Azərbaycan Premyer Liqasında cari mövsümün azarkeş rekordu qeydə alınıb
İdman

Azərbaycan Premyer Liqasında cari mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turu iki rekordla əlamətdar olub.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, üç gün ərzində keçirilən 5 oyunda ümumilikdə 10 950 tamaşaçı qeydə alınıb.

Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici 8 700 azarkeşin izlədiyi IV tura təsadüf edib.

Yeni rekorda son oyun günündə keçirilən matçlar səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4 500, “Turan Tovuz” – “Qəbələ” matçını 4 000 izləyici seyr edib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1 500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) qarşılaşmalarında ümumilikdə 2 450 tamaşaçı qeydə alınıb

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4 500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionunda keçirilmiş qarşılaşmasında 4 300 seyrçi olub.

Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42 381 tamaşaçı izləyib. Orta göstərici 1 461-ə bərabərdir.