“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib
Elm və təhsil

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

ADA Universitetində Gənclər Fondunun, ADA Universitetinin və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum çərçivəsində xarici ekspertlərin gənclərlə görüşü keçirilib.

"Respublika" universitetdən verilən məlumata əsasən xəbər verir ki, görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov iştirak ediblər.

Tədbiri açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün toplaşma olmayacaq. Bu tədbir həm də sözügedən sahədəki məsələlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq.

Otuz ölkədən 64 ekspertin iştirakı ilə baş tutan interaktiv müzakirədə aktual ekoloji problemlərin həlli yönündə dayanıqlı metodların işlənib-hazırlanmasında Azərbaycanın digər ölkələr və qlobal təşkilatlar ilə əməkdaşlıqda malik olduğu böyük imkanlar vurğulanıb. Qeyd edilib ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinin hədəflənməsində və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin dəstəklənməsində ölkənin fəal rolunun göstəricisidir. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və Paris Sazişinin iştirakçısı olması onun iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir.