rəng içərək "zəhərlənmişdir".

Delakrua hələ gənc ikən valideynlərini itirdikdən sonra bacısının yanına gedib. Lakin bacısının pisləşən maddi durumu Ejeni oz taleyini özünün düşünməsinə vadar edib. O, Pyer Narsis Gerenin emalatxanasında işləməyə başlayıb. Sonralar Delakrua Gerenin dərs dediyi incəsənət məktəbində şagird olub və burada rəssamlığın sirlərinə yiyələnib. Lakin onun üçün əsl ali məktəb Luvr və rəssam Teador Jeriko ilə tanışlıq olub.

Uşaqları sevməyən rəssam həyatı boyu heç vaxt evlənməyib. O uşaqları yaradıcılığına maneə kimi görüb. Ancaq ömrünün sonuna kimi Jülyetta de Lavalett adlı xanımı dəlicəsinə sevib. Lakin qarşılıqsız sevgi yaşayan Delakrua onunla yalnız dost olaraq qalıb. Rəssam uzun sürən xəstəlikdən sonra 65 yaşında boğaz infeksiyasından vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".