Bir ağacın budaqları
Siyasət

Bir ağacın budaqları

Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bu ölkələrlə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Eyni kökə, mədəniyyətə və ənənələrə malik olmaq, xalqlarımızın dil və din yaxınlığı onları birləşdirir.

Qədim bağlara mənsub olduğumuz ölkələrdən biri də Qırğızıstandır. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Bu gün qardaş ölkədə minlərlə azərbaycanlı yaşayır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes, tibb, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Soydaşlarımız əsasən Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, azərbaycanlılar dil və adətlərini qoruyub saxlayır, nəsildən-nəsilə ötürürlər. Hər iki xalqın folklorunda və yazılı ədəbiyyatında hətta eyni personajlara belə rast gəlmək mümkündür.

Azərbaycan və Qırğızıstan müxtəlif dönəmlərdə müəyyən səbəblərdən bir-birindən uzaq düşsələr də, bu gün çox sürətlə yaxınlaşmaları məhz heç vaxt mahiyyətini dəyişməyəcək və əhəmiyyətini itirməyəcək tarixi səbəblərlə bağlıdır. İlk diplomatik əlaqələr 1993-cü ilin yanvar ayında qurulub. Bundan 3 il sonra Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Müstəqilliyin ilk vaxtlarında əlaqələr Mərkəzi Asiyanın digər Türk dövlətləri ilə olduğu kimi, əsasən beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qarşılıqlı etimadın güclənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmləndirmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb. Bundan sonra ulu öndər 1995-ci ilin avqustunda Türkdilli ölkələrin dövlət başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstanda səfərdə olub. İki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə aparılan danışıqlardan da geniş bəhs edilib. Sonrakı illərdə ulu öndər Heydər Əliyevlə Qırğızıstanın yüksək səviyyəli rəsmiləri arasında daha bir neçə görüş baş tutub. Beləliklə də ikitərəfli əlaqələrdə intensivlik artıb.

Mehriban münasibətlərin mövcudluğu xalqları bir-birinə daha sıx bağlayır. Hər il minlərlə qırğız vətəndaşı ölkəmizin qədim, müasir, heyrətamiz guşələrini seyr etmək üçün Odlar yurduna səfər edir. Universitetlərimiz arasında mübadilə proqramları həyata keçirilir. İki ölkənin qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinin, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti olduqca yüksəkdir. Sevindirici haldır ki, hazırda Azərbaycanda və Qırğızıstanda yaxınlaşmağa, əlaqələrin daha yüksək səviyyəyə qalxmasına böyük istək var. Bunda iki ölkə prezidentinin qarşılıqlı səyləri mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev dəfələrlə Qırğızıstana səfər edib. Bu səfərlər zamanı keçirilən görüşlər əlaqələrin inkişafına töhfələr verib. "Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb". Bu sözləri Prezident İlham Əliyev 2022-ci ilin aprelində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində keçirilən görüşdə deyib. Bu zaman Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərin qurulmasında ulu öndərin rolunu yüksək dəyərləndirərək varisliyi qoruyub saxladığına və daha da inkişaf etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb: "Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı".

Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Birgə İnvestisiya Fondunun yaradılmasının iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcəyi gözlənilir. Bu fond Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, sənayenin müasirləşdirilməsi və inkişafı, ikitərəfli münasibətlərin səmərəliliyi və genişləndirilməsi məqsədilə yaradılıb. Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Maliyyələşdirmə tamamilə Azərbaycan tərəfindən həyata keçirilir. 2023-cü il ərzində layihələrin həyata keçirilməsi üçün vəsait Qırğızıstan Milli Bankının hesablarına köçürülüb. Fond bu ildən Qırğızıstanda layihələri maliyyələşdirməyə başlayacaq.

Bundan başqa, "Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum"unun imzalanması ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə töhfə verəcək. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Aprelin 24-26-da Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri gözlənilir. Dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması, Dövlətlərarası Şuranın iclasının keçirilməsi nəzərdə tutulub. Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsindən bildirilib ki, Sadır Japarov Qırğızıstan tərəfindən inşa ediləcək Ağdamın Xıdırlı kəndindəki orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək. İki günlük səfər qardaşlıq əlaqəsinin daha da inkişaf etməsi üçün faydalı olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".